Bu gün gənclərin kitaba marağının azalması cəmiyyətdə müzakirə olunan məsələlərdən biridir. Problemin səbəbləri isə çox vaxt məktəblərdə axtarılır.
Belə ki, şagirdlərdə mütaliə vərdişlərini formalaşdırmaq üçün məktəb kitabxanalarında müxtəlif oyunların və hədiyyəli yarışların keçirilməsi təklif olunur. Bəzi məktəblərdə ay və ya il ərzində ən çox kitab oxuyan şagirdlərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilir. Lakin bu cür təşəbbüslər bütün məktəblərdə tətbiq olunmur.
Sizcə, gənclərin kitaba marağını artırmaq və mütaliə vərdişlərini formalaşdırmaq üçün hansı addımlar atılmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov danışıb.
Müsahibimiz qeyd edib ki, bu prosesdə ailə mühiti əsas təməl rolunu oynamalıdır:
“Gənclərin, xüsusilə də məktəb yaşlı şagirdlərin mütaliəyə marağının azalması müasir informasiya cəmiyyətinin və rəqəmsal keçid dövrünün ən mühüm sosial-mədəni problemlərindən biridir. Pedaqoji psixologiya göstərir ki, kitab oxumaq sadəcə hazır məlumatların mənimsənilməsi prosesi deyil, həm də şəxsiyyətin formalaşmasında, emosional zəkanın inkişafında və fərdin daxili dünyasının zənginləşməsində mühüm rol oynayır. Mütaliə insanda tənqidi təfəkkür, hadisələri fərqli prizmadan qiymətləndirmək, empatiya qurmaq və özünü dərk etmək bacarıqlarını inkişaf etdirir.
Kitab mütaliəsi nəticəsində formalaşan intellektual baza şəxsiyyətin sosial mühitə uyğunlaşmasında mühüm rol oynayır. Beynəlxalq təcrübədə bu problemin həlli istiqamətində müxtəlif innovativ yanaşmalar və idarəetmə modelləri tətbiq olunur. Avropa ölkələrinin təhsil təcrübəsində, xüsusilə Fransa və Almaniyada məktəb və kütləvi kitabxanalar sadəcə kitabların saxlanıldığı məkanlardan müasir interaktiv mərkəzlərə çevrilir. Bu ölkələrdə kitab terapiyası və rəqəmsal oxu platformaları vasitəsilə gənclərin rəqəmsal cihazlardan istifadəsinin faydalı təlim vasitələrinə yönəldilməsinə çalışılır. Böyük Britaniyada “Milli Oxu Təşəbbüsü” çərçivəsində küçələrdə, parklarda və ictimai nəqliyyatda ödənişsiz mobil kitabxanalar yaradılır. Sinqapur və Cənubi Koreyada isə mütaliə vərdişlərinin inkişafı milli təhsil proqramlarında məntiqi və tənqidi təfəkkürün formalaşdırılması ilə əlaqələndirilir.
Bu prosesdə ailə mühiti əsas təməl rolunu oynamalıdır. Şagirdlərdə oxu vərdişlərinin formalaşması yalnız məktəb mühiti ilə məhdudlaşmır. Ailədə mütaliə mədəniyyəti ilə qarşılaşmayan uşağın yalnız məktəbdaxili yarışlar vasitəsilə davamlı oxu vərdişi qazanması çətin olur və bu vərdiş uzunmüddətli xarakter daşımaya bilər. Valideynlər övladlarının intellektual inkişafına dəstək verməli, məktəblə sağlam ünsiyyət qurmalı, evdə xüsusi mütaliə saatları təşkil etməli və şəxsi nümunə göstərməlidirlər”.
Ölkəmizdə ümumi oxu mədəniyyəti son illərdə xeyli zəifləyib:
“Məktəblərdə tətbiq olunan “ən çox kitab oxuyan şagirdə hədiyyə verilməsi” mexanizmi ilkin mərhələdə müsbət xarici motivasiya yaratsa da, uşaq mütaliəyə yalnız maddi mükafat naminə cəlb olunduqda, mükafat aradan qalxdıqdan sonra onun oxumağa marağı yenidən zəifləyə bilər. Buna görə də əsas məqsəd şagirddə daxili marağı artırmaq, idrak fəallığını stimullaşdırmaq və mütaliəni fərdi inkişaf vasitəsi kimi qəbul etməsinə nail olmaqdır.
Müasir Azərbaycan cəmiyyətini ümumilikdə kitab oxuyan cəmiyyət kimi səciyyələndirmək, təəssüf ki, real mənzərəni tam əks etdirmir. Ölkəmizdə ümumi oxu mədəniyyətinin zəifləməsi narahatlıq doğuran məsələlərdəndir. Bu geriləmənin səbəblərindən biri də bəzi məktəblərdə kitabxanaların fəaliyyətində müşahidə olunan formal yanaşmadır. Məktəb kitabxanaları canlı, cəlbedici və intellektual müzakirə mərkəzləri olmaq əvəzinə, bəzən formal fəaliyyət göstərən məkanlara çevrilir. Kitabdan uzaqlaşmanın və mütaliə vərdişlərinin zəifləməsinin dövlət, xalq və cəmiyyət üçün doğura biləcəyi fəsadlar isə ciddi və strateji xarakter daşıyır”.
Kitab mütaliəsinin zəifləməsi tənqidi təfəkkürün inkişafına və cəmiyyətin informasiya savadlılığına mənfi təsir göstərə bilər:
“Beynəlxalq araşdırmalar göstərir ki, mütaliə səviyyəsi aşağı olan cəmiyyətlər qlobal informasiya müharibələri, saxta xəbərlər və yad ideologiyaların təsiri qarşısında daha həssas ola bilərlər. Dövlət səviyyəsində bu vəziyyət elmi-texnoloji tərəqqinin ləngiməsinə, rəqəmsal və intellektual əmək bazarında rəqabətədavamlı kadr potensialının zəifləməsinə səbəb ola bilər.
Cəmiyyətdə mütaliə vərdişlərinin zəifləməsi bəşəri dəyərlərin mənimsənilməsinə, daxili intizamın və qanunun aliliyinə hörmət mədəniyyətinin formalaşmasına da mənfi təsir göstərə bilər. Bu, həmçinin fərdlər arasında dözümlülük və birgəyaşayış prinsiplərinin zəifləməsinə gətirib çıxara bilər.
Hesab edirəm ki, problemin elmi-pedaqoji əsaslara söykənən fundamental həlli dövlət təhsil siyasəti ilə ailənin bu sahədəki məqsədlərini vahid strategiyada birləşdirməkdən və məktəb kitabxanalarını formal fəaliyyətdən uzaqlaşdıraraq məktəbin əsas intellektual məkanlarından birinə çevirməkdən keçir. Məktəblərdə bədii mətnlərin təhlili yalnız yaddaşın yoxlanılması ilə məhdudlaşmamalı, elmi yanaşmalara əsaslanan tədqiqatlar, debatlar və diskussiya klubları vasitəsilə həyata keçirilməlidir.
Dövlətin müəyyən etdiyi müasir, keyfiyyətli və dünyəvi təhsil standartları şagirdlərin təkcə rəsmi dərsliklərdəki məlumatları mənimsəməsini deyil, həm də azad və tənqidi təfəkkürə malik, şəxsiyyəti hərtərəfli formalaşmış, kitaba maraq göstərən vətəndaşlar kimi yetişməsini təmin etməlidir. Məktəblərdə infrastruktur yeniləndikdə, idarəetmədə formal yanaşmalar aradan qaldırıldıqda və ailə-məktəb tərəfdaşlığı gücləndirildikdə gənc nəslin intellektual inkişafı dəstəklənəcək və cəmiyyətin intellektual tərəqqisi davamlı xarakter alacaqdır”.