Azedu.az

Çində 200 milyon şagird süni intellekt öyrənəcək

Şagirdlər

21 Noyabr 2026, 14:18
Çində 200 milyon şagird süni intellekt öyrənəcək

Çin 2030-cu ilədək ibtidai və orta məktəblərdə təhsil alan təxminən 200 milyon şagirdin süni intellekt savadlılığına yiyələnməsini hədəfləyir. Bu məqsədlə ölkədə süni intellektin məktəb proqramlarına inteqrasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

AzEdu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Çin Təhsil Nazirliyi 2024-cü ildən məktəblərdə süni intellekt dərslərinin tətbiqini, müəllimlərin bu sahədə hazırlanmasını və yeni tədris proqramlarının sınaqdan keçirilməsini təşviq edir.

Artıq ölkənin bir sıra bölgələrində yeni model tətbiq olunmağa başlayıb. Məsələn, Şanxayda şagirdlər üçün hər tədris ilində ən azı 30 saat süni intellekt dərsi nəzərdə tutulur. Pekində isə bu texnologiyaların tədrisdə tətbiqini yoxlamaq məqsədilə 100 pilot məktəbin yaradılması planlaşdırılır.

Yeni yanaşmaya əsasən, kiçik yaşlı şagirdlər süni intellektin əsas prinsipləri ilə tanış olacaq, yuxarı siniflərdə isə proqramlaşdırma, robototexnika və süni intellekt vasitəsilə praktiki layihələrin hazırlanmasına üstünlük veriləcək. Bəzi məktəblərdə şagirdlər artıq süni intellekt vasitəsilə mobil tətbiqlər və müxtəlif proqramlar hazırlayırlar. Eyni zamanda, texnologiyadan müəllim çatışmazlığı yaşanan kənd məktəblərində tədrisə dəstək məqsədilə istifadə olunur.

Bununla belə, mütəxəssislər şagirdlərin süni intellektdən həddindən artıq asılılığının müstəqil düşünmə, yaddaş və analitik bacarıqlara mənfi təsir göstərə biləcəyini bildirirlər. Buna görə də Çində texnologiyadan istifadənin yaşa uyğun tənzimlənməsi və şagirdlərdə tənqidi düşünmə bacarıqlarının qorunması da diqqət mərkəzindədir. Qeyd edək ki, Çin hökumətinin əsas hədəfi 2030-cu ilədək süni intellekt təhsilini ölkənin ibtidai və orta məktəblərində geniş şəkildə tətbiq etməkdir.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox