Azedu.az

Yeni maliyyələşmə modelinin bilmədiyimiz üstünlükləri - Məktəblər nə qazanacaq?

AzEdu Təhsil Platforması

16 Noyabr 2026, 16:39
Yeni maliyyələşmə modelinin bilmədiyimiz üstünlükləri - Məktəblər nə qazanacaq?

Məktəblər və məktəbəqədər təhsil müəssisələri adambaşına maliyyələşmə mexanizminə keçir.

Bəs, görəsən, bu model təhsil sisteminə nə vəd edir? Məktəbəqədər təhsil müəssisələrində adambaşına maliyyələşmə hansı nəticələri verə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, adambaşına maliyyələşmə modelinə keçid təhsil sektorunda büdcə vəsaitlərinin bölüşdürülməsi mexanizminin dəyişməsi və maliyyə resurslarından istifadənin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır:

192875

"Bu model dövlət büdcəsindən ayrılan vəsaitlə təhsilalanların sayı arasında birbaşa əlaqə yaradaraq maliyyələşmənin daha şəffaf və nəticəyönümlü təşkilinə imkan verə bilər. Eyni zamanda, təhsil müəssisələrində maliyyə intizamının güclənməsinə, xərclərin optimallaşdırılmasına və idarəetmədə məsuliyyətin artmasına şərait yarada bilər.

Lakin modelin tətbiqi zamanı xüsusilə şagird sayı az olan kənd məktəblərinin maliyyələşdirilməsi məsələsinə diqqət yetirilməlidir. Çünki belə məktəblərdə şagird sayının az olması onların saxlanma xərclərinin də eyni nisbətdə azalması demək deyil. Müəllimlərin əməkhaqqı, kommunal xidmətlər və infrastruktur xərcləri müəyyən həddə qədər sabit qalır. Bu baxımdan, yalnız şagird sayına əsaslanan maliyyələşmə kənd məktəblərinin maliyyə dayanıqlığını zəiflədə və regionlar arasında təhsil imkanlarının qeyri-bərabərliyini dərinləşdirə bilər. Bunun qarşısını almaq üçün coğrafi mövqe, şagird sayı və infrastruktur xərcləri nəzərə alınmaqla diferensial maliyyələşmə əmsallarının tətbiqi vacibdir.

Məktəbəqədər təhsil müəssisələrində adambaşına maliyyələşmə isə özəl sektorun imkanlarından daha geniş istifadə edilməsinə, dövlət-özəl tərəfdaşlığının inkişafına və xidmətlərin əlçatanlığının artırılmasına töhfə verə bilər. Bununla yanaşı, dövlət tərəfindən ayrılan maliyyə dəstəyi ilə özəl müəssisələrin xidmət haqları arasında fərqin böyük olması valideynlərin əlavə maliyyə yükünü artıra bilər. Bu səbəbdən subsidiyaların sosial vəziyyət nəzərə alınmaqla müəyyənləşdirilməsi, xidmət keyfiyyətinə nəzarətin gücləndirilməsi və vahid standartların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə, adambaşına maliyyələşmə modelinin effektivliyi yalnız büdcə xərclərinin optimallaşdırılması ilə deyil, ayrılan vəsaitin təhsilin keyfiyyətinə və əlçatanlığına təsiri ilə ölçülməlidir. Təhsil sırf iqtisadi səmərəlilik prinsipləri əsasında qiymətləndirilə bilən sahə deyil. Burada sosial ədalət, bərabər imkanlar və insan kapitalının inkişafı əsas prioritet olaraq qorunmalıdır. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət etməkdən daha çox, hər bir manatın təhsil sistemində real nəticə yaratmasını təmin etmək olmalıdır".

TƏCİLİ! İranda əməliyyat başladı - Silahlı dəstə məhv edildi
Son xəbərlərDaha çox