Azedu.az

Müəllimin maaşını test yox, elmi və yaradıcı uğurları da artırmalıdır

AzEdu Tv

13 Noyabr 2026, 17:37
Müəllimin maaşını test yox, elmi və yaradıcı uğurları da artırmalıdır

Bir fizika müəlliminin qazandığı tək bir patent onun sertifikasiyada toplayacağı 60 baldan daha real və dəyərlidir.

Bu fikirləri AzEdu Podkast-a təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.

O qeyd edib ki, sertifikasiya könüllü əsasda öz yerində qala bilər. Deyək ki, bir müəllim kimi mənim elmi tədqiqatım, layihələrim, elmi jurnallarda məqalələrim, fərdi və ya yetirmələrimin uğur göstəriciləri, bir sözlə, diferensial maaş artımına təsir edəcək üstünlüklərim yoxdur.

"Belə olan halda mən sertifikasiyanın qapısını döyür və maaş artımı üçün imtahan yolu ilə mübarizə aparıram. Amma siz başqa bir müəllim kimi sertifikasiyaya ehtiyac görmürsünüz, çünki sadaladığım üstünlüklərin hamısı sizdə var. Siz həmin nailiyyətlərlə müraciət edirsiniz. Nəticədə, sizin maaşınız həmin göstəricilərə uyğun artır, mənim maaşım isə imtahan nəticəmə görə artır (yaxud imtahandan uğur qazana bilmirəmsə, azalır).

Düşünürəm ki, bu yanaşma daha effektiv olar. Bu halda müəllim özünü yalnız imtahandan, testdən, kompüter arxasındakı sual-cavab prinsipindən xilas etmiş olar. Burada psixoloji məqamlar da var. İllərlə kadr yetişdirən, tədris prosesinin aparıcı qüvvəsi olan bir şəxsin yalnız test sual-cavabı ilə qiymətləndirilməsi hər kəs üçün eyni deyil. Düzdür, şəxsən mənə qalsa, bunu pis qarşılamıram və lazım olsa, hər ay imtahana gedərəm. Tam səmimi deyirəm. Amma hər insan eyni deyil və hər kəsdən bunu tələb etmək olmaz. Ona görə də bu yanaşmanı bir qədər dəyişmək lazımdır.

Meyarlar həddindən artıq çoxdur və alternativlərin olmadığını deyə bilmərik. Bəli, birinci 5 illik mərhələ başa çatdı. İkinci proses, səhv etmirəmsə, 2027-ci ildən başlayacaq. Təbii ki, bu məsələləri rəsmi qərarlar müəyyən edəcək. Amma şəxsi fikrim budur ki, ikinci mərhələdə olmasa belə, sonrakı müddətdə mütləq alternativ mexanizmlər yaradılmalıdır. Müəllim yalnız test imtahanı ilə məhdudlaşan bir meyarla deyil, digər fəaliyyət meyarları ilə də qiymətləndirilməlidir və o, bunu bacaracaq.

Bir fizika müəlliminin qazandığı tək bir patent onun sertifikasiyada toplayacağı 60 baldan daha real və dəyərlidir.

Eləcə də bir kimya müəlliminin laboratoriyada şagirdə nümayiş etdirdiyi uğurlu bir reaksiya, ona elmi sevdirməsi, həmin ağ xalatı geyinməyə maraq yaratması sertifikasiya balından daha önəmlidir. Bir riyaziyyat müəlliminin hər hansı teoremi şagirdə fərqli, yaradıcı yollarla çatdırması, riyaziyyatı elmi metodlarla və mexanikanın tətbiqi ilə izah edən ideyası 10 sertifikasiya balından daha üstündür.

Artıq müəllimlərdən bunları tələb etməyin vaxtıdır. Nə vaxta qədər fizika müəllimi yalnız testə cavab verib maaş artımı gözləyəcək? Bəlkə, həmin müəllim elə bir yeni ideya irəli sürəcək, elə bir elmi məqalə yazacaq ki, onu heç peşəkar alim belə yaza bilməyəcək. Qoy onun maaşı məhz bu yaradıcılığına və elmi töhfəsinə görə artsın".

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox