Azedu.az

"Bir an belə düşünmədən bura işləməyə gəldim" - Ağdama qayıdan müəllim

Müsahibə və reportajlar

20 Noyabr 2026, 11:35
"Bir an belə düşünmədən bura işləməyə gəldim" - Ağdama qayıdan müəllim

Bu gün- 20 noyabr Ağdam Şəhəri Günüdür. 30 ilə yaxın doğma yurd həsrəti ilə yaşayan, uşaqlıq xatirələrini Ağdamda qoyub gedən sakinlər üçün bu tarix həm qürur, həm də kövrək duyğularla yadda qalıb. 12 yaşında Ağdamdan ayrılan İlahə Nəcəfova illər sonra doğma şəhərinə qayıdaraq burada Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Onun üçün Ağdama dönüş yalnız bir şəhərə qayıtmaq deyil, həm də yarımçıq qalan uşaqlıq arzularına qovuşmaq və doğma torpağın dirçəlişinə öz töhfəsini verməkdir.

Bir vaxtlar Ağdamın küçələrində qonşu uşaqlarla oynayan, bayramlarda tonqalların ətrafına toplaşan balaca qız indi öz şagirdlərinə doğma şəhərinin tarixindən, işğaldan əvvəlki həyatından, itirilmiş torpaqlarımızın həsrətindən və Zəfərdən danışır. Onun üçün Ağdama qayıtmaq təkcə illərlə gözlənilən arzunun gerçəkləşməsi deyil, həm də doğma şəhərin yenidən dirçəlməsində iştirak  imkanıdır.

İlahə müəllim 1981-ci ildə anadan olub. İlk olaraq Ağdam şəhər 7 nömrəli məktəbində rus bölməsi üzrə təhsil alsa da, tədrisini daha sonra 6 nömrəli məktəbin Azərbaycan bölməsində davam etdirib.

Ağdam işğal olunanda onun 12 yaşı var idi... Doğma şəhərindən ayrıldıqdan sonra ailəsi ilə birlikdə müxtəlif yerlərdə yaşamaq məcburiyyətində qalıb; bir müddət Bərdədə, daha sonra Bakı şəhərindəki 53 nömrəli məktəbdə təhsilini davam etdirib. Ağdam 33 nömrəli tam orta məktəb Bakıda fəaliyyətə başladıqdan sonra ora keçərək orta təhsilini məhz ona doğma olan bu məkanda başa vurub.  

1998-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub. Universiteti bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayıb. İlk olaraq, Binəqədi rayonundakı 126 nömrəli tam orta məktəbdə çalışıb. Daha sonra 313 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. Ağdam şəhər 1 nömrəli tam orta məktəb fəaliyyətə başlayana qədər həmin təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb.

Ağdamda fəaliyyət göstərən 1 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Nəcəfova AzEdu.az-a müsahibəsində uşaqlıq xatirələrini, işğal xəbərini aldığı günü, doğma şəhərinə qayıdarkən keçirdiyi hissləri və Ağdamın təhsil gələcəyi ilə bağlı hədəflərini bölüşüb.

Müsahibəni təqdim edirik:

-Ağdamdan ayrılarkən cəmi 12 yaşınız olub. Buna baxmayaraq, danışığınızdan hiss olunur ki, doğma şəhəriniz, orada keçən  uşaqlıq illərinizlə bağlı xatirələriniz  bugün  çox canlıdır. İşğaldan əvvəlki Ağdamı xatırlayanda ilk növbədə hansı mənzərələr gözünüzün önünə gəlir?

-Ağdamla bağlı çox gözəl xatirələrim var. Xatırladıqca kövrəldiyim, burnumun ucu göynəyən günlərdir. İşğal dövründə həmişə arzulayırdım ki, kaş bir gün evimizə qayıdım, qoxusunu yenidən duyum. Bu, uşaqlığımın da, gəncliyimin də ən böyük arzusu idi.

Yaşım az olsa da, Ağdamla bağlı xatirələrim həddindən artıq çoxdur. Bəlkə də doğma şəhərimə çox bağlı olduğum üçün hər küçə, hər məkan yaddaşımda qalıb. Yaşadığımız yer, qonşu uşaqlarla oynamağımız, bayramlarda tonqalların ətrafına toplaşmağımız – bunların hamısı bu gün də gözümün önündədir.

Biz o vaxt bina evində yaşayırdıq. Uşaq olsaq da, binamızın həyətini təmiz saxlamağa çalışırdıq. Həyətimizdə tez-tez məclislər təşkil edirdik. Özümüzdən yaşca kiçiklərə də qayğı göstərirdik. Maraqlı bir təsadüf də var: həmin vaxt qonşumuzun azyaşlı uşaqlarını gəzdirməyə çalışırdıq. Bu gün onlardan biri ilə burada həmkar, müəllim yoldaşıyıq. Bu, mənim üçün sözlə ifadə olunmayacaq qədər gözəl hissdir.

Məktəb illərimiz də çox gözəl keçib. Şagirdlərimə tez-tez Ağdamdakı məktəb həyatımızdan danışıram. Məktəbimizin şəraitini, fənn kabinetlərini, yeməkxanamızı xatırladıram. Bu xatirələri danışarkən dəfələrlə kövrəlirəm. Ağdamla bağlı yaddaşımda bir dənə də olsun mənfi xatirə yoxdur. Bəlkə də pis olanları unutmaq, gözəl günləri isə qoruyub saxlamaq istəmişəm. Ən ağır xatirəmiz isə doğma şəhərimizi məcburən tərk etməyimizdir.

-Bəs həmin ayrılıq günlərini necə xatırlayırsınız? 12 yaşlı bir uşağın doğma şəhərindən ayrılması, ailəsindən uzaqda yaşaması və sonradan Ağdamın işğalı xəbərini eşitməsi yəqin ki, yaddaşınızda silinməz izlər buraxıb...

-Xocalı faciəsindən sonra Ağdama da atəş açılmağa başlanmışdı. Məktəblər bağlanmışdı. Ailəmizin əsas prinsipi bu idi ki, harada olmağımızdan asılı olmayaraq, təhsilimiz davam etməlidir. Buna görə də qardaşımla birlikdə bizi Bərdədə yaşayan nənəmgilə göndərdilər.

Orada təhsil alırdıq, amma hər fürsətdə – şənbə-bazar günləri, tətillərdə Ağdama qayıdırdıq. Sonradan atəşlər intensivləşəndə valideynlərimiz artıq bizim Ağdama gəlməyimizə icazə vermədilər. Atam və anam işlədikləri üçün özləri şəhərdə qalırdılar.

Atamın Ağdamın işğal olunduğu xəbərini bizə çatdırdığı anı heç vaxt unuda bilmirəm. O, bu xəbəri bizə ağlaya-ağlaya dedi. O da  ağlayırdı, anam da... Bütün qohum-əqrəbamız bu xəbəri göz yaşları ilə qarşıladı. Biz heç təsəvvür edə bilməzdik ki, bir daha Ağdamı görə bilməyəcəyik. Bunun baş verəcəyinə inanmaq çox çətin idi.Amma bu günümüzə çox şükür. Artıq yenidən Ağdamdayıq. Atam da bura gəlib-gedir. Hələlik evimiz olmadığı üçün qonaq kimi gəlir. O da şəhəri gəzir, köhnə xatirələrini yada salır. Onun üçün də bu, çox ağır və eyni zamanda doğma hisslərlə dolu bir qayıdışdır. Çünki burada evimiz, xatirələrimiz, bütöv bir ömrümüz qalıb.

-Ağdamın işğaldan azad olunduğu xəbərini aldığınız günü də xatırlamağınızı istərdik. Həmin vaxt harada idiniz, ilk sevincinizi kiminlə bölüşdünüz? İllərlə gözlədiyiniz xəbər gələndə hansı hissləri keçirdiniz?

-Həmin gün evdə idik. O vaxt komendant saatı tətbiq olunurdu, eyni zamanda koronavirus pandemiyası dövrü idi. Hamımız televizorun qarşısında oturmuşduq. Cənab Prezidentin çıxışlarını hər gün səbirsizliklə gözləyirdik. Hansı ərazinin nə zaman işğaldan azad olunacağını öyrənmək istəyirdik.Müharibə başa çatdıqdan sonra Ağdamın noyabrın 20-də Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılacağı barədə bəyanat yayıldı. Bu xəbəri eşidəndə sevincimizin həddi-hüdudu yox idi.

O vaxt işlədiyim 313 nömrəli məktəbin pedaqoji kollektivinin qrupunda ilk olaraq məni dərs hissə müdiri Lamiyə müəllimə təbrik etdi. Onların da əsli Kəlbəcərdən idi. Təsəvvür edin, o, mənə zəng edib ağlaya-ağlaya gözaydınlığı verdi.Mənim isə ilk zəng etdiyim insan atam oldu. Ona zəng edib gözaydınlığı verdim. Bir-birimizi təbrik etdik, ağladıq, sevindik. Bütün hisslər bir-birinə qarışmışdı.

Həmin gün evdə hamımızın dilində eyni fikir var idi: Ağdama gedirik! Bir an belə tərəddüd etmədik. Düzdür, Bakıda müəyyən həyat qurmuşduq, işimiz, yaşayışımız var idi. Amma bir dəfə də olsun düşünmədik ki, qayıdaq, yoxsa qayıtmayaq. Çünki bu günü illərlə gözləmişdik.Mən uşaqlığımın böyük hissəsini Ağdamda keçirmişdim. Gənclik və məktəb illərimin bir hissəsi Bakıda keçsə də, xəbər gələn kimi qanad açıb doğma torpağıma qayıtdım.

-İllərlə xəyalınızda yaşatdığınız Ağdama qayıdanda uşaqlıq yaddaşınızdakı şəhərlə qarşınızda gördüyünüz mənzərə arasında hansı fərqlə qarşılaşdınız?

-Xəyallarımda, yaddaşımda yaşatdığım Ağdamı görə bilmədiyim üçün çox sarsıldım. Uşaqlıqdan evimizi yenidən görmək arzusu ilə yaşamışdım. Amma qayıdanda evimizin daşını belə tapa bilmədim.Buna baxmayaraq, kədər və təəssüf hissi ilə yanaşı, içimdə böyük bir ümid də var idi. Çünki artıq yenidən öz torpağımızda idik. İnanırdıq ki, illərlə həsrətində olduğumuz doğmalığı, o hissləri yenidən yaşada biləcəyik.

Əlbəttə, şəhərin dağıdılmış vəziyyəti ilə qarşılaşmaq, bir növ "ruhlar şəhəri"ni görmək çox ağır idi. Amma bu gün Ağdamın dirçəlişini, tikinti və quruculuq işlərini, yenidən yaradılan şəhəri görmək bizim üçün böyük qürur və fəxrdir.Biz Ağdamı dirçəltməliyik. Bu, mənim üçün həm mənəvi, həm vətəndaşlıq, həm də bir Ağdam sakini olaraq borcdur.

-Bir gün Ağdama qayıdacağınızı hiss etdiyinizi deyirsiniz. Bəs  bu şəhərdə müəllim kimi fəaliyyət göstərəcəyiniz ağlınıza gəlirdimi? Bu gün doğma torpağınızda şagird yetişdirmək sizin üçün nə ifadə edir?

-Ağdama qayıdacağımıza həmişə inanırdım. Bunun nə vaxt baş verəcəyini bilməsəm də, bir gün mütləq doğma torpağımıza dönəcəyimizi hiss edirdim.Arzum həm də bu idi ki, Ağdama qayıdanda şəhərin yenidən dirçəlməsində mənim də müəyyən rolum olsun. Qismət belə gətirdi ki, bu gün təhsilin bərpasında kiçik də olsa, töhfə vermək imkanım var.İnanıram ki, Ağdamda təhsilin yenidən inkişaf etməsində mənim də əməyim olacaq. Bu torpaqda müəllim kimi fəaliyyət göstərmək, yeni nəsil yetişdirmək mənim üçün böyük xoşbəxtlikdir.

-Azərbaycan dili və ədəbiyyat müəllimi kimi şagirdlərinizə Vətən, yurd və doğma torpaq sevgisini aşılamaq imkanınız daha genişdir. Üstəlik, siz həm işğaldan əvvəlki Ağdamı görmüş, həm də doğma şəhərinizin yenidən qurulmasının şahidi olmuş bir insansınız. Bu təcrübəni dərslərinizdə necə bölüşürsünüz? Şagirdlərə hansı ədəbi nümunələri və tarixi hadisələri təqdim edirsiniz?

-Məncə, müəllimin ilk vəzifəsi yalnız şagirdlərə bilik vermək deyil. Ən vacib borcumuz Vətənə, millətə, xalqa layiqli vətəndaş yetişdirməkdir. Uşaqları vətənpərvərlik ruhunda böyütmək, Vətənin hər daşının keşiyində dayanmağın bizim borcumuz olduğunu onlara aşılamaq lazımdır.

Şagirdlərə həm öz xatirələrimi, həm də eşitdiyim hadisələri danışıram. Onlara Ağdamın əvvəlki həyatından, şəhərin tarixindən bəhs edirəm. Əlimdə olan köhnə şəkilləri də göstərirəm. Maraqlısı budur ki, uşaqlar Ağdamın keçmişi ilə çox maraqlanırlar, daha çox məlumat əldə etmək istəyirlər.Ədəbiyyat dərslərində də bu istiqamətə xüsusi diqqət ayırıram. Birinci Qarabağ müharibəsi dövründə yazılmış əsərlərdən, həmin dövrün qəhrəmanlarının həyatından bəhs edən məqalə və nümunələrdən istifadə edirəm. Şagirdlərə bu əsərləri oxumağı tövsiyə edirəm. Çünki bunlar bizim yaddaşımızdır və həmin yaddaşı silmək olmaz.

Eyni zamanda, 44 günlük Vətən müharibəsi, Zəfər və antiterror əməliyyatı ilə bağlı yazılmış şeirləri, əsərləri və digər ədəbi nümunələri də şagirdlərə təqdim edirəm. Onlara müxtəlif araşdırmalar aparmağı, təqdimatlar hazırlamağı tapşırıram.Məktəbimizdə Zəfər Günü, Anım Günü ilə bağlı tədbirlər keçiririk. Füzuli, Cəbrayıl və digər şəhərlərimizin işğaldan azad olunduğu günlərdə həmin ərazilərin tarixi haqqında məlumatlar veririk. Çalışırıq ki, şagirdlərimiz həm azad ölkədə yaşamağın dəyərini bilsinlər, həm də keçmişimizi, tariximizi və ədəbiyyatımızı unutmasınlar.

-Sizcə, işğaldan azad olunmuş Ağdamda təhsilin inkişafı üçün müəllimlərin və şagirdlərin üzərinə hansı məsuliyyət düşür? Müasir təhsil tələblərinə uyğunlaşmaq, yeni metodlardan istifadə etmək baxımından hansı istiqamətləri vacib hesab edirsiniz?

-Müəllim olaraq hesab edirəm ki, təhsil sistemindəki bütün yeniliklərdən xəbərdar olmalıyıq. Dünya təhsilinə inteqrasiya etməli, qabaqcıl təcrübələrdən yararlanmalı, yeni təlim metodlarından mümkün qədər istifadə etməliyik.Bu gün yeni dövrdə yaşayırıq. Texnologiyalardan istifadə artıq zərurətə çevrilib. Müəllimlər müasir yenilikləri mənimsəməli, onları şagirdlərə də öyrətməlidirlər.

Amma burada qarşılıqlı öyrənmə də çox vacibdir. Şagirdlərin də fikirlərinə, istəklərinə və arzularına diqqət yetirməliyik. Çünki müasir uşaqlar texnologiyalardan daha yaxşı xəbərdardırlar, bu sahəyə daha çox maraq göstərirlər. Bəzən onların təcrübəsindən də öyrənməli oluruq.Müəllim və şagird arasında qarşılıqlı anlaşma olmalıdır. Biz yalnız öz təcrübəmizə əsaslanmamalı, uşaqların düşüncələrini də nəzərə almalıyıq. Belə olduqda təhsil prosesi daha səmərəli qurular.

-Ağdamda təhsilin yenidən qurulması və inkişafı istiqamətində hansı uğurlara imza atmaq istəyirsiniz? Həmkarlarınıza, şagirdlərə və bütün ağdamlılara arzularınız nələrdir?

-Gələcəkdə daha savadlı, uğurlu, öz sözünü deyə bilən, Vətənimizə layiqli şagirdlər yetişdirmək istəyirik. Bununla yanaşı, onların bilik və bacarıqlarını inkişaf etdirmək, respublika fənn müsabiqələrində yüksək yerlər tutmalarına, beynəlxalq səviyyəli yarışlarda iştirak etmələrinə nail olmaq əsas hədəflərimizdəndir.

İşğaldan azad olunmuş şəhərdə təhsili yenidən gücləndirmək, onu əvvəlki zirvələrinə qaldırmaq bizim bir nömrəli məqsədimiz olmalıdır. Gələcəkdə heç kim deməməlidir ki, biz Ağdama qayıtdıq, amma heç nə etmədik. Əksinə, burada təhsilin dirçəlməsi üçün əlimizdən gələni etməliyik.

Ağdamın təhsil gələcəyini çox parlaq görürəm. Çünki bu gün yeni məktəblərimiz, savadlı və istedadlı şagirdlərimiz var. Biz əvvəlki təhsil ənənələrimizi unutmamalıyıq. Ağdamın Azərbaycana bəxş etdiyi mütəfəkkirləri, alimləri, müəllimləri və müxtəlif sahələrdə uğur qazanan şəxsiyyətləri daim xatırlamalıyıq.

Bu gün həmin ənənələrin üzərində yeni uğurlar qururuq. Sanki əvvəlki təhsil tariximizin üzərinə yeni kərpiclər qoyuruq. İnanıram ki, müəllimlər olaraq birlikdə çalışmaqla Ağdam təhsilini ən yüksək səviyyəyə çatdıracağıq.20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, ağdamlıları, müəllim kollektivimizi və hər kəsi ürəkdən təbrik edirəm. Hamıya bol-bol uğur arzulayıram. İnanıram ki, Ağdam əvvəlkindən də qat-qat gözəl, inkişaf etmiş, səmimi insanlarla dolu bir şəhər olacaq.

Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...
Son xəbərlərDaha çox