Müəllimlərin yerdəyişməsi müsabiqəsi hər tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir.
AzEdu.az xəbər verir ki, bu barədə “Təhsil haqqında” Qanunda qeyd olunub.
Qanuna əsasən, yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə topladıqları bal əsasında aparılır.
Müəllimlər yerdəyişmə müsabiqəsində iştirak etmək üçün elektron sistemdə qeydiyyatdan keçir və onlar üçün “Şəxsi kabinet” yaradılır.
Namizədlər şəxsi kabinetlərinə daxil olaraq elektron ərizəni doldurur, 4-dən çox olmamaq şərti ilə vakant yerləri seçir və ərizələrini təsdiqləyirlər.
Qanunvericiliyə əsasən, müəllimlərin yerdəyişməsi zamanı ilk növbədə şəhid ailəsinin üzvü olan namizədlərə üstünlük verilir.
Müsabiqənin yekun nəticələri isə müəllimlərin “Şəxsi kabinet”inə göndərilir.
Qeyd edək ki, 2026-cı il üzrə mayın 23-26 tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsi keçirilib.