Bu gün bir çox şagirddə etik davranış pozuntularına rast gəlinir. Bununla əlaqədar məktəblərdə bir sıra qaydalar mövcuddur. Lakin bu qaydalar hələ də bütün məktəbləri əhatə etmir.
Bu halda sual yaranır: şagirdlərin etik davranış qaydaları niyə hələ də bütün məktəbləri əhatə etmir?
AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Ələkbərova danışıb.
O qeyd edib ki, bu gün əsas müzakirə mövzusu qaydaların olub-olmaması deyil, onların məktəblərdə nə dərəcədə effektiv tətbiq edilməsidir:
“İlk növbədə qeyd etmək istərdim ki, şagird davranış qaydaları ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən son illərdə mühüm addımlar atılıb. İlkin mərhələdə müəyyən məktəblərdə sınaqdan keçirilən bu qaydaların bütün ümumi təhsil müəssisələrində tətbiqi istiqamətində də işlər aparılıb.
Düşünürəm ki, bu gün əsas müzakirə mövzusu qaydaların olub-olmaması deyil, onların məktəblərdə nə dərəcədə effektiv tətbiq edilməsidir. Çünki qaydanın mövcudluğu hələ onun hər bir şagird tərəfindən eyni şəkildə mənimsənilməsi demək deyil.
Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, İngiltərə və Avstraliya kimi ölkələrdə də şagird davranışının tənzimlənməsi yalnız intizam tədbirləri ilə məhdudlaşmır. Məktəbdə müsbət davranış mühitinin yaradılması, müəllim-valideyn əməkdaşlığı və psixoloji dəstək bu prosesin mühüm hissəsi hesab olunur.
Bir müəllim kimi düşünürəm ki, biz də məsələyə bu prizmadan yanaşmalıyıq. Bəzən uşağın davranışındakı problemin səbəbini araşdırmaq və onunla düzgün ünsiyyət qurmaq tətbiq edilən intizam tədbirindən daha təsirli ola bilər.
Əlbəttə, qaydalara əməl olunmasına nəzarət vacibdir. Amma unutmayaq ki, davranış mədəniyyətinin formalaşması təkcə məktəbin üzərinə düşən məsuliyyət deyil. Burada ailənin, müəllimin və bütövlükdə cəmiyyətin rolu var.
Məncə, əsas hədəfimiz uşaqların yalnız məktəb daxilində qaydalara əməl etməsi deyil, məktəbdə qazandıqları davranış mədəniyyətini gündəlik həyatlarına da daşıması olmalıdır. Çünki yaxşı davranış cəza qorxusundan deyil, insanın daxilində formalaşan məsuliyyət hissindən qaynaqlanmalıdır”.