Elm və Təhsil Nazirliyi ilə Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığı çərçivəsində “Rəqəmsal məktəb” platformasına "Neyron.ai" inteqrasiya edilib. Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" interaktiv süni intellekt öyrənmə platformasıdır. Platforma şagird və müəllimlərin ödənişsiz istifadəsinə təqdim olunur.
AzEdu.az xəbər verir ki, "Neyron.ai" şagirdlərə süni intellektin əsas prinsiplərini, iş mexanizmlərini və gündəlik həyatda tətbiq imkanlarını öyrənmək fürsəti yaradır. Yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan mövzular praktiki tapşırıqlar və oyun əsaslı öyrənmə elementləri ilə zənginləşdirilib. Bu yanaşma şagirdlərin yeni biliklər əldə etməsinə və onları praktiki şəkildə tətbiq etməsinə imkan verir.
Müəllimlər isə platformanın imkanlarından süni intellekt sahəsində biliklərini genişləndirmək, bu texnologiyaların tədrisdə tətbiqi ilə tanış olmaq və dərs materiallarının hazırlanmasında istifadə etmək üçün yararlana bilərlər.
Platformaya daxil olmaq üçün şagird və müəllimlər “Rəqəmsal məktəb”də şəxsi kabinetlərinin “Tətbiqlər” bölməsindən “Neyron AI” bölməsini seçməlidirlər.