Bu gün Zəfərimizin 6-cı ildönümünü qürurla qeyd edirik. 6 il əvvələ qayıtsaq, hər kəsin necə birlik olduğunu xatırlamamaq mümkün deyil. Hamı bir amal uğrunda səfərbər olmuşdu - səngərdəki qəhrəmanlarımıza dəstək olmaq üçün. Onlardan biri də Dr. Anar Abdullayevdir.
O, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin 5-ci kursunda təhsil alarkən mübarizəyə qoşulub. Həm hərbi həkim, həm də hərbçi kimi döyüşlərdə iştirak edib. Döyüş yolu isə Talışkənd və Suqovuşan istiqamətindən keçib.
Hazırda Qarabağ Universitetinin Klinikasının Tibb və Sağlamlıq Mərkəzində həkim kimi fəaliyyət göstərir.
AzEdu.az bu münasibətlə Anar Abdullayevlə əlaqə saxlayıb və 6 il əvvələ - Zəfər yolumuzun qurulduğu günlərə qayıdıb.
- Anar müəllim, atəş altında həkimlik etmək insandan daha çox nə tələb edir: soyuqqanlılıq, yoxsa təcrübə? Bir də dəqiqləşdirmək istərdim: Siz bu döyüşlərə sırf həkim kimi qatılmışdınız, yoxsa hərbçi kimi vuruşurdunuz?
- Biz əslində ora həkim kimi qatılmışdıq. Lakin olduğumuz mövqedə həkimlikdən başqa digər işləri də görmək lazım gəlirdi. Məsələn, mərmilərin daşınması, maşınların boşaldılması və yüklənməsi kimi işlər… Orada hər kəs tək bir bütöv komanda kimi vuruşurdu. Görülən hər bir işin yeganə bir məqsədi var idi: Ordumuza, dövlətimizə və millətimizə faydalı olmaq! Ona görə də lazım gələndə əsgərlərə mərmi daşımaqda kömək edir, müəyyən döyüş tapşırıqlarında fəal iştirak edirdik. Hətta cəbhədəki proseslər bitəndən sonra komandanlıq tərəfindən fəaliyyətimə görə fəxri fərmana layiq görüldüm… Yəni biz orada həm həkim idik, həm də sıravi bir əsgər.
- Həm fiziki, həm də psixoloji olaraq gücün tükəndiyi yerdə özünüzdə o gücü necə tapırdınız?
- Düzünü desəm, insan normal həyatda gündəlik bir iş görəndə nə qədər yorulur, fikri dağılır. Amma biz orada olanda gün ərzində bəlkə də bir dəfə çətinliklə yemək yeyirdik, amma ac olduğumuz belə ağlımıza gəlmirdi. Yemək ehtiyacını belə düşünmürdük. Bizi orada ayaqda saxlayan soyuqqanlılıqla yanaşı, içimizdəki o alovlu milli döyüş ruhu, tükənməz vətənpərvərlik hissi və Uca Allahın bizə bəxş etdiyi ilahi bir qüvvə idi… Təcrübə dediyimiz şey elə o anların içində, canlı-canlı formalaşırdı. Biz təcrübənin ən canlı halını yaşayırdıq.
İçimizdə elə bir xüsusi güc var idi ki, biz bunun sayəsində bacardıq. İlahi bir güc, Vətən sevgisi - bunların hamısı şərt idi. Döyüş ruhu və xalqımızın sarsılmaz birliyi bizə əlavə motivasiya, tükənməz güc verirdi. Biz yaralılarımızı təxliyə etmək üçün daim irəli-geri hərəkətdə idik. Arxa cəbhəyə qayıdanda müəyyən ərazilərdə insanlarla qarşılaşırdıq. Maşınımız dayanan kimi bir dəqiqənin içində onu ərzaqla doldururdular. Baxmayaraq ki, ordumuzun təchizatı tam idi və heç bir ehtiyac yox idi. Təbii ki, müharibə şəraitidir, bəzən kiçik axsamalar ola bilər və bu normaldır. Amma insanlarımız o qədər bir olmuşdular ki, bir anlıq belə çatışmazlıq hiss olunmasın deyə, maşının qapısına çatan kimi onu ərzaqla doldururdular. O arxa cəbhənin dəstəyi bizə böyük dayaq idi.
- Maraqlıdır, nə üçün məhz hərbi həkimlik yolunu seçdiniz?
- O zamanlar həkim olmaq ən böyük arzum idi. İmtahanda 548 bal topladıqdan sonra həmin dövrdə keçirilən müsabiqədə iştirak etdim və uğur qazanaraq qəbul olundum. Beləliklə, həm hərbçi, həm də həkim olmaq kimi şərəfli bir yolu seçdim.
- Müharibəni kənardan görənlərlə onu içindən yaşayıb görənlər arasında həqiqət nədə fərqlənir? Müharibənin içində olmaq nə deməkdir?
- Bu hissləri tam olaraq sözlərlə ifadə etmək, inan ki, qeyri-mümkündür… Yaxşı yadımdadır, döyüşlərin başladığı ilk gecə Tərtər istiqamətinə yola düşdük. Gecə saat 2-3 radələrində artıq tamamilə tanımadığımız bir ərazidə, heç tanımadığımız insanlarla çiyin-çiyinə addımlayırdıq. Bu, həm böyük bir həyəcan, həm də tərifi olmayan bir qürur idi. Yaralını aparıb qısa bir zamandan sonra yenidən cəbhəyə qayıdanda döyüş yoldaşlarımızı əvvəlki yerlərində tapa bilmirdik. Çünki onlar artıq inanılmaz sürətlə irəliləmiş olurdular. Biz onları yalnız addım-addım qurduqları yeni çadırlardan axtarıb tapırdıq. İnsan baxıb qürurdan coşurdu ki, bizim döyüşçülərimiz, qəhrəmanlarımız o qədər sürətlə irəliləyirlər ki, arxalarınca maşınla gedib çatmaq belə mümkün olmurdu…

- O günlərdən yaddaşınızdan heç silinməyən hansı hadisə var?
- Doğrusu, orada keçən heç bir günü unutmaq mümkün deyil. Unudulmaz anlarımız çox olub... Məsələn, döyüşlərin elə ilk günlərində yaralı əsgərimizi xəstəxanaya çatdırıb geriyə qayıdanda gördük ki, ordumuz artıq Suqovuşan istiqamətindən çox-çox irəli gedib. Düşməndən təmizlənən ərazilərdə gecə saatlarında evlərə girdik. Düşmən elə bir vahimə və təşvişlə qaçmışdı ki, masanın üstündə hələ qazanı isti qalan makaronları belə qoyub qaçmışdılar. Bunun kimi yaddaşıma həkk olunan çox məqamlar var.
- Döyüş meydanında həyatını xilas etdiyiniz və bu gün də əlaqə saxladığınız qazilərimiz və ya hərbçilərimiz varmı?
- Bəli, belə döyüş yoldaşlarım kifayət qədər çoxdur. Bəzilərinin toylarına, xeyir işlərinə gedirik, görüşüb qucaqlaşırıq. Şükürlər olsun Allahın bu gününə ki, mənim tibbi yardım göstərdiyim yaralıların əksəriyyəti tam sağalıb həyata qayıtdı.
- Döyüş zamanı taqətdən düşüb bir anlıq harada olduğunuzu sorğuladığınız anlar yaşadınızmı?
- Əlbəttə, bəzən adamın taqəti tam bitirdi, ama bu hal bir neçə saniyə çəkərdi. Çünki xalqımızın o birliyini görürdük. Elə çətin yerlər var idi ki, ora hərbi texnika belə çətinliklə girirdi. Amma baxırdıq ki, mülki şəxslər öz həyatlarını təhlükəyə atıb bizə qida gətirməyə çalışırlar. Əslində hər şeyimiz var idi, ama onların bu həvəsi, dəstəyi bizə əlavə güc verirdi.
İrəlilədikcə, yaralıları aparıb geri qayıdanda arxa cəbhədən gələn sadə bir məktubu belə ön xəttə çatdıranda döyüşçülərimizin gözlərindəki o sevinci, qüruru görürdük. Xalqın bu birliyini hiss etmək onlara böyük ruh verirdi.
- Bəs müharibə başa çatdıqdan sonra dinc həyata adaptasiya olmaq sizin üçün çətin olmadı ki?
- Şükürlər olsun ki, məndə bu baxımdan heç bir psixoloji çətinlik yaşanmadı. Dinc həyata uyğunlaşmaq düşündüyümdən çox rahat oldu. Mən həm müharibəyə, həm də ondan sonrakı dövrə "hər şey belə də olmalı idi" yanaşması ilə baxdım.
- Artıq altı ilə yaxındır ki, biz Zəfər gününü böyük təntənə və bayram ruhu ilə qeyd edirik. Maraqlıdır, bəs o Zəfəri qazanan döyüşçülərdən biri kimi həmin gün Sizdə hansı hissləri oyadır?
- Döyüş zamanı ən çətin məqam elə bu hisslərin toqquşması idi bir gözümüzlə sevinclə qürur yaşı tökürdüksə, digər gözümüzlə kədər göz yaşları axıdırdıq. Ağır yaralanmış qazilərimiz belə balaca bir kəndin işğaldan azad olunduğunu eşidəndə ağrılarını unudur, böyük bir qürur və sevinclə bunu bayram edirdilər. Zəfər günü də məhz o böyük sevinclərin və fədakarlıqların birləşməsindən doğub. Ona görə də biz bu günü həm soyuqqanlıqla, həm də sonsuz bir qürur hissi ilə yaşayırıq.
- İllər keçdikdən sonra 44 günlük Vətən müharibəsini xatırlayanda özünüzə nə deyirsiniz?
- Böyük bir qürur hissi keçirib, düşünürəm ki, nə yaxşı mən də bu şanlı tarixin bir parçası oldum.
- Yaralı əsgəri qəbul edəndə həm həkim kimi peşəkar olmalı, həm də insani olaraq içində bir ağrı olur. O balansı saxlamaq sizinçün çətin deyildi ki?
- Əlbəttə, çətin anlar olurdu. Lakin istər bir hərbçi, istərsə də bir həkim kimi soyuqqanlılığımızı qorumaq bizim peşə borcumuz idi. Döyüş meydanındakı bu təcrübənin mənim gənc bir həkim kimi formalaşmağımda və peşəkar karyeramda əvəzsiz rolu oldu. Yaralı əsgərlərimizə tibbi yardım göstərməklə yanaşı, onlara ruh verir, dəstək olurduq. Vəzifəmizi layiqincə yerinə yetirməyə çalışırdıq, buna görə də o çətinliklər gözümüzə görünmürdü.

- Bəs elə bir an olubmu ki, yaralı bir hərbçimizə kömək edərkən "kaş daha çoxunu edə bilərdim" deyib sarsılasınız?
-Tibbi yardım baxımından əlimizdən gələn ən yaxşı şeyi edirdik. Amma bir insan kimi yaralı əsgərin üzərində övladının şəklini, ona yazılan məktubu və ya doğmalarından bir xatirə görəndə adam daxilən çox sarsılırdı. Yenə də bu hissləri döyüşçülərimizə göstərməməyə çalışırdıq. Bütün gücümüzü qoyurduq ki, qəhrəmanımızı sağ-salamat xilas edək və sonrakı həyatında heç bir sağlamlıq problemi qalmasın.
- Anar müəllim, müharibə dövründə ailənizlə necə əlaqə saxlayırdınız? Yəqin ki, bu da sizin üçün ən çətin məqamlardan biri olub...
- Bəli... Mən ailəmə hospitalda olduğumu demişdim. Harada olduğumu bildirmirdim, amma sonra xəbər saytlarının birində yaralıları təcili tibbi yardım maşınına gətirəndə çəkilən şəklimi paylaşmışdılar. Ailəm də elə həmin fotonu görəndən sonra bildi ki, mən də döyüşlərin içindəyəm. Ondan sonra gündə bir dəfə qısaca zəng edib yaxşı olduğumu deyirdim.
- Tələbələrə 44 günlük Zəfər yolumuzdan bəhs edən zaman onlara ötürmək istədiyiniz ən əsas həyat dərsi nədir?
- Düşünürəm ki, bu gün bizim tələbələrimiz bəlkə də dünyanın ən bəxtəvər gəncləridir. Çünki azad olunmuş Qarabağda, Qafqazın ən yaxşı təhsil ocaqlarından birində oxuyurlar. Fakültəmizdə də dərslər dünya standartlarına uyğun keçirilir, bunu tələbələrimizə də hər zaman deyirik. Gənclərə əsas sözüm odur ki, biz vaxtilə Vətən qarşısındakı borcumuzu döyüş meydanında yerinə yetirdik. Bu gün isə onların əsas işi yaxşı təhsil almaq və ölkəmizin inkişafına töhfə verməkdir.
- Bir vaxtlar qanla azad olunan o torpaqlarda həkim olmaq sizin üçün nə deməkdir?
- Mən Qarabağa ilk dəfə Vətən müharibəsi iştirakçısı və bir tələbə kimi gəlmişdim. Bu gün isə burada həkim kimi çalışıram. Dünən azadlığı uğrunda döyüşdüyün torpaqların bu gün gələcəyinə xidmət etmək böyük bir şərəfdir. Azad Qarabağda, belə müasir bir universitetdə işləyib xalqımıza fayda vermək mənim üçün ən böyük mükafat və qürurdur.
- Arzu edirik ki, bir daha heç vaxt müharibə olmasın. Amma yenidən belə bir təhlükə yaranarsa, bir daha müharibəyə qatılarsınızmı?
- Arzu edirəm ki, bir daha müharibə olmasın, bütün Qafqaza əbədi sülh gəlsin. Amma yenidən müharibə başlasa, təbii ki, hər bir Azərbaycan vətəndaşı kimi dövlətimiz harada ehtiyac görərsə, orada öz borcumuzu yerinə yetirməyə hər zaman hazıram.
- Son olaraq, bir həkim kimi cəmiyyətimizə və xüsusən də gənclərə nə demək istərdiniz?
- Əsas demək istədiyim odur ki, ixtisasından asılı olmayaraq hər kəs öz işini vicdanla görməlidir. Vətənpərvərlik təkcə səngərdə silahla döyüşmək deyil. Öz işinin haqqını verən hər bir kəs vətənpərvərdir.