Azedu.az

Bəstəkarlıq fakültələri bağlanır, gənc bəstəkarlar iş tapa bilmir 

AzEdu Təhsil Platforması

13 Noyabr 2026, 16:50
Bəstəkarlıq fakültələri bağlanır, gənc bəstəkarlar iş tapa bilmir 

Azərbaycanda bəstəkarlıq fakültələrinə maraq azalır, gənc bəstəkarlar isə işsizlik və maddi çətinliklərlə üzləşirlər.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə mədəniyyət sahəsindəki problemlərin müzakirəsi zamanı çıxışında bildirib.

O qeyd edib ki, bəstəkarlıq fakültələri tədricən bağlanır, yaxud digər fakültələrlə birləşdirilir. Bunun əsas səbəblərindən biri gənclərin bu sahəyə maraq göstərməməsidir:

“Akademiyanın Bəstəkarlıq fakültəsinin rəhbəri bu günlərdə mənə zəng edərək bildirdi ki, artıq neçə ildir, demək olar ki, heç bir ərizə qəbul etmirlər. Heç kim bəstəkarlığa daxil olmaq istəmir. Çünki bəstəkara qiymət verən, onun əsərlərini alan yoxdur”.

Firəngiz Əlizadə gənc bəstəkarların işlə təmin olunmasında da ciddi problemlər yaşandığını vurğulayıb. Onun sözlərinə görə, hətta bəzi diplomlarda “bəstəkar” ixtisası qeyd edilmir:

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar. Deyirlər ki, dolana bilmirik, bizə iş verilmir. Musiqişünaslar üçün iş tapılır, onların yazıları sifariş olunur, amma bəstəkarlara ehtiyac duyan yoxdur. Artıq diplomlarda belə “bəstəkar” sözünü yazmırlar”.

Bəstəkarlar üçün əsərlərinin ifa olunması imkanlarının da məhdud olduğunu deyən İttifaq sədri yüksək intellektlə yaradılan musiqi əsərlərinin yazıldığını da deyib. O, gənc dirijorların müasir Azərbaycan bəstəkarlarının yaradıcılığına kifayət qədər yer verməməsindən narazılığını da ifadə edib.

Firəngiz Əlizadə qeyd edib ki, beynəlxalq müsabiqələrdə uğur qazanan əsərlər belə sonradan ifa olunmur, bəstəkarlar öz musiqilərini dinləyiciyə çatdırmaq üçün imkan tapa bilmirlər. 

O, xüsusilə Vətən müharibəsindəki Qələbədən sonra bu tarixi hadisəni və qəhrəmanların obrazını əks etdirən yeni musiqi əsərlərinin yaradılmasını və sifariş edilməsini gözlədiyini, lakin bu istiqamətdə də gözləntilərinin doğrulmadığını vurğulayıb.

İran ballistik raketləri yeraltından çıxardı - Dəhşətli müharibə...
Son xəbərlərDaha çox