“DİM-in gələcəyi qazanılmış etimadın qorunmasından, BDU-nun gələcəyi isə bu təcrübənin akademik mühitlə uğurla birləşdirilməsindən asılı olacaq”.
Bu sözləri AzEdu.az-a açıqlamasında "Əməkdar müəllim" Sona Əliyeva deyib.

"Məleykə Abbaszadənin DİM-dən ayrılması bir dövrün tamamlanması, eyni zamanda, yeni mərhələnin başlanğıcıdır. Onun Bakı Dövlət Universitetinin rektoru təyin olunması isə bu dəyişikliyi daha da mənalı edir. Söhbət bir məsuliyyətli vəzifədən digərinə keçiddən gedir. Üstəlik, Abbaszadə ölkənin aparıcı universitetinə rəhbərlik edən ilk qadın kimi tarixə düşür.
Abbaszadə 2000-ci ildən ölkənin qəbul sisteminə rəhbərlik edir və bir neçə nəslin universitet yolu məhz onun formalaşdırdığı sistemdən keçib. Onun ən böyük xidməti imtahan prosesinə etimadın qazanılmasıdır. Ölkənin hansı guşəsindən olursa-olsun, hər bir abituriyent eyni şəraitdə, eyni şəffaf qaydalarla imtahan verdi. Bu, cəmiyyətdə ədalətə inamın möhkəmlənməsinə ciddi töhfə oldu. Təbii ki, hər sistem kimi bu sistemin də inkişafa ehtiyacı olan tərəfləri var. Məktəb kurikulumu ilə imtahan modelinin daha sıx uyğunlaşdırılması, şagirdlərin test hazırlığından çox real bacarıqlara yönəldilməsi uzun müddətdir müzakirə olunur. Bu məsələlər DİM-in qarşıdakı illərdə də gündəmində qalacaq.
Bəs bu dəyişiklik qurumun fəaliyyətinə necə təsir edəcək? Fikrimcə, DİM-in işində ciddi sarsıntı gözlənilmir. Qurum illər ərzində möhkəm institusional təməl, peşəkar komanda və işlək texnologiyalar qazanıb. Yeni rəhbərlik üçün əsas vəzifə bu etimadı qorumaq, onu yeni mərhələyə daşımaq olacaq".
Bu dəyişiklik itki kimi yox, təcrübənin yeni sahəyə ötürülməsi kimi qiymətləndirilməlidir:
"Digər tərəfdən, bu dəyişiklik yeniləşmə üçün də imkan yaradır. Elektron imtahanlara keçid, bacarığa əsaslanan qiymətləndirmə və müasir texnologiyaların tətbiqi kimi istiqamətlər DİM-in gələcək inkişafının əsas xəttini təşkil edə bilər. Dünya təcrübəsi göstərir ki, belə mərhələlər çox vaxt sabitlik və yenilik arasında balans tapmaqla uğurlu olur. İndiki halda da ən ağlabatan yol mövcud nailiyyətləri qoruyaraq mərhələli modernləşmədir.
Abbaszadənin BDU-ya gəlişi isə universitet üçün yeni imkanlar deməkdir. Onun idarəçilik təcrübəsi, şəffaflığa və keyfiyyətə verdiyi önəm ölkənin ən böyük ali məktəbinin inkişafına müsbət təsir göstərə bilər. Elm, akademik mühit və tələbə həyatı isə bu təcrübəyə yeni çalarlar qatacaq.
Bir sözlə, bu dəyişiklik itki kimi yox, təcrübənin yeni sahəyə ötürülməsi kimi qiymətləndirilməlidir. Deməli, DİM-in gələcəyi qazanılmış etimadın qorunmasından, BDU-nun gələcəyi isə bu təcrübənin akademik mühitlə uğurla birləşməsindən asılı olacaq. Hər iki halda qazanan Azərbaycan təhsili olmalıdır".