Azedu.az

Ölümcül xərçəngə qarşı yeni ümid: Dərman şişləri yox etdi

Maraqlı

20 Noyabr 2026, 09:13
Ölümcül xərçəngə qarşı yeni ümid: Dərman şişləri yox etdi

Mədəaltı vəzi xərçənginin müalicəsində ümidverici nəticələr əldə edilib. Yeni dərman vasitəsi klinik sınaqlar zamanı bəzi xəstələrdə şişlərin kiçilməsinə, hətta tamamilə yox olmasına səbəb olub.

AzEdu.az xarici mediadan əldə etdiyi məlumata görə, daraxonrasib adlı preparat kimyaterapiya ilə birlikdə tətbiq edildikdə irəliləmiş mərhələdə mədəaltı vəzi xərçəngi olan xəstələrin əksəriyyətində müsbət nəticələr göstərib.

Erkən mərhələli klinik sınaqlarda iştirak edən 61 xəstənin demək olar ki, hamısında şişlərin böyüməsi dayanıb. Xəstələrin 60 faizindən bir qədər çoxunda şişlər kiçilib və ya tamamilə yox olub. Təxminən 8 faizində, yəni hər 12 xəstədən birində isə xərçəng kompüter tomoqrafiyası müayinələrində aşkar edilməyəcək səviyyəyə qədər geriləyib.

Bununla belə, mütəxəssislər dərmanın xəstəliyi nə qədər müddət nəzarətdə saxlaya biləcəyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Son onilliklərin ən böyük irəliləyişlərindən biri:

İngiltərənin Xərçəng Araşdırmaları İnstitutu (Cancer Research UK) əldə olunan nəticələri mədəaltı vəzi xərçənginin müalicəsində son onilliklərin ən mühüm irəliləyişlərindən biri kimi qiymətləndirib.

Qurumun nümayəndəsi doktor Sem Qodfri BBC News-a açıqlamasında yeni dərmanın əvvəllər müalicəsi olduqca çətin hesab edilən xəstəliyə qarşı yeni imkanlar yaratdığını bildirib.

Onun sözlərinə görə, mədəaltı vəzi xərçənginin müalicəsində uzun müddətdir gözlənilən irəliləyiş müşahidə olunur.

Qeyd edək ki, mədəaltı vəzi xərçəngi geniş yayılmış xərçəng növləri arasında sağqalma göstəricisinin ən aşağı olduğu xəstəliklərdən biridir. Kimyaterapiya şişləri müəyyən qədər kiçiltsə də, xəstəlik əksər hallarda yenidən inkişaf edir. Xüsusilə irəliləmiş mərhələdə olan xəstələrin əksəriyyəti yalnız bir neçə ay yaşaya bilir.

Dərman digər xərçəng növlərinə də təsir edə bilər:

ABŞ-nin Memorial Sloan Kettering Xərçəng Mərkəzinin həkimi doktor Uunqi Park yeni preparatın nəticələrinin ümidverici olduğunu vurğulayıb. O bildirib ki, sınaqlar zamanı şişlərin müalicəyə cavab səviyyəsi yüksəlib, xəstəliyin nəzarət altında saxlanma müddəti isə təxminən iki dəfə artıb.

Daraxonrasib mədəaltı vəzi xərçəngi hallarının əksəriyyətində rast gəlinən və şişlərin böyüməsinə səbəb olan RAS zülalının müəyyən mutasiyalarını hədəf alır. Preparat həmin mutasiyaların fəaliyyətini bloklamaq prinsipi ilə işləyir.

Ağciyər və yumurtalıq xərçəngi də daxil olmaqla, bir sıra digər xərçəng növlərində də oxşar mutasiyalara rast gəlindiyindən dərmanın gələcəkdə daha geniş xəstə qrupuna kömək edə biləcəyi ehtimal olunur.

Avropa xərçəng konfransının (EORTC) prezidenti, professor Elena Qarralda da nəticələrin kombinə edilmiş müalicənin xəstələrin ümumi sağqalma müddətini artırmaq və şişlərin yenidən böyüməsini gecikdirmək potensialını göstərdiyini bildirib.

Bununla yanaşı, həkimlər əldə olunan nəticələrin xəstəliyin tam sağalması kimi qiymətləndirilməməli olduğunu qeyd edirlər. Dərmanın uzunmüddətli təsirini və xərçəngin yenidən yaranma ehtimalını müəyyənləşdirmək üçün əlavə klinik sınaqlar aparılmalıdır.

İngiltərənin Xərçəng Araşdırmaları İnstitutunun məlumatına görə, ölkədə hər il təxminən 11 min 500 nəfərə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulur, 10 min 200-ə yaxın insan isə bu xəstəlikdən vəfat edir.

Xəstəliyin əsas əlamətləri arasında sarılıq, dəridə qaşınma, sidiyin tündləşməsi, nəcisin açıq rəng alması, səbəbsiz çəki itkisi, yorğunluq və yüksək hərarət yer alır.

İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!
Son xəbərlərDaha çox