Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində magistratura təhsilinin inkişaf perspektivləri, proqramların keyfiyyəti, MBA təhsilinin genişlənməsi və magistr hazırlığında fərdiləşdirilmiş yanaşmanın əhəmiyyəti barədə danışıb.
Rektor bildirib ki, magistratura ali təhsilin ikinci səviyyəsi kimi ixtisas biliklərinin dərinləşdirilməsi, tədqiqat səriştələrinin formalaşdırılması və peşəkar ixtisaslaşma baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, magistratura təhsilinin dəyəri proqramın məzmunundan və məzunun gələcək hədəflərindən asılıdır. Akademik karyera qurmaq istəyənlər üçün tədqiqat hazırlığı, əmək bazarında irəliləməyi hədəfləyən mütəxəssislər üçün isə ixtisaslaşmış bilik və tətbiqi bacarıqlar əsas prioritetlərdir.
Nurəli Yusifbəyli qeyd edib ki, Azərbaycanda magistratura proqramlarının hazırlanması və tədrisin təşkili sahəsində ali təhsil müəssisələrinin müəyyən çevikliyi mövcuddur. Kredit yükünün və təhsil müddətinin proqramın xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməsi də bu imkanlara daxildir. Mövcud qaydalara əsasən, bir sıra magistratura proqramlarında 90 və ya 120 kreditlik təhsil yükü nəzərdə tutulur.
Rektor vurğulayıb ki, normativ imkanların mövcudluğu özlüyündə yüksək keyfiyyətə zəmanət vermir. Bu baxımdan, proqramların elmi məzmunu, akademik rəhbərlik, praktik komponent və məzunların əldə etdiyi nəticələr ardıcıl şəkildə qiymətləndirilməlidir.
Müsahibədə MBA kimi tətbiqyönümlü proqramların sürətlə genişlənməsi fonunda təhsilin keyfiyyəti və fərdiləşdirilmiş yanaşma məsələlərinə də diqqət çəkilib. Bildirilib ki, tələbələrə keyfiyyətli akademik məsləhətlərin verilməsi, real biznes problemləri əsasında layihələrin təşkili və qiymətləndirmənin obyektivliyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Nurəli Yusifbəylinin fikrincə, magistratura təhsilində diqqət yalnız qəbul göstəricilərinə yönəldilməməli, proqramların nəticələrinə, müəllim heyətinin potensialına və işəgötürənlərin rəylərinə əsaslanan idarəetmə modeli gücləndirilməlidir. O qeyd edib ki, magistratura təhsilinin gələcək inkişafı məhz bu keyfiyyət meyarlarından asılıdır.