Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran-Astara Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Təhsil və əmək bazarı arasında məktəbəqədər və ibtidai təhsilin inkişaf perspektivləri” mövzusunda işgüzar görüş keçirilib. Tədbirdə İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının professor-müəllim heyəti, tələbələr, həmçinin bölgədə fəaliyyət göstərən bağça və məktəb direktorları iştirak ediblər.
AzEdu.az xəbər verir ki, müzakirələrin əsas diqqət mərkəzində kafedrada həyata keçirilən təhsil proqramlarının əmək bazarının real tələblərinə uyğunlaşdırılması, tələbələrin peşə kompetensiyalarının inkişaf etdirilməsi və universitet-işəgötürən əməkdaşlığının gücləndirilməsi məsələləri dayanıb. Görüş zamanı tədris planlarının müasirləşdirilməsi, proqramlara əmək bazarının ehtiyaclarına uyğun yeni mövzuların daxil edilməsi və tələbələrin bağça və məktəblərdə praktik hazırlığının artırılması ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, inklüziv təhsil, fərdi yanaşma, müasir təlim metodları və rəqəmsal texnologiyaların tədrisdə tətbiqinin zəruriliyi vurğulanıb.
Görüşün yekununda kadr tələbatını və işəgötürənlərin rəylərini müəyyənləşdirmək məqsədilə sorğu keçirilib, pedaqoji təcrübələrin təşkili üçün yeni əməkdaşlıq mexanizmləri nəzərdən keçirilib. Tədbirdə həmçinin erkən yaş təhsilində tələbələrin yaxından iştirakı ilə inklüziv sinif və ya qrupların yaradılmasını nəzərdə tutan pilot layihənin həyata keçirilməsi təklif olunub.