Universitetlərdə eyni ixtisas üzrə keçid balları arasında ciddi fərqlər müşahidə olunur.
Xüsusilə dövlət və özəl ali təhsil müəssisələri arasında bu fərq bəzən yüzlərlə balla ölçülür.
Məsələn, maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində keçid balı 603,7 olduğu halda, Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti və Azərbaycan Kooperasiya Universitetində bu göstərici 150 bal ətrafındadır.
Eyni ixtisas üzrə keçid ballarının bu qədər fərqlənməsi həmin sahədə təhsil alan tələbələrin ilkin akademik hazırlığı və bilik səviyyəsi ilə bağlı suallar yaradır. Nəticədə əmək bazarına eyni ixtisas üzrə fərqli bilik və bacarıqlara malik mütəxəssislər daxil ola bilər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bildirib ki,universitet keyfiyyətli təhsil verirsə, yüksək nəticə göstərən abituriyentlər də həmin ali təhsil müəssisəsini daha çox seçirlər:

"Ali təhsil müəssisələrində eyni ixtisas üzrə keçid ballarının fərqli olması, ilk növbədə, universitetlərin nüfuzu və həmin ixtisaslar üzrə təqdim etdikləri təhsilin keyfiyyəti ilə bağlıdır. Hansı universitetdə daha keyfiyyətli təhsil verilirsə, abituriyentlər də təbii olaraq həmin universitetə üstünlük verirlər. Yüksək bal toplayan abituriyentin nüfuzu və tədris keyfiyyəti ilə bağlı müəyyən suallar doğuran, keçid balı 150 olan universiteti seçməsi ehtimalı azdır.
Beləliklə, keçid ballarının formalaşmasında universitetlərin ayrı-ayrı ixtisaslar üzrə nüfuzu mühüm rol oynayır. Universitet keyfiyyətli təhsil verirsə, yüksək nəticə göstərən abituriyentlər də həmin ali təhsil müəssisəsini daha çox seçirlər. Bu seçim isə öz növbəsində həmin universitetdə müvafiq ixtisas üzrə keçid balının yüksəlməsinə səbəb olur".
Keyfiyyətli təhsil verə bilməyən universitetlərin həmin ixtisaslar üzrə kadr hazırlamasına məhdudiyyət qoyulmalıdır:
"Düşünürəm ki, universitetlər, xüsusilə də ixtisasların tədrisi məsələsində daha diqqətli olmalıdırlar. Təhsilin keyfiyyətinin artırılması ilə yanaşı, bu sahədə mütləq nəzarət mexanizmi də yaradılmalıdır. Mən bu məsələni dəfələrlə gündəmə gətirmişəm. Məsələn, elə universitetlər var ki, inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlayır, lakin həmin sahəyə uyğun laboratoriyası belə yoxdur.
İnşaat mühəndisliyi və ya maşın mühəndisliyi kimi ixtisaslar üzrə təhsil verən universitetin müvafiq laboratoriyaları, praktiki tədris imkanları, hətta tələbələrin real istehsalat prosesini öyrənə biləcəyi kiçik bir maşınqayırma müəssisəsi olmalıdır. Məqsəd tələbəyə yalnız nəzəri bilik vermək deyil, həm də onu peşəkar kadr kimi yetişdirməkdir. Təəssüf ki, biz bu cür imkanların bir çox universitetdə olmadığını müşahidə edirik.
Hesab edirəm ki, bu sahədə nəzarət mexanizmi mütləq tətbiq edilməlidir. Hansı universitetlər müəyyən ixtisaslar üzrə keyfiyyətli təhsil verə bilmirsə, həmin ixtisaslar üzrə qəbul planı azaldılmalı, zərurət yarandıqda isə bu universitetlərə müvafiq ixtisaslar üzrə məhdudiyyətlər qoyulmalıdır. Yalnız bu halda universitetlər arasında real rəqabət formalaşa və ali təhsil müəssisələri ixtisasların keyfiyyətli tədrisinə daha ciddi yanaşa bilərlər".
Bəzi universitetlərdə ayrı-ayrı ixtisaslar üzrə verilən təhsilin səviyyəsi heç orta məktəb təhsilindən fərqlənmir:
"Əslində, mənzərə kifayət qədər narahatedicidir. Bəzi universitetlərdə ayrı-ayrı ixtisaslar üzrə verilən təhsilin səviyyəsi heç orta məktəb təhsilindən fərqlənmir. Təsəvvür edin, ali təhsil müəssisəsi adını daşıyan bir qurumda tələbə lazımi bilik və bacarıqları əldə edə bilmir. Bu isə istər-istəməz həmin universitetin nüfuzuna xələl gətirir.
Universitet rəhbərliyi də bu məsələyə ciddi yanaşmalı, nəticə çıxarmalıdır. Əgər bir ali təhsil müəssisəsi abituriyentlər tərəfindən seçilmirsə, bunun səbəblərini araşdırmalı və öz fəaliyyətini təhlil etməlidir. Məsələn, bir özəl universitet daha çox tərcih olunduğu halda, digəri abituriyentlərin marağından kənarda qalırsa, ikinci universitet bunun səbəbləri üzərində düşünməlidir".
Universitet rəhbərliyi kreslosunu qorumaqla deyil, təhsilin keyfiyyətini yüksəltməklə məşğul olmalıdır:
"Bu yanaşma dövlət universitetlərinə də aiddir. Məsələn, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Azərbaycan Dövlət İqtisad Universiteti niyə abituriyentlər tərəfindən daha çox seçilir? Çünki bu ali təhsil müəssisələri müəyyən təhsil nailiyyətləri əldə edib və həmin nəticələri davamlı şəkildə qorumağa çalışırlar. Burada təhsilə diqqət və keyfiyyət məsələsi ön plandadır.
Lakin bəzi universitetlərdə elə təəssürat yaranır ki, rəhbərlik daha çox kreslosunda əyləşməklə kifayətlənir. Halbuki universiteti inkişaf etdirmək, onun nüfuzunu yüksəltmək və keyfiyyətli kadr hazırlamaq üçün kresloda oturmaq kifayət deyil. Bunun üçün real fəaliyyət, məsuliyyət və təhsilin keyfiyyətinə yönəlmiş davamlı iş lazımdır".