“Həm Özbəkistanda, həm də Azərbaycanda ali təhsil müəssisələrinin ciddi ehtiyac duyduğu məsələlərdən biri tədqiqatlardır. Tədqiqatlar sayəsində göstəricilərimiz yaxşılaşır, lakin birlikdə daha da yaxşı nəticələr əldə edə bilərik. Çünki eyni mədəniyyətə, eyni elmi mühitə sahibik”.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumunda çıxışı zamanı deyib.
Emin Əmrullayev nazir kimi ikitərəfli layihələrin həyata keçirilməsindən məmnunluq duyduğunu da söyləyib: “Düşünürəm ki, bu əməkdaşlığı davamlı şəkildə həyata keçirmək lazımdır. Amma konkret layihələr olarsa, daha yaxşı olar. Çünki reallaşdırmaq danışmaqdan daha vacibdir. Buna görə də konkret layihələrimiz olarsa, onları müəyyənləşdirə bilərik”.
E.Əmrullayev bu istiqamətdə innovasiya və startapların vacibliyini vurğulayıb: “Bakıda nə qədər vaxtınızın olacağını bilmirəm, amma imkan olarsa, növbəti dəfə “SABAH.city” layihəmizlə də tanış ola bilərsiniz. Çünki ali təhsilin növbəti illərdə inkişaf istiqaməti məhz bu olacaq. Məzunların şirkətlər qurması və startap mədəniyyətinin formalaşması ən vacib istiqamətlərdən biri olacaq. Buna görə də Özbəkistanın ali təhsil müəssisələrinin “Sabah” ekosistemindən birgə istifadə etməsi olduqca vacibdir”.
Nazir vurğulayıb ki, həm Özbəkistan, həm də Azərbaycan türk dünyasına mənsubdur və türkdilli ölkələr olaraq bir çox platformada sıx əməkdaşlıq edirlər.
“Daşkənd şəhərində bu missiyaya xidmət etmək üçün böyük bir ali təhsil müəssisəsi yaradılıb. Müxtəlif görüşlərimizdə bu mövzular müzakirə olunur. Düşünürəm ki, ortaq mədəniyyəti, dili və tarixi özündə birləşdirən türkdilli ölkələr arasında mübadilə proqramları bizim üçün ən qısa zamanda həyata keçirilə biləcək ən uyğun istiqamətlərdən biridir. Bu istiqamətdə həm Qazaxıstanın, həm də Türkiyənin universitetləri ilə çox yaxşı əlaqələrimiz var”.