Məktəb direktorları və direktor müavinləri əsas vəzifələri ilə yanaşı ixtisaslarına uyğun fənlərdən dərs də apara bilərlər.
Bəs rəhbər vəzifədə çalışan şəxslərə nə qədər dərs yükü verilə bilər?
AzEdu.az xəbər verir ki, bu məsələ 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmrlə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”la tənzimlənir.
Direktor və müavinlər 12 saata qədər dərs apara bilər
Normalara əsasən, ümumtəhsil məktəblərinin, o cümlədən internat məktəblərinin, liseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə liseylərinin direktorları və onların müavinləri əsas iş üzrə tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisəsində ixtisaslarına uyğun olaraq həftədə 12 saata, ildə isə 480 saata qədər dərs apara bilərlər.
Bu dərs yükü dərs ilinin əvvəlində tarifləşmə siyahısına daxil edilməklə müəyyənləşdirilir.
Müəllim çatışmazlığı olduqda əlavə 6 saat mümkündür
Əgər müvafiq ixtisas fənni üzrə müəllim çatışmazlığı varsa və ya digər zəruri ehtiyac yaranarsa, direktor və müavinlərə əlavə dərs yükü də verilə bilər.
Bunun üçün təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı tələb olunur. Bu halda rəhbər işçiyə həftədə əlavə 6 saata, tədris ili ərzində isə 240 saata qədər dərs verilə bilər və həmin dərslərin əməkhaqqı saat hesabı ödənilir.
Beləliklə, tam vəzifə maaşı alan direktor və direktor müavininin öz məktəbində ixtisası üzrə əsas dərs yükü 12 saata qədər, zəruri hallarda isə əlavə 6 saatla birlikdə 18 saata qədər ola bilər.
0,5 ştatla çalışan rəhbər işçilər üçün limit fərqlidir
Normalarda 0,5 ştat vəzifə maaşı alan rəhbər işçilər üçün ayrıca qayda nəzərdə tutulub.
Belə şəxslər işlədikləri təhsil müəssisəsində ixtisasları üzrə həftədə 18 saata, ildə 720 saata qədər dərs apara bilərlər.
Müəllim çatışmazlığı və ya digər zəruri ehtiyac yarandıqda isə yuxarı təşkilatın razılığı ilə əlavə 6 saata qədər dərs yükü verilə bilər.
Başqa məktəbdə də dərs demək mümkündür
Qaydalar rəhbər işçilərin yalnız çalışdıqları məktəbdə deyil, başqa təhsil müəssisəsində də ixtisasları üzrə dərs aparmasına imkan verir.
Tam vəzifə maaşı alan rəhbər işçi yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı başqa təhsil müəssisəsində həftədə 6 saata, ildə 240 saata qədər dərs apara bilər.
0,5 ştat vəzifə maaşı alan rəhbər işçilər üçün isə bu göstərici həftədə 12 saata, ildə 480 saata qədərdir.
Digər məktəb işçiləri üçün də dərs imkanları var
Qaydalar yalnız direktor və müavinləri əhatə etmir. Ümumtəhsil məktəbləri, liseylər, gimnaziyalar, peşə məktəbləri və peşə liseylərində inzibati-təsərrüfat və tədris-köməkçi heyətin, metodistlərin, psixoloqların və uşaq birliyi rəhbərlərinin də ixtisasları üzrə dərs aparmasına imkan yaradılır.
Tam vəzifə maaşı alan bu işçilər işlədikləri müəssisədə həftədə 12 saata, ildə 480 saata qədər, 0,5 ştatla çalışanlar isə həftədə 18 saata, ildə 720 saata qədər dərs apara bilərlər.
Onlar əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı, başqa təhsil müəssisəsində də ixtisasları üzrə həftədə 6 saata qədər, 0,5 ştatla çalışanlar isə həftədə 12 saata qədər dərs apara bilərlər. Bu dərslərə görə əməkhaqqı əvəzçilik və ya saat hesabı qaydada ödənilir.
120 saat dərs deyən qeyri-pedaqoji işçiyə pedaqoji staj hesablanır
Qanunvericilikdə daha bir diqqətçəkən məqam da var.
Ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda, peşə məktəbləri və peşə liseylərində kənardan dərs deməyə cəlb olunan mütəxəssislər və həmin təhsil müəssisəsində çalışan qeyri-pedaqoji işçilər il ərzində 120 saatdan az olmayaraq dərs tədris edərlərsə, dərs keçdikləri aylar onlar üçün pedaqoji staj hesab olunur.
Qeyd edək ki, ümumtəhsil məktəbləri, gimnaziya və liseylər, eləcə də peşə məktəbləri və peşə liseylərində müəllimlərin bir stavka həftəlik dərs yükü də 12 saat müəyyən edilib. Bu norma Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsbit olunub.
Yəni direktor və direktor müavinlərinin dərs aparması qanunvericiliklə mümkündür və bu fəaliyyət üçün konkret dərs yükü normaları müəyyən edilib.