Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
AzEdu.az xəbər verir ki, Günəş fəallığı nisbətən artaraq, C və M sinif alışmalar qeydə alınıb. Günəş səthində ləkələrin sayı artaraq 6 qrupda 83-ə çatıb. Həmçinin tac dəlikləri müşahidə olunub.
Günəş küləyinin sürəti saatda 814 kilometrədək yüksəlib. Geomaqnit sahəsinin intensivliyi isə əsasən sakit və aktiv səviyyələr arasında dəyişib. Noyabrın 7-də G1 səviyyəli geomaqnit qasırğası qeydə alınıb. Hazırda kosmik hava sakitdir.
Noyabrın 16-dan 23-dək C sinifli Günəş alışmalarının başvermə ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 25 faiz, X sinifli alışmaların ehtimalı isə 5 faizdir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin artacağı, proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə noyabrın 17-18-də yüksələcəyi, sonradan normallaşacağı proqnozlaşdırılır.
Həmçinin noyabrın 14-də qeydə alınmış tac kütlə atılmaları və tac dəliklərinin təsiri ilə noyabrın 17-18-də G1 səviyyəli zəif geomaqnit qasırğasının baş verməsi gözlənilir.