Azedu.az

Dünya tibb elminə iki ixtira gətirən azərbaycanlı: "Bütün alimlərə "Bədəloğlu texnikasını" öyrədirik"

Müsahibə və reportajlar

24 Oktyabr 2026, 13:36
Dünya tibb elminə iki ixtira gətirən azərbaycanlı: "Bütün alimlərə "Bədəloğlu texnikasını" öyrədirik"

Xaricdə elmi fəaliyyət göstərən azərbaycanlı alimlərin uğurları ölkəmizin elmi potensialının beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə tibb sahəsində yeni cərrahi üsulların hazırlanması, rəqəmsal texnologiyaların tətbiqi və gənc alimlərin yetişdirilməsi müasir elmin əsas istiqamətlərindəndir.

Türkiyədə elmi və pedaqoji fəaliyyətlə məşğul olan, ağız, diş və çənə cərrahiyyəsi, eləcə də implantologiya sahəsində araşdırmalar aparan azərbaycanlı alim Elçin Bədəloğlu da bu siyahıdakı alimlərdən biridir. O, soyadını daşıyan iki cərrahi ixtiranın (texnikanın) patent müəllifidir.

Hazırda İstanbul Aydın Universitetinin dosenti olaraq Türkiyənin İstanbul şəhərində elmi-pedaqoji fəaliyyətini davam etdirir, doktorantların elmi rəhbəridir və Azərbaycan - Türkiyə elmi əməkdaşlığın genişləndirilməsinə töhfə verməyə çalışır.

AzEdu.az bu münasibətlə Elçin Bədəloğlu ilə həmsöhbət olub.

Müsahibəmizdə Türkiyə və Azərbaycan tibb təhsili arasındakı fərqlərdən, stomatologiyada nəzəri biliklərlə klinik təcrübənin əhəmiyyətindən, yeni cərrahi metodların yaradılmasından, süni intellektin tibbə təsirindən və xaricdə elmi karyera qurmaq istəyən gənclərə tövsiyələrindən danışdıq.

Müsahibəni təqdim edirik:

-Azərbaycan Tibb Universitetində təhsil aldığınız dövrdə tələbə mübadiləsi proqramı ilə Türkiyəyə yollanmısınız. Həmin vaxt bu qərarın gələcək həyatınıza və elmi karyeranıza bu qədər ciddi təsir göstərəcəyini düşünürdünüzmü?

-Əslində, düşünürdüm. Çünki bundan əvvəl də Türkiyədə bir il biologiya ixtisası üzrə təhsil almışdım. Lakin sonradan ailə problemləri ilə əlaqədar Azərbaycana qayıtmalı oldum.

Sonradan tələbə mübadiləsi proqramında iştirak imkanı yarananda bunun mənim üçün çox önəmli fürsət olduğunu anlayırdım. Bununla belə, seçim mərhələsində rəqabət çox böyük idi və açığı, seçiləcəyimə o qədər də inanmırdım. Ehtimalın az olduğunu düşünsəm də, bu imkanı istisna etmirdim.

Nəticədə, təxminən 280 əlaçı tələbənin arasından 29 nəfər seçildi. Stomatologiya fakültəsindən isə üç tələbə seçildi ki,  biri də mən oldum. Beləliklə, karyeramın başlanğıcını, demək olar ki, İstanbul Universitetində qoydum.

-Az əvvəldə qeyd etdiyiniz kimi, 280 əlaçı tələbə arasından seçilən 29 nəfərdən biri olmusunuz. Bu seçimdə uğur qazanmağınızda hansı amillərin rol oynadığını düşünürsünüz?

-Hesab edirəm ki, bu uğur yalnız dərslərimdən irəli gəlmirdi. Seçimdə, təbii ki, əlaçı tələbələr iştirak edirdilər. Lakin düşünürəm ki, ailədə aldığım tərbiyə və yetişdirilməyimin də burada böyük rolu olub. Seçim üçün çox az vaxt ayrılmışdı. İstanbul Universitetinin və Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin nümayəndələri komissiyada iştirak edirdilər. Yadımdadır ki, təxminən 20 nəfərə yaxın münsif var idi və onların hər biri bizə suallar verirdi.

Bəzi suallar elmi biliklərimizlə bağlı olsa da, əsas məqsəd tələbələrin dünyagörüşünü, gələcəyə baxışını, özünü necə yetişdirdiyini və potensialını qiymətləndirmək idi. Həmçinin Azərbaycanı xaricdə layiqincə təmsil etmək qabiliyyətimizin olub-olmadığına da diqqət yetirilirdi.

Özümüzü yaxşı ifadə etmək üçün təxminən 10-15 dəqiqə vaxtımız olurdu. İlk 5-10 dəqiqə xüsusilə vacib idi. Bəzi tələbələrlə müsahibə təxminən beş dəqiqə davam edirdi, bəziləri ilə isə 15 dəqiqə. Mənim müsahibəm, xatırladığım qədər, 15-20 dəqiqə çəkmişdi.Ümumilikdə, qiymətləndirmə zamanı yalnız dərsliklərdən əldə etdiyimiz biliklərə deyil, həyata baxışımıza və ümumi perspektivimizə də önəm verilirdi.

-Türkiyədə təhsil almaq imkanı sizin üçün sadəcə akademik fürsət idi, yoxsa gələcək karyeranızı müəyyənləşdirən dönüş nöqtəsi?

-Bunun gələcək karyeram üçün dönüş nöqtəsi ola biləcəyini düşünürdüm. Çünki Türkiyə və təhsil alacağım universitet haqqında kifayət qədər məlumatım var idi. İstanbul Universiteti qədim tarixi və beynəlxalq səviyyədə tanınması ilə seçilən ali təhsil müəssisəsidir. Universitetin tibb sahəsində də mühüm ənənələri var. Məsələn, Türkiyədə ilk diş həkimliyi fakültəsi 1908-ci ildə İstanbul Universitetində yaradılıb. Türkiyədə Diş Həkimləri Günü də məhz həmin fakültənin yaradılması ilə əlaqələndirilir.

Bu tarixi bilirdim və Türkiyədə diş həkimliyi təhsilinin əsasının qoyulduğu fakültədə oxuyacağımı anlayırdım. Orada yüksək səviyyəli müəllimlərdən dərs alaraq karyeramı uğurlu şəkildə başladacağıma inanırdım. Bu inamım təsadüfi deyil, məqsədlərimə əsaslanırdı. Düşünürəm ki, nəticə də gözlədiyim kimi oldu.

-Azərbaycan Tibb Universitetindən İstanbul Universitetinə keçid zamanı tədris mühitinə, təhsil sisteminə və yeni həyata uyğunlaşmaq baxımından hansı çətinliklərlə qarşılaşdınız?

-Bundan əvvəl Türkiyədə bir il biologiya ixtisasə üzrə təhsil aldığım və türk dilinə hakim olduğum üçün müəyyən məlumatım var idi. Buna baxmayaraq, çətinliklər yaşadım. Əksini desəm, doğru olmaz. Azərbaycan Tibb Universiteti kifayət qədər yaxşı təhsil verən ali təhsil müəssisəsidir. Lakin İstanbul Universitetində tədris proqramı və müəllimlərin yanaşma tərzi fərqli idi. Azərbaycanda tədris daha çox keçmiş Sovet təhsil sistemindən gələn ənənələrə uyğun olaraq nəzəri biliklərin dərindən mənimsənilməsinə əsaslanırdı. İstanbul Universitetində isə praktikaya daha çox üstünlük verilirdi.

Biz üç tələbə birlikdə İstanbul Universitetinə gəlmişdik. Burada anatomiya, fiziologiya, patologiya və histologiya kimi fundamental fənlər tədris olunurdu. Azərbaycan Tibb Universitetində həmin fənləri bir il ərzində o qədər dərindən mənimsəmişdik ki, İstanbul Universitetində dərslərə qatıldığımız halda, əlavə olaraq çox çalışmadan həm nəzəri, həm də praktik məşğələlərdə yüksək nəticələr göstərirdik. Müəllimlər də bizim bu biliklərə necə yiyələndiyimizlə maraqlanırdılar.

Bu, əvvəlki universitetimizdə təməlin nə qədər möhkəm qoyulduğunu göstərirdi. Həmin biliklər gələcək karyeramızda da çox işimizə yaradı.Bununla yanaşı, tədris yanaşmaları arasında ciddi fərqlər var idi. İstanbul Universitetində tələbələrlə müəllimlər arasında ünsiyyət daha açıq qurulurdu. Tələbələr fikirlərini rahat ifadə edir, müəllimlərə suallar verir, bəzən onların fikirlərini tənqid edir və ya irəli sürülən yanaşmalarla razılaşmadıqlarını bildirirdilər.

Bizdə isə ənənəvi olaraq müəllim danışır, tələbələr dinləyirdilər. Çox vaxt suallarımızı verməkdə, yaxud müəllimin fikrinə etiraz etməkdə çətinlik çəkirdik. İstanbul Universitetində bunun tam əksini gördüm.Bu fərqli mühitə uyğunlaşmağım təxminən bir il çəkdi. Bir ildən sonra artıq yeni tədris sisteminə və ünsiyyət formasına alışdım.

-Həm Azərbaycanda, həm də Türkiyədə tibb təhsili təcrübəniz var. Bu iki ölkənin tibb təhsili sistemini müqayisə etdikdə hansı əsas fərqləri qeyd edə bilərsiniz?

-Əslində, hər iki ölkənin tibb təhsili sisteminin ortaq cəhətləri var. Ancaq bizim Türkiyəyə gəldiyimiz dövrdə, xüsusilə 2000-ci ildən əvvəlki illərdə Azərbaycan tibbi daha çox rus tibb məktəbinin təsiri altında inkişaf edirdi.

Düşünürəm ki, təxminən 50 il əvvəl Rusiyada çox yaxşı tibb təhsili sistemi var idi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra oradakı təhsilin inkişafı müəyyən qədər zəiflədi və bu, Azərbaycana, eləcə də digər postsovet ölkələrinə təsir göstərdi. Bu dövrdə Türkiyənin tibb təhsili sistemi ön plana çıxmağa başladı. Çünki vaxtilə ABŞ-yə gedərək təhsil alan tələbələr Türkiyəyə qayıtmış və burada tibb təhsilinin inkişafına töhfə vermişdilər. Mən də həmin dövrdə Türkiyə ilə Azərbaycan arasında müəyyən fərqləri aydın şəkildə hiss edirdim.

Sonradan Azərbaycandan xaricə təhsil almağa gedən tibb tələbələri ölkəyə qayıdaraq qazandıqları təcrübəni tətbiq etməyə başladılar. Düşünürəm ki, bu gün iki ölkənin tibb təhsili arasında əvvəlki qədər böyük fərq yoxdur. Təbii ki, Türkiyə müəyyən mənada öndə ola bilər, amma kəskin fərqlərin olduğunu düşünmürəm. Bununla belə, bizim Türkiyəyə gəldiyimiz dövrdə həmin fərq daha aydın hiss olunurdu.

-Sizcə, tibb təhsilində nəzəri biliklərlə klinik təcrübə arasında düzgün tarazlıq necə qurulmalıdır? Bu baxımdan Türkiyə təcrübəsinin hansı nümunələri Azərbaycan üçün də faydalı ola bilər?

-Mən düşünürəm ki, tibb təhsilini iki qanadı olan quşa bənzətmək olar. Quşun qanadlarından biri güclü, digəri isə zəif olarsa, o, normal uça bilməz. Tibb təhsili də belədir. Burada həm nəzəri biliklər güclü olmalı, həm də praktik bacarıqlara kifayət qədər yer verilməlidir. Bunlar bir-birini tamamlayan amillərdir və birini digərindən ayrı təsəvvür etmək mümkün deyil.

Türkiyədə, xüsusilə stomatologiya sahəsində bu sistemin kifayət qədər yaxşı qurulduğunu düşünürəm. Tələbələr üçüncü kursdan etibarən müəyyən edilmiş sistem çərçivəsində həm nəzəri biliklər əldə edir, həm də xəstələri müayinə və müalicə edərək praktik təcrübə qazanırlar. Onların praktik fəaliyyətləri qiymətləndirilir və topladıqları nəticələr əsasında imtahanlara buraxılıb-buraxılmayacaqları müəyyənləşdirilir.

Fikrimcə, stomatologiya təhsilinin əsas üstünlüklərindən biri tələbələrin diplom almadan, müəllimlərin nəzarəti altında xəstələri müayinə və müalicə etmələri, bu prosesi isə qanunvericiliyə uyğun şəkildə həyata keçirmələridir. Tələbələr əvvəlcə nəzəri biliklərini praktikada tətbiq edirlər. Praktik imtahanlarda tələb olunan nəticəni əldə edə bilməyənlər isə nəzəri imtahanlara belə buraxılmırlar.

Azərbaycan Tibb Universitetində də tələbələr xəstələrlə işləyir, onları müayinə edirlər. Lakin düşünürəm ki, bu təcrübə tələbələrin peşəkar hazırlığı üçün hələ də kifayət qədər geniş deyil. Bizdə nəzəri biliklər daha güclü olur, amma tələbələr bəzən məhdud sayda xəstə üzərində təcrübə qazanaraq məzun olurlar.

Türkiyədə isə, məsələn, stomatologiya fakültəsinin beşinci kursunu bitirən tələbə əsas müalicə prosedurlarını kifayət qədər yerinə yetirir, praktik bacarıqlarını inkişaf etdirir.  Məncə, iki ölkənin tibb təhsili arasındakı əsas fərq məhz buradadır: tələbənin yalnız nəzəri biliklərə yiyələnməsi deyil, həmin bilikləri praktikada nə dərəcədə tətbiq edə bilməsi də mühüm əhəmiyyət daşıyır.

-Elmi fəaliyyətinizin əsas istiqamətlərindən biri ağız, diş və çənə cərrahiyyəsidir. Bu sahədə sizi daha çox hansı elmi problemlər düşündürür?

-Ağız, diş və çənə cərrahiyyəsi çox geniş sahədir və müxtəlif istiqamətləri əhatə edir. Bu istiqamətlər arasında mənim ən çox maraq göstərdiyim sahə implantologiyadır. Xüsusilə çənə sümüklərinin rekonstruksiyası, yəni sümük toxumasının artırılması metodları ilə məşğul oluram. Bu prosesi augmentasiya adlandırırıq.

Bu sahə ilə bağlı soyadımı daşıyan iki fərqli texnikanın müəllifiyəm. Həmin texnikaları həm Türkiyədə, həm də digər ölkələrdə bu ixtisas üzrə çalışan mütəxəssislərə və alimlərə öyrətməyə çalışıram. Bunun üçün ustad dərsləri və nəzəri təqdimatlar keçirirəm. Bu fəaliyyətimlə qürur duyuram.Türkiyədə yaşamağıma və oradakı universitetdə çalışmağıma baxmayaraq, azərbaycanlı olduğumu hər zaman vurğulayıram. Harada olmağımdan asılı olmayaraq, Azərbaycanı təmsil etdiyimi unutmuram və bununla fəxr edirəm.

-Soyadınızı daşıyan iki cərrahi üsulun müəllifisiniz. Bu metodların yaradılması hansı klinik ehtiyacdan irəli gəlib və onların hazırlanması prosesi necə baş verib?

-Ümumiyyətlə, dünyada ən dəyərli resurs zamandır. Məncə, zamanı əvəz edə biləcək başqa bir şey yoxdur. Tibb sahəsində də elə əməliyyatlar var ki, onları mərhələli şəkildə həyata keçirmək lazımdır. Bu mərhələlər arasında bəzən üç, bəzən də altı ay gözləmək tələb olunur.

Pasiyent müraciət etdikdən sonra müalicənin ilk əməliyyatdan son nəticəyədək tamamlanması bəzən bir il, hətta il yarım çəkə bilir. Bu isə kifayət qədər uzun müddətdir. Halbuki bir il ərzində insan həyatında çox şey baş verə bilər.

Mən düşünürdüm ki, bu prosesi daha səmərəli təşkil etməyin bir yolu olmalıdır. Əməliyyat mərhələlərini birləşdirən və vaxta qənaət etməyə imkan verən metod hazırlamaq istəyirdim. Beləliklə, “All-in-One Surgery”, yəni hər şeyin bir əməliyyatda həyata keçirilməsi yanaşması üzərində işlədim.

Məsələn, bizim ixtisasımızda bəzi hallarda əvvəlcə sümük toxuması bərpa edilir, daha sonra implantlar yerləşdirilir və sonda protez bərpası həyata keçirilir. Bu mərhələlər bir ilə qədər vaxt apara bilər. Lakin təklif etdiyim üsullarla uyğun klinik hallarda həmin prosedurları bir cərrahi müdaxilə çərçivəsində yerinə yetirmək mümkündür. Pasiyent ümumi anesteziya altında əməliyyata alınır və müdaxilədən sonra həm sümük toxuması bərpa edilir, həm implantlar yerləşdirilir, həm də dişlərin bərpası həyata keçir.

Bu istiqamətdə iki fərqli texnikam var. Onlardan biri artıq on ildən çoxdur ki, “Bədəloğlu texnikası” adı ilə tanınır. Türkiyədə soyadım Bədəloğlu kimi işlənir. Bu texnikaları öyrətdiyim və izah etdiyim mütəxəssislərdən müsbət rəylər alıram. Düşünürəm ki, bu metodlar səhiyyə sahəsində özünə yer tapıb.

-Stomatologiyada rəqəmsal texnologiyalar, süni intellekt və yeni diaqnostika üsulları sürətlə inkişaf edir. Sizcə, bu yeniliklər yaxın illərdə ağız və çənə cərrahiyyəsinə necə təsir göstərəcək?

-Süni intellektin və rəqəmsal stomatologiyanın bizi gələcəkdə dəyişdirəcəyini demək artıq düzgün olmazdı. Çünki bu texnologiyalar artıq iş proseslərimizi dəyişdirib. Son 15 ildə onlardan fəal şəkildə istifadə edirik.

Düşünürəm ki, süni intellektin müəyyən riskləri olsa da, faydaları daha çoxdur. Bu texnologiyalardan istifadə etməyən həkimlər və alimlər zaman keçdikcə peşə fəaliyyətlərində çətinliklərlə üzləşə bilərlər. Əsas məsələ süni intellektdən düzgün məqsədlə və uyğun şəraitdə istifadə etməkdir. Biz də öz fəaliyyətimizdə bu imkanlardan yararlanırıq.

Rəqəmsal texnologiyalar mərhələli cərrahi müdaxilələri asanlaşdırır. Əvvəllər əməliyyat zamanı toxumaları görmək, ölçülər götürmək və sümüyün formasını müəyyənləşdirmək üçün cərrahi müdaxilə aparmaq lazım gəlirdi. Daha sonra növbəti mərhələlərdə əməliyyatlar həyata keçirilirdi.

İndi isə rəqəmsal texnologiyaların köməyi ilə tomoqrafiya görüntüləri üzərindən sümüyün formasını və mövcud patologiyaları əvvəlcədən müəyyən edə bilirik. Həmçinin əməliyyat zamanı istifadə ediləcək sümük əvəzedici materialları- greft materiallarını- əvvəlcədən hazırlayaraq lazımi nahiyəyə uyğun ölçülərdə yerləşdirmək mümkün olur.Bu yanaşma əməliyyat müddətini qısaltmağa və cərrahi müdaxilələrin mərhələlərinin sayını azaltmağa imkan verir.

-Hazırda elmi rəhbərlik etdiyiniz doktorantlar var. Onların tədqiqat mövzularını müəyyənləşdirərkən hansı meyarları əsas götürürsünüz? Azərbaycanlı doktorantınızın gələcək fəaliyyəti ilə bağlı hansı planlarınız var?

-Bu günədək elmi rəhbərlik fəaliyyətimi genişləndirmişəm. Hazırda yeddi doktorantım var və onlardan biri azərbaycanlıdır. Təbii ki, onu azərbaycanlı olduğuna görə seçməmişəm, o da bu mövqeyə layiq olduğu üçün doktorantlarım sırasındadır. Bununla belə, onun üzərinə düşən məsuliyyətin daha böyük olduğunu düşünürəm. İlk tanışlığımız zamanı da ona bildirmişəm ki, təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmasını və burada tamhüquqlu bir alim kimi fəaliyyət göstərməsini istəyirəm. İnanıram ki, o, Azərbaycana qayıdacaq. Mən də bunun reallaşması üçün əlimdən gələni etmək niyyətindəyəm.

Doktorantların elmi tədqiqat mövzularının seçilməsində isə standart bir protokoldan istifadə etmirəm. Hər bir tələbənin qabiliyyətini, dünyagörüşünü, yanaşmasını, gələcək planlarını və maraq göstərdiyi sahəni nəzərə almağa çalışıram. Hesab edirəm ki, elmi tədqiqatla məşğul olan insanın seçdiyi mövzuya həqiqi marağı olmalıdır.

Mənim təklif etdiyim mövzu tələbənin marağını cəlb etməzsə və o, yalnız mən istədiyim üçün həmin istiqamətdə çalışarsa, gələcəkdə başqa sahəyə yönəldikdə həm onun əməyi, həm də mənim çəkdiyim zəhmət boşa gedə bilər. Buna görə də mövzuları tələbələrin fərdi qabiliyyətlərinə və maraqlarına uyğun seçməyə üstünlük verirəm.

Eyni zamanda, seçilən mövzuların elmi yenilik daşımasına və beynəlxalq elmi ədəbiyyatda dərc oluna biləcək nəticələr ortaya qoymasına xüsusi diqqət yetiririk. Mənim üçün əsas şərtlərdən biri tədqiqatın elmə yeni töhfə verməsidir. Mövzuları da məhz bu prinsiplər əsasında müəyyənləşdiririk.

-Xaricdə təhsil almaq və elmi karyera qurmaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?

-Gənclərə ən böyük tövsiyəm, ilk növbədə, məqsədlərini düzgün müəyyənləşdirməkdir. İkinci vacib məqam isə təhsil almağa və ya yaşamağa getdikləri ölkənin dilini mükəmməl öyrənmələridir. Mən yalnız ingilis dilini nəzərdə tutmuram. İngilis dili artıq beynəlxalq ünsiyyət dilidir və bu dili bilmək müasir dövrdə zərurətə çevrilib. Bununla yanaşı, imkanları varsa, başqa dilləri də öyrənsinlər.

Digər mühüm tövsiyəm isə səbirli olmağı öyrənmələridir. Tələbələrlə çox işləyirəm və müşahidə edirəm ki, yeni nəslin qarşılaşdığı problemlərdən biri hər şeyə qısa zamanda nail olmaq istəyidir. Gənclər bəzən pillələri üç-üç, beş-beş qalxmaq, tez nəticə əldə etmək istəyirlər. Ancaq unutmamalıyıq ki, uğur səbir, davamlılıq və müntəzəm çalışma tələb edir.

Məqsədə doğru addımları bir-bir atmaq lazımdır. Pillələri tələsik qalxmağa çalışanda insanın ayağı ilişə, büdrəyə və yıxıla bilər. Buna görə də gənclərə tövsiyəm odur ki, ardıcıl və sistemli çalışsınlar, səbirli olsunlar, qarşılarına qoyduqları məqsədlərdən asanlıqla vaz keçməsinlər.Ən əsası isə dil öyrənməyə, özlərini inkişaf etdirməyə və davamlı çalışmağa diqqət yetirsinlər. Hesab edirəm ki, uğura aparan yol məhz bu prinsiplərdən keçir.

Dünya Azərbaycan Alimlər Birliyi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimləri bir araya gətirən, elmi əlaqələrin möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən platformadır. Birlik Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması, xaricdə çalışan alimlərin elmi potensialının ölkəmizlə əlaqələndirilməsi və bilik mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli rol oynaya bilər.

Qeyd edək ki, Dünya Azərbaycanlı Alimlər Birliyi ilə AzEdu Təhsil Platforması arasında anlaşma memorandumu imzalanıb.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox