Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasının ilk mərhələsinin yekunlaşması ilə növbəti mərhələdə tətbiq ediləcək qiymətləndirmə və əməkhaqqı mexanizmləri də müzakirə mövzusuna çevrilib.
2027-ci ildən başlayacaq təkrar sertifikatlaşdırma mərhələsində hazırda tətbiq olunan 10 və 35 faizlik əməkhaqqı əlavələrinin vahid əmsalla əvəzlənməsi təklifi də gündəmdədir. Lakin bu dəyişikliklə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Bəs növbəti sertifikatlaşdırma mərhələsində müəllimlərin əməkhaqqı sistemində hansı dəyişikliklər gözlənilir? Mövcud diferensial maaş mexanizmi necə yenilənə bilər?
AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Ələkbərova danışıb.
O, qeyd edib ki, ikinci sertifikatlaşdırma dövründə bu yanaşmanın dəyişməsi mümkündür:
"Sertifikatlaşdırmanın ilk beşillik dövrünün başa çatması təhsil sistemimiz üçün mühüm mərhələdir. Hesab edirəm ki, növbəti mərhələdə əsas diqqət təkcə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə deyil, həm də onların əməyinin daha ədalətli və səmərəli şəkildə stimullaşdırılmasına yönəlməlidir.
Bildiyimiz kimi, hazırda sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin vəzifə maaşlarına nəticələrindən asılı olaraq 10 və ya 35 faiz əlavə tətbiq edilir. Lakin ikinci sertifikatlaşdırma dövründə bu yanaşmanın dəyişməsi mümkündür. Elm və təhsil naziri Emin Əmrullayev də çıxışlarında diferensial əməkhaqqı mexanizminə yenidən baxılması və mövcud faizlərin vahid əmsalla əvəz edilməsi təklifini səsləndirib. Bu, kifayət qədər ciddi dəyişiklik ola bilər. Bununla belə, hələlik konkret faizlər və yeni hesablama qaydaları ilə bağlı yekun qərar qəbul edilməyib.
Məncə, burada diqqət yetirilməli mühüm məqam var".
Müəllim həm özündən nə gözlənildiyini, həm də göstərdiyi nəticənin əməkhaqqına necə təsir edəcəyini bilməlidir:
"İlk sertifikatlaşdırma mərhələsində müəllimlərin müəyyən bilik və bacarıqlara malik olması əsas götürülürdüsə, növbəti mərhələdə artıq onların peşəkar inkişafının davamlılığı ön plana çıxmalıdır. Əgər vahid artım əmsalı tətbiq olunarsa, bu, daha çox müəllimin maddi rifahının yaxşılaşdırılmasına imkan yarada bilər. Ancaq yüksək nəticə göstərən, daim öz üzərində çalışan müəllimlərin də əlavə stimullaşdırılması imkanları nəzərdən keçirilməlidir.
Digər tərəfdən, müəllimin peşəkarlığını yalnız imtahanda topladığı balla məhdudlaşdırmaq düzgün olmazdı. Onun sinifdə tətbiq etdiyi metodlar, pedaqoji bacarıqları, peşəkar inkişafı və şagirdlərin öyrənmə prosesinə verdiyi töhfə də nəzərə alınmalı amillərdəndir.
Düşünürəm ki, 2027-ci ildən başlayacaq yeni dövrdə əsas məqsəd müəllimlər arasında sadəcə əməkhaqqı fərqi yaratmaq deyil, keyfiyyətli tədrisi və davamlı peşəkar inkişafı təşviq edən daha təkmil əməkhaqqı mexanizmi formalaşdırmaq olmalıdır.
Ən vacibi isə odur ki, hər hansı dəyişiklik müəllimlərə əvvəlcədən aydın şəkildə izah edilsin. Çünki müəllim həm özündən nə gözlənildiyini, həm də göstərdiyi nəticənin əməkhaqqına necə təsir edəcəyini bilməlidir.
İnanıram ki, ilk beşillik dövrdə əldə olunan təcrübə növbəti mərhələdə müəllimlərin sosial rifahının daha da yaxşılaşdırılması və peşəkar inkişafının dəstəklənməsi üçün zəmin yaradacaq".