Azedu.az

UNEC-də informasiya təhlükəsizliyi və kiber klubların fəaliyyəti müzakirə olunub

AzEdu Təhsil Platforması

14 Noyabr 2026, 15:10
UNEC-də informasiya təhlükəsizliyi və kiber klubların fəaliyyəti müzakirə olunub

Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icra etdiyi "İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı" layihəsinin hesabat tədbiri və AKTA təşəbbüsü ilə universitetlərdə yaradılmış Kiber Klubların kordinasiya görüşü baş tutub.

AzEdu.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Nazirliyin Təhsil sisteminin informasiyalaşdırma idarəsi və digər tabeli qurumlarının, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, AKTA-nın üzv şirkətləri və ekspertləri, kiber klubların fəaliyyət göstərdiyi universitetlərin müəllim və tələbə heyəti iştirak edib.

Tədbirin açılışında AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək layihənin əhəmiyyətindən və əldə olunan nəticələrdən bəhs edib. Daha sonra AKTA eksperti Lalə Kərimova layihə çərçivəsində aparılmış tədqiqatın nəticələri barədə təqdimatla çıxış edib. Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov da tədbirdə çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb və layihənin verdiyi töhfələri və ümumiyyətlə təhsil sistemində son illər aparılan rəqəmsallaşma işlərini qeyd edib.

Layihə çərçivəsində informatika müəllimləri üçün informasiya təhlükəsizliyi mövzusunda hazırlanmış metodiki-tədris vəsaitinin təqdimatı da keçirilib. AKTA-nın Təhsil komitəsinin katibi Bəhruz Əliyev vəsaitin hazırlanma prosesi, məzmunu və tədris prosesində istifadəsi barədə məlumat verib.

Tədbirin davamında AKTA-nın baş katibi Fidan Əhmədova universitetlərdə fəaliyyət göstərən kiber klubların mövcud vəziyyəti, fəaliyyət imkanları və gələcək inkişaf planları haqqında təqdimatla çıxış edib. Həmçinin noyabr ayında keçirilməsi nəzərdə tutulan "Gənclərin CTF Kuboku"nun təşkili, komandaların hazırlanması və universitet kiber klublarının yarışda iştirakı ilə bağlı məsələlər müzakirə olunub.

Bununla yanaşı, CTF Kubokunun təşkili üzrə AKTA üzvü olan "Millisec" şirkətinin təsisçisi və direktoru Zaur Qasımov yarışın formatı, keçirilmə qaydaları və iştirakçılar üçün nəzərdə tutulan praktiki tapşırıqlar barədə məlumat verib.

Tədbir layihənin nəticələrinin təqdim edilməsi, təhsil sahəsində informasiya təhlükəsizliyinin inkişafı, eləcə də gənclərin kibertəhlükəsizlik üzrə bilik və praktiki bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox