Azedu.az

Rektorlar Forumunda 50-yə yaxın sənəd imzalanacaq

AzEdu Təhsil Platforması

16 Oktyabr 2026, 13:21
Rektorlar Forumunda 50-yə yaxın sənəd imzalanacaq

“Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu çərçivəsində 50-yə yaxın sənədin imzalanması nəzərdə tutulur. Məqsəd yalnız sənədlərin imzalanması deyil, əməkdaşlığın praktiki nəticələrinin əldə olunması və konkret növbəti addımların müəyyənləşdirilməsidir. Bunun üçün universitetlərin həyata keçirəcəyi tədbirləri əhatə edən birgə fəaliyyət planı da hazırlanıb”.

AzEdu.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, forumun Azərbaycanda keçirilməsi avqust ayında iki ölkə arasında baş tutan dövlətlərarası görüş zamanı Prezident İlham Əliyev tərəfindən qeyd olunub. Forumda Özbəkistandan 20-dən çox ali təhsil müəssisəsinin rəhbəri, Azərbaycandan isə 20-yə yaxın rektor, həmçinin universitetlərin digər əməkdaşları iştirak edirlər. Tədbir çərçivəsində hər iki ölkənin rektorlarının iştirakı ilə panel müzakirələri təşkil olunur. 

Ü.Səttarova xatırladıb ki, ilk forum Özbəkistanda keçirilib və həmin tədbirdə bir sıra memorandum və sazişlər imzalanıb. Hazırkı forumda isə həmin razılaşmalar üzrə əməkdaşlığın davam etdirilməsi müzakirə olunur.

Agentlik direktoru iki ölkə arasında birgə elmi layihələrin maliyyələşdirilməsi ilə bağlı nəticələri də açıqlayıb:

“Bir-iki həftə əvvəl Azərbaycan və Özbəkistan arasında elmin inkişafına dəstək məqsədilə keçirilən birgə qrant müsabiqəsinin nəticələri elan olunub. Hər iki ölkədən beş layihə qalib seçilib. Onların arasında həm ali təhsil müəssisələrinin, həm də elmi tədqiqat institutlarının layihələri var. Bu layihələr yalnız akademik mübadilə və mobilliyin genişləndirilməsinə deyil, həm də iqtisadiyyat, cəmiyyət və istehsalatla bağlı aktual elmi problemlərin birgə həllinə töhfə verəcək”.

TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr
Son xəbərlərDaha çox