Almaniya alimləri insan hüceyrələrinin gənclik vəziyyətinə necə qayıtdığını ətraflı şəkildə öyrənmək məqsədilə gəncləşmə prosesini 100 gündən çox müddətə uzatmağın yolunu kəşf ediblər. Tədqiqat zamanı mütəxəssislər 80 yaşlı şəxsin qan hüceyrələrini bioloji yaşı 20-dən az olan insanların yaşına uyğun gələn sinir kök hüceyrələrinə çeviriblər.
AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri "Aging Cell" elmi jurnalında dərc olunub.
Bu nailiyyət tədqiqatçılara hüceyrələrin gəncləşmə mexanizmlərini daha dərindən analiz etməyə, eləcə də tibb və digər elm sahələrindəki araşdırmalar üçün yeni imkanlar açmağa kömək edə bilər. Yetkin hüceyrələrin kök hüceyrələrə çevrilməsi (yenidən proqramlaşdırılması) və bununla əlaqədar gəncləşmə faktı elmə çoxdan məlumdur. Lakin indiyədək mövcud olan üsullar adətən çox sürətlə işləyir ki, bu da alimlərə prosesin bütün mərhələlərini izləməkdə və baş verən dəyişiklikləri dərk etməkdə çətinlik yaradır.
Almaniyalı mütəxəssislər yenidən proqramlaşdırma müddətini 100 gündən çox uzatmağa müvəffəq olublar. Bunun sayəsində onlar hüceyrələrin tədricən dəyişməsini müşahidə etməyə və gəncləşmə mexanizmlərini incə detallarına qədər araşdırmağa imkan verən eksperimental model əldə ediblər. Əldə edilən sinir kök hüceyrələri gələcəkdə beyin hüceyrələrinin yaranmasına başlanğıc vermək qabiliyyətinə malikdir. Yeni yanaşma qocalma proseslərini tədqiq etməyə və hüceyrə səviyyəsində yaşla bağlı dəyişikliklərin öyrənilməsi metodlarını inkişaf etdirməyə dəstək ola bilər.