Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin plenar iclasında bildirib ki, hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır. Bir şagirdin dövlət büdcəsinə illik maliyyə yükünün 2 min manat olduğunu vurğulayan deputat ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəblərin demək olar ki, olmadığını qeyd edib.
O, rus dilində təhsilin dövlət büdcəsindən maliyyələşdirilməsinin hansı zərurətdən irəli gəldiyini və bu dilə niyə xüsusi yanaşma göstərildiyini müzakirəyə çıxarıb.
Maraqlıdır, Rus bölmələrinin sayının azaldılmasına ehtiyac varmı? Qlobal əmək bazarının tələbləri nəzərə alınaraq, Azərbaycanda ingilis və çin dillərində dövlət hesabına təhsil verən məktəblər yaradılmalıdırmı?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən publisist, pedaqoq Şəmsi Qoca qeyd edib ki, əvvəl müəllim yetişdirməli, sonra məktəb açmalıyıq. Əks halda, yeni xarici dilli bölmələrin yaradılması uğursuzluğa yol aça bilər:

"Rus bölmələrinin sayının azaldılması məsələsinə yalnız büdcə və milli dil siyasəti baxımından yanaşmaq düzgün deyil. Hazırda rus bölmələrində bir sıra fənlər üzrə müəllim çatışmazlığı mövcuddur və bu səbəbdən bəzi məktəblərdə həmin bölmələrin fəaliyyəti tədricən məhdudlaşır.
İngilis və çin dillərində dövlət hesabına təhsil verən məktəblərin yaradılması ideyası müzakirəyə layiqdir. Lakin burada bir vacib məqam nəzərə alınmalıdır: belə məktəbləri açmazdan əvvəl həmin dillərdə fənləri tədris edə biləcək peşəkar müəllimlər yetişdirilməlidir. Sadəcə xarici dil bilmək kifayət deyil. Riyaziyyatı, fizikanı, kimyanı və digər fənləri həmin dildə tədris etmək üçün həm fənn, həm də pedaqoji hazırlıq lazımdır.
Rus bölmələrində müəllim çatışmazlığı problemi yaşandığı halda, eyni reallığı nəzərə almadan yeni xarici dilli bölmələr açmaq əvvəlcədən uğursuzluğa yol aça bilər. Ona görə də əvvəlcə kadr hazırlığına, ali məktəblərdə müvafiq ixtisasların inkişafına və müəllimlərin peşəkar hazırlığına investisiya qoyulmalıdır".
Azərbaycan dilində təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, ingilis və çin dillərində təhsil imkanları da mərhələli şəkildə genişləndirilməlidir:
"İngilis dili məsələsinə xüsusi diqqət yetirilməlidir. Bu gün beynəlxalq elm, texnologiya, informasiya, diplomatiya və biznes mühitinin əsas ünsiyyət dillərindən biri ingilis dilidir. Azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil alması, beynəlxalq şirkətlərdə işləməsi, elmi nailiyyətləri izləməsi və texnologiya sahəsində rəqabət aparması üçün bu dilə yüksək səviyyədə yiyələnməsi böyük üstünlükdür.
Çin dilinə gəldikdə isə məsələ bir qədər fərqlidir. Çin artıq dünyanın ən böyük iqtisadi güclərindən biridir. Azərbaycanın Çinlə iqtisadi, nəqliyyat, logistika və ticarət əlaqələrinin inkişaf perspektivlərini nəzərə alsaq, bu dili bilən mütəxəssislərə ehtiyacın artacağı şübhəsizdir. Lakin Çin dilini ingilis dilinin alternativi kimi deyil, əlavə strateji üstünlük kimi qiymətləndirmək lazımdır.
Hesab edirəm ki, Azərbaycan dilində təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, ingilis və çin dillərində təhsil imkanları da mərhələli şəkildə genişləndirilməlidir. Ancaq əsas prinsip dəyişməzdir: əvvəl müəllim yetişdirməli, sonra məktəb açmalıyıq".