"Cəmiyyətdə bəzi peşə və ixtisasların oğlanlara, digərlərinin isə qızlara daha uyğun olduğu ilə bağlı stereotip yanaşma hələ də mövcuddur.
Bu düşüncə xüsusilə ixtisas seçimi zamanı özünü göstərir. Belə ki, qızlar daha çox müəllimlik, tibb, iqtisadiyyat və mühasibatlıq kimi sahələrə yönləndirilir, mühəndislik, informasiya texnologiyaları və digər texniki ixtisaslar isə ənənəvi olaraq oğlan peşələri kimi qəbul edilir. Halbuki ixtisas seçimi zamanı cinsiyyət deyil, şəxsin marağı, bacarığı və potensialı əsas götürülməlidir".
Bu fikri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib.
Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə qadınlar inşaat, maşınqayırma, geologiya və digər mühəndislik sahələrində də uğurla fəaliyyət göstərirlər:
"Bu sahələrdə qadınların sayının kişilərlə müqayisədə az olması onların həmin peşələrə uyğun olmadığı anlamına gəlmir. Təəssüf ki, cəmiyyətimizdə mühəndisliyin əsasən oğlanlara aid olduğu barədə yanlış təsəvvür hələ də mövcuddur.
Son illərdə dövrün tələblərinə uyğun olaraq gənclərin süni intellekt, informasiya texnologiyaları, kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi kimi sahələrə marağı artıb. Çünki gənclər bu istiqamətlərin əmək bazarında geniş imkanlar yaratdığını və gəlir baxımından perspektivli olduğunu yaxşı anlayırlar. Bu maraq həm oğlanlarda, həm də qızlarda müşahidə olunur. Lakin mühəndislik ixtisaslarında qızların sayı hələ də oğlanlarla müqayisədə azdır. Eyni zamanda, pedaqoji ixtisaslarda qızların üstünlük təşkil etdiyini görürük.
Bunun əsas səbəblərindən biri ailələrdə və cəmiyyətdə formalaşmış stereotiplərdir. Abituriyentlər və valideynlərlə ünsiyyət zamanı bu cür hallarla tez-tez qarşılaşırıq. Məsələn, ixtisas seçimi zamanı qız abituriyentin balı arzuladığı müəllimlik ixtisasına çatmadıqda ona mühəndislik ixtisaslarını təklif edirik. Lakin bəzi valideynlər bu təklifi qəbul etmirlər. Səbəb kimi isə qızlarının gələcəkdə mühəndis kimi işləməsini istəmədiklərini göstərirlər.
Hətta bəzi valideynlər düşünürlər ki, qızları ailə qurduqdan sonra həyat yoldaşları onların kişi həmkarlarının üstünlük təşkil etdiyi mühitdə işləməsinə razılıq verməyə bilər. Onların fikrincə, müəllimlik daha münasib peşədir. Çünki məktəblərdə qadın müəllimlərin sayı çoxdur və bu sahədə ailə baxımından problem yaranmayacaq".
Belə yanaşmalar qızların arzuladıqları ixtisaslara yiyələnməsinə və gələcək karyera seçimlərinə ciddi təsir göstərir.
"Təəssüf ki, bəzən mühəndislik və ya iqtisadiyyat üzrə ali təhsil almış qadınların da ailə qurduqdan sonra işləməsinə həyat yoldaşları tərəfindən məhdudiyyət qoyulduğunun şahidi oluruq. Bu isə yalnız qızların deyil, ümumilikdə cəmiyyətin peşə və əmək fəaliyyəti ilə bağlı yanaşmalarının dəyişməli olduğunu göstərir.
Digər tərəfdən, bu stereotiplər oğlanların da peşə seçiminə təsirsiz ötüşmür. Məsələn, müəllimlik ixtisası üzrə əməkhaqqının aşağı olması və bu peşənin daha çox qadınlara uyğun hesab edilməsi oğlan abituriyentlərin pedaqoji sahəyə marağını azaldır. Nəticədə, orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olmasının səbəblərindən biri də məhz bu yanaşmadır.
Düşünürəm ki, artıq cəmiyyətdə bu düşüncə tərzi dəyişməlidir. Peşələri qadın və ya kişi peşəsi kimi təsnifləşdirmək doğru yanaşma deyil. Necə ki, tibb sahəsində qadın və kişi mütəxəssislərin fəaliyyət göstərməsi normal qarşılanırsa, eyni münasibət mühəndislik və pedaqoji sahələrə də göstərilməlidir. Bu istiqamətdə maarifləndirmə işləri aparılmalı, valideynlərə və gənclərə peşə seçiminin cinsə görə deyil, şəxsi maraq, bacarıq və potensiala əsaslanmalı olduğu izah edilməlidir".