Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, Jalə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları layihəsi çərçivəsində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsilini davam etdirir. O, 2022–2023-cü illərdə ADA Universitetinin “Bir müəllimin Manifesti” Peşəkar İnkişaf Proqramında iştirak edib.
Əmək fəaliyyətinə 2021-ci ildən Laçın rayon Vəliuşaqlı kənd tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi başlayıb. 2023–2024-cü illərdə Bərdə STEAM Mərkəzində Bərdə rayonu üzrə koordinator vəzifəsində çalışıb.
Kəmalə Əliyeva Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə bakalavr, ADA Universitetində “Təlimin və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə magistratura təhsilini başa vurub.
1995–2011-ci illərdə Salyan şəhər Y. Qafarov adına 8 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb. 2012–2026-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində müəllim, Əyani şöbə müdiri, daha sonra isə Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Peşəkar fəaliyyəti ərzində müxtəlif yerli və beynəlxalq təlim proqramlarında və konfranslarda iştirak edib. Həmçinin, orta ixtisas təhsili sahəsi üzrə bir sıra tədqiqat işlərinin müəllifidir.