Azedu.az

Şagirdlərin tanımadığı məktəb psixoloqları - Qanunda vəzifələr, reallıqda boşluqlar...

Təhsil hüququ və qanunvericilik

31 Oktyabr 2026, 09:10
Şagirdlərin tanımadığı məktəb psixoloqları - Qanunda vəzifələr, reallıqda boşluqlar...

Məktəblərdə şagirdlərin iştirakı ilə baş verən psixoloji gərginlik, aqressiv davranış və müxtəlif hadisələrdən sonra diqqət çox zaman məktəb psixoloqlarının üzərinə yönəlir.

Belə hallarda cəmiyyətdə ümumtəhsil müəssisələrində şagirdlərə göstərilən psixoloji yardımın yetərli olmadığı fikri də səsləndirilir. Halbuki məktəblərdə psixoloq ştatının yaradılması yalnız problem yarandıqdan sonra müdaxilə etmək məqsədi daşımır.

Psixoloqun vəzifələri şagirdlərin psixoloji vəziyyətinin öyrənilməsindən tutmuş, risklərin əvvəlcədən müəyyənləşdirilməsinə, sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasına və valideynlərlə əməkdaşlığa qədər geniş sahəni əhatə edir.

Bəs məktəb psixoloqlarının fəaliyyət istiqamətləri normativ sənədlərdə necə müəyyənləşdirilib, onlardan hansı işlərin görülməsi tələb olunur?

AzEdu.az “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”na istinadən xəbər verir ki, psixoloqlar şagirdlərin psixoloji vəziyyətini və inkişaf meyillərini öyrənməlidir:

Qaydalara əsasən, məktəb psixoloqları pedaqoji işçilərlə birlikdə şagirdlərin psixoloji vəziyyətini, təlim nailiyyətlərini, inkişaf meyillərini və maraq dairəsini müəyyənləşdirmək üçün müayinələr və təhlillər aparmalıdırlar. Bu araşdırmaların nəticələrinə uyğun olaraq, şagirdlərin inkişafı üçün müvafiq planlar hazırlanmalı və həyata keçirilməlidir.

Psixoloqlar, həmçinin təhsil müəssisəsində akademik nailiyyətlərin artırılması, təlimdə geri qalan şagirdlərlə işin düzgün qurulması istiqamətində qiymətləndirmələr aparmalı, məktəb rəhbərliyinə müvafiq tövsiyələr verməlidirlər. Qabaqlayıcı inkişaf planlarının hazırlanması və icrasına nəzarət də onların vəzifələrinə daxildir.

Aqressiv davranış və emosional problemlər üzrə fərdi və qrup işi aparılmalıdır

Psixoloji xidmətin əsas istiqamətlərindən biri məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılması və qorunmasıdır. Bunun üçün şagirdlərin sosial bacarıqlarının artırılması istiqamətində müəllimlərlə birgə iş aparılmalıdır.

Qaydalarda təlimdə çətinlik çəkən, emosional pozuntuları və sosial təhlükəli vəziyyəti olan şagirdlərlə fərdi və qrup şəklində fəaliyyətin planlaşdırılması da nəzərdə tutulur. Bu isə psixoloqun yalnız hadisə baş verdikdən sonra müdaxilə etməli olmadığını, eyni zamanda mümkün riskləri əvvəlcədən müəyyənləşdirməli olduğunu göstərir.

Xüsusi dəstəyə ehtiyacı olan şagirdlər diqqətdə saxlanılmalıdır

Fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan, xüsusi şərait yaradılmadan təhsil almaqda çətinlik çəkən şagirdlərlə bağlı da psixoloqların üzərinə müəyyən vəzifələr qoyulur. Belə şagirdlər üçün müvafiq korreksiyaedici fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac qiymətləndirilməli, zəruri hallarda onlar kənar dəstək xidmətlərinə yönləndirilməlidirlər.

Bundan başqa, psixoloji problemlərin yaranma riski yüksək olan şagirdlərin ailə və sosial vəziyyəti öyrənilməli, valideynlərlə və ya digər qanuni nümayəndələrlə, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə mütəmadi görüşlər və maarifləndirmə tədbirləri keçirilməlidir. Sosial-məişət çətinlikləri yaşayan şagirdlərin təhsilini və inkişafını dəstəkləmək üçün ailələrlə birlikdə məktəbəsaslı inkişaf planlarının hazırlanmasına da dəstək verilməlidir.

Psixoloqlar peşəyönümü və sosial bacarıqların inkişafında da iştirak etməlidir

Qaydalarda məktəb psixoloqlarının şagirdlərin peşəyönümü işində də iştirak etməsi nəzərdə tutulur. Onlar ixtisas və peşə seçiminin planlaşdırılması ilə bağlı şagirdlərə, valideynlərə və müəllimlərə tövsiyələr verməli, bu işi məktəbin kollektivi ilə birlikdə həyata keçirməlidirlər.

Eyni zamanda, şagirdlərdə özünüidarə, düzgün ünsiyyət qurmaq, münaqişələri həll etmək, məqsədyönlülük və digər sosial bacarıqların formalaşdırılması istiqamətində tədbirlər görülməlidir. Bu mövzularla bağlı məktəb kollektivi üçün görüşlər təşkil olunmalı və məsləhətləşmələr aparılmalıdır.

Psixoloqlar müəllimlərlə də mütəmadi işləməlidir:

Sənəddə məktəb psixoloqlarının fəaliyyətinin yalnız şagirdlərlə məhdudlaşmadığı da aydın görünür. Onlar pedaqoji işçilərə uşaq psixologiyası, pedaqoji-psixoloji tədqiqatların nəticələri, elmi-metodik məlumatlar və bu biliklərin tətbiqi barədə təqdimatlar etməli, müzakirələr təşkil etməlidirlər.

Beləliklə, “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nda məktəb psixoloqlarının fəaliyyəti geniş istiqamətlər üzrə müəyyənləşdirilib. Sənəddə onların şagirdlərin psixoloji vəziyyətini öyrənməsi, riskləri müəyyənləşdirməsi, profilaktik iş aparması, fərdi və qrup dəstəyi göstərməsi, valideyn və müəllimlərlə əməkdaşlıq etməsi əsas vəzifələr kimi göstərilir.

Gəlin, reallığa nəzər salaq.

Məktəb psixoloqları qanunvericilikdə nəzərdə tutulan vəzifələrin heç olmasa yarısını sistemli şəkildə yerinə yetirsəydilər, şagirdlər arasında müşahidə olunan arzuolunmaz davranışların bir qisminin qarşısını almaq, psixoloji problemləri isə daha erkən aşkarlamaq mümkün olardı.

Təəssüf ki, bir çox şagirdin məktəbində psixoloqun fəaliyyət göstərməsindən, hətta onun kimliyindən xəbərsiz olması düşündürücüdür. Bu baxımdan, məktəb psixoloqlarının da sertifikasiya prosesinə cəlb olunması ilə bağlı təkliflər əhəmiyyətlidir. Belə bir qiymətləndirmə onların peşə bilik və bacarıqlarının yoxlanılmasına, daha hazırlıqlı kadrların seçilməsinə şərait yarada bilər. Əsas məqsəd isə psixoloq ştatının formal mövcudluğu deyil, qanunvericilikdə nəzərdə tutulan xidmətlərin məktəblərdə real şəkildə həyata keçirilməsidir.

TƏCİLİ! İran hərəkətə keçdi - Bakıya qarşı növbəti hücum
Son xəbərlərDaha çox