Azedu.az

Magistraturada danışıq bacarıqları yoxlanacaq - TARİX AÇIQLANDI

Magistratura

1 Oktyabr 2026, 17:06
Magistraturada danışıq bacarıqları yoxlanacaq - TARİX AÇIQLANDI

Magistraturaya qəbul imtahanlarında xarici dil üzrə danışıq bacarıqlarının (“speaking”) qiymətləndirilməsi nəzərdə tutulur. 

Lakin bu yeniliyin cari ildə tətbiq edilib-edilməyəcəyi magistraturaya hazırlaşan abituriyentləri maraqlandıran əsas məsələlərdən biridir.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu göndərib.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, 2027 ci ildə magistratura imtahanında bu dəyişiklik nəzərdə tutulmur:

2027-ci ildə magistraturaya qəbul imtahanı modelində hər hansı dəyişiklik nəzərdə tutulmur. 2027-ci ildə imtahanlar bu il tətbiq olunan qayda və formaya uyğun kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Ancaq gələcəkdə magistraturaya qəbul imtahanlarının elektron formada təşkil olunması nəzərdən keçirilir. Bununla bağlı əvvəllər də məlumat vermişik. Texniki, təşkilati və məzmun, eləcə də qanunvericilik məsələlərinin həlli ilə bağlı işlər başa çatdıqdan sonra bu mümkün ola bilər. Bu məsələ ilə bağlı hər hansı bir dəyişiklik olsa, əvvəlcədən ictimaiyyətə rəsmi məlumat veriləcək.

Magistraturaya qəbul imtahanında danışıq bacarıqlarının yoxlanılmasının isə hələlik tədrisi ingilis dilində olan ixtisaslara qəbul zamanı və 2028-ci ildən tətbiq olunacağı nəzərdə tutulur.

Hazırkı qəbul modelində namizədlərin xarici dil üzrə bilik və bacarıqları əsasən yazılı imtahan vasitəsilə qiymətləndirilir. Tədrisi ingilis dilində olan magistratura proqramlarında isə tələbələrin mühazirə və seminarları izləməsi, müzakirələrdə iştirak etməsi, təqdimatlar etməsi və öz fikirlərini şifahi şəkildə əsaslandırması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan danışıq bacarığının ayrıca qiymətləndirilməsi namizədin ingilisdilli akademik mühitdə təhsil almağa hazırlığı haqqında daha dolğun təsəvvür formalaşdıracaq.

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə imtahanlarda, xüsusilə doktoranturaya qəbul imtahanlarında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi sahəsində artıq müvafiq təcrübəyə malikdir. Bu təcrübə danışıq imtahanının məzmununun hazırlanması, tapşırıq modellərinin seçilməsi, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və qiymətləndiricilərin hazırlanması baxımından magistratura səviyyəsində tətbiq olunacaq model üçün mühüm metodoloji baza yaradıb.

Tədrisi ingilis dilində olan ixtisaslara qəbul zamanı yeni qiymətləndirmə komponentinə mərhələli keçidin təmin edilməsi məqsədilə 2027-ci ildən etibarən ingilis dili üzrə danışıq bacarıqlarının qiymətləndirilməsinə dair sınaq imtahanlarının keçirilməsi də planlaşdırılır. Sınaq imtahanları namizədlərə tapşırıq növləri, imtahanın keçirilmə proseduru və qiymətləndirmə meyarları ilə əvvəlcədən tanış olmaq imkanı yaradacaq.

Ramiz Mehdiyevlə bağlı şok açıqlama - Onu məcbur edərək..
Son xəbərlərDaha çox