Peruda aparılan arxeoloji araşdırmalar zamanı təxminən 1 600 il əvvəl yaşamış körpədə nadir anadangəlmə xəstəliyin genetik səbəbi müəyyən edilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, alimlər Cənubi Perunun Palpa vadisində yerləşən Jauranga arxeoloji ərazisində tapılmış iki körpənin qalıqlarını araşdırıblar. Orta Naska dövrünə (325–440-cı illər) aid edilən qalıqlar keramika qabın içərisində, biri digərinin üzərində yerləşdirilmiş vəziyyətdə aşkar olunub.
Araşdırma zamanı körpələrdən birinin kəllə sümüyündə üzün mərkəzində yerləşən tək göz yuvası müəyyən edilib. Skeletdəki digər anatomik xüsusiyyətlər də siklopiya adlanan nadir anadangəlmə vəziyyətə uyğun gəlib. Bu xəstəlik embrionun beyninin inkişafın erkən mərhələsində iki yarımkürəyə tam bölünməməsi nəticəsində yaranır.
Alimlər xəstəliyin səbəbini müəyyənləşdirmək üçün qədim DNT nümunələrini təhlil ediblər. Nəticələr körpədə 13-cü xromosomun əlavə nüsxəsinin olduğunu üzə çıxarıb. Normalda insanda hər bir xromosomdan iki nüsxə olduğu halda, bu körpədə həmin xromosomun üç nüsxəsi aşkarlanıb. Trisomiya 13 adlanan bu genetik pozuntu siklopiyanın yaranmasına səbəb ola bilər.
Tədqiqatçılar əldə etdikləri nəticələri 250 qədim Cənubi Amerika sakininin genetik məlumatları ilə müqayisə edib və üç müstəqil analiz üsulu ilə əlavə xromosomun mövcudluğunu təsdiqləyiblər.
Araşdırmada hər iki körpənin qız olduğu müəyyən edilib. Bununla yanaşı, onların mitoxondrial DNT göstəriciləri fərqli olub. Bu isə onların ana xətti üzrə qohum olmadığını göstərib.
Alimlər körpənin nə qədər yaşadığını dəqiq müəyyənləşdirə bilməyiblər. Dişlərin inkişafı onun təxminən 2–4 aylıq olduğunu göstərsə də, uzun sümüklərin ölçüləri gec hamiləlik dövrünə uyğun gəlib. Tədqiqatçılar trisomiya 13-ün normal sümük və diş inkişafına təsir göstərə biləcəyini nəzərə alaraq, körpənin doğuşdan sonra nə qədər yaşadığı barədə qəti nəticəyə gəlməyin mümkün olmadığını bildiriblər.
Qeyd edək ki, tədqiqatın nəticələri noyabrın 9-da “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub.