Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində universitetin strateji inkişaf prioritetləri, ali təhsildə keyfiyyətin təminatı və müasir universitet modelinin əsas istiqamətləri barədə danışıb.
Rektor həmçinin "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı fikirlərini bildirib.
"Azərbaycan ali təhsili müxtəlif qanunlar, dövlət standartları və normativ qaydalar əsasında fəaliyyət göstərir. Bu sənədlərin bir-biri ilə uzlaşdırılması, terminoloji aydınlığın təmin edilməsi və tətbiq mexanizmlərinin sadələşdirilməsi ali təhsil müəssisələri üçün əhəmiyyətlidir. “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsini də universitetlərin məsuliyyətini və akademik imkanlarını daha aydın müəyyənləşdirmək baxımından faydalı hesab edirəm. “Elm haqqında” qanunun və əlaqəli normativ aktların inkişaf edən tədqiqat mühiti ilə uyğunlaşdırılması da diqqətdə saxlanılmalıdır.
Məncə, əsas məsələlərdən biri akademik muxtariyyətlə hesabatlılıq arasında düzgün tarazlığın qurulmasıdır. Universitetlər əmək bazarının və elmin dəyişən tələblərinə uyğun proqramları çevik yeniləyə bilməli, eyni zamanda, təhsil nəticələri üzrə şəffaf keyfiyyət təminatı mexanizmlərinə malik olmalıdırlar. Kredit sisteminin və dövlət təhsil standartlarının verdiyi imkanlardan səmərəli istifadə, fənlərin nəticəyönümlü planlaşdırılması və xarici keyfiyyət qiymətləndirməsinin gücləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir",- deyə rektor fikrini tamamlayıb.