Kembric lüğəti 2026-cı ilin sözü kimi “human” (insan) sözünü seçib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, lüğətdə “human” sözü tanrılardan, heyvanlardan və maşınlardan fərqli olaraq, insanlara xas xüsusiyyətlərə, qüsurlara və duyğulara malik olmaq kimi izah edilir.
Kembric lüğətinin leksikoqrafı Kolin Makintoş bildirib ki, süni intellekt insan olmağın nə demək olduğuna dair düşüncələri dəyişir. Onun sözlərinə görə, düşünmə proseslərinin süni intellektə həvalə edilməsi insanların bu texnologiyaya nə dərəcədə güvənməli olduqları barədə suallar yaradıb.
Makintoş qeyd edib ki, son dövrlərdə “human-made” (insan tərəfindən yaradılmış) kimi ifadələrin istifadəsinin artması insan əməyinin məhsullarını süni intellektin yaratdıqlarından fərqləndirmək cəhdini göstərir.
“Microsoft”un qurucusu Bill Qeyts də bu seçimi şərh edərək bildirib ki, süni intellekt xəstəliklərin müalicəsinə, təhsilin inkişafına və insanların daha vacib işlərə vaxt ayırmasına kömək edə bilər. Onun fikrincə, süni intellektin uğuru insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə ölçülməlidir.
Kembric Universitetinin elm fəlsəfəsi üzrə mütəxəssisi Tom MakKlelland isə insan zəkası ilə süni zəka arasındakı fərqlərin müzakirə olunduğu bir dövrdə “human” sözünün ilin sözü seçilməsini əlamətdar hesab edib.
İlin sözü seçimi üçün digər namizədlər arasında “agent” (vasitəçi, müstəqil fəaliyyət göstərən süni intellekt sistemi), “wholesome” (faydalı, sağlam və müsbət) və “analogue” (analoq) sözləri də olub.
Qeyd edək ki, lüğətə əlavə edilən yeni ifadələr arasında “aura farming” (cəlbedici və təsirli görünməyə çalışmaq) və “looksmaxxing” (xarici görünüşü mümkün qədər yaxşılaşdırmağa çalışmaq) da yer alıb.
Həmçinin süni intellektin insanların iş yerlərini əvəzləməsi ilə bağlı narahatlıqlar fonunda “FOBO” (peşəkar baxımdan köhnəlmək və ya yararsız hala düşmək qorxusu) qısaltmasının da lüğətə daxil edilməsi nəzərdən keçirilir.