Ali təhsil müəssisələrində tələbələrin təhsildən kənarlaşdırılması müəyyən edilmiş hüquqi əsaslar çərçivəsində həyata keçirilir.
Bəs tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric edilir? Xaric olunmuş tələbələrin hərbi xidmətdən möhlət hüququ hansı hallarda itirilir?
AzEdu.az-ın “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən verdiyi xəbərə görə, tələbələr bir sıra hallarda ali təhsil müəssisəsindən xaric edilə bilərlər.
Belə ki, tələbə aşağıdakı hallarda universitetdən xaric edilir:
- Öz arzusu ilə;
- Başqa ali təhsil müəssisəsinə köçürüldükdə;
- Ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə və ya dəfələrlə pozduqda;
- Üç ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;
- Səhhətinə görə, həkim-məsləhət və ya hərbi-həkim komissiyasının arayışı və ya qərarı əsasında;
- Növbəti tədris ilinə qeydiyyatdan keçmədikdə və həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;
- Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazə verilmədikdə, icazənin müddəti uzadılmadıqda və ya ləğv edildikdə;
- Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əyani təhsilalma formasına qəbulunun rəsmiləşdirildiyi tarixdən 90 gün ərzində Azərbaycanda yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;
- Yekun dövlət attestasiyasından keçmədikdə və təqvim ilinin sonuna qədər həmin attestasiyada iştirak etmədikdə.
Qanuna əsasən, ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan Respublikası vətəndaşı altı ay ərzində universitetə bərpa olunmadıqda, qanunla müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnu itirir və ümumi əsaslarla hərbi xidmətə çağırılır.
Bu halda ali təhsil müəssisəsi möhlət hüququnu itirmiş şəxslər barədə yeddi iş günü müddətində onların hərbi qeydiyyatda olduqları dövlət qurumuna rəsmi məlumat verməlidir.
Bundan əlavə, universitetdən xaric edilmiş şəxsə müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) təqdim edilir. Həmin sənədin surəti və xaric olunma barədə əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.
Xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələrinin xaric edilməsi isə həmin müəssisələrin nizamnamələrində nəzərdə tutulan əsaslarla həyata keçirilir.