Azedu.az

BDU-da tələbə məmnuniyyəti ilə bağlı ciddi problemlər olub

AzEdu Tv

21 Noyabr 2026, 09:13
BDU-da tələbə məmnuniyyəti ilə bağlı ciddi problemlər olub

"Bakı Dövlət Universitetinin (BDU) yeni rektorunun təyin olunması universitetdə uzun müddətdir mövcud olan problemlərin aradan qaldırılması və yeni inkişaf mərhələsinin başlanması baxımından mühüm addım ola bilər".

Bu fikirləri “AzEdu Podkast”a açıqlamasında təhsil tədqiqatçısı Elmin Nuri səsləndirib.

O bildirib ki, BDU Azərbaycanın ilk universiteti olmaqla yanaşı, elmi göstəricilərinə görə də ölkənin ali təhsil sistemində xüsusi mövqeyə malikdir. Universitet alimlərinin H-indeksli elmi məqalələrinin sayına görə uzun müddət ön sıralarda qərarlaşsa da, digər istiqamətlərdə müəyyən çatışmazlıqların mövcudluğu da danılmazdır.

Təhsil tədqiqatçısının sözlərinə görə, onu ən çox narahat edən məqamlardan biri abituriyent və valideynlərin BDU-ya münasibətində yaranmış mənfi tendensiyadır:

“Şəxsən şahidi olmuşam ki, 16-17 yaşlı abituriyentlər, yaxud onların valideynləri ixtisas seçimi zamanı BDU-nu istəmədiklərini bildirirlər. Bu, mənə çox pis təsir edirdi. Axı, bura Bakı Dövlət Universitetidir. Deməli, universitetdə müəyyən boşluqlar olub ki, artıq bununla bağlı ictimai rəy formalaşıb”.

Elmin Nuri qeyd edib ki, BDU ilə bağlı sosial şəbəkələrdə ekspertlər, tələbələr və valideynlər tərəfindən müxtəlif tənqidlər səsləndirilib. Onun fikrincə, bu tənqidlərin bir qismi universitetin adına və nüfuzuna uyğun olmayan problemlərin mövcudluğundan xəbər verir.

O, yeni rektorun təyinatının tələbələr arasında da müsbət qarşılandığını vurğulayıb:

“Əgər tələbə yeni rektorun təyinatına sevinirsə, deməli, universitetdə onu incidən, məyus edən müəyyən məqamlar olub. İnanırıq ki, Mələkə xanım Abbaszadənin BDU-ya gəlişi bu boşluqların aradan qaldırılması ilə yanaşı, bir çox yeniliklərə də qapı açacaq”.

Təhsil tədqiqatçısı bəzi özəl universitetlərdə tələbə məmnuniyyətinin BDU ilə müqayisədə daha yüksək olduğunu da diqqətə çatdırıb. O bildirib ki, iştirak etdiyi seminar və təlimlərdə müxtəlif universitetlərin tələbələri ilə ünsiyyəti zamanı bu fərqi müşahidə edib.

Elmin Nurinin sözlərinə görə, tələbələrin narazılıqları əsasən, imtahan sistemi, praktiki hazırlığın səviyyəsi və nəzəri biliklərlə praktikanın balansının qorunmaması ilə bağlıdır. O əlavə edib ki, bu problemlər bütün fakültələrə aid olmasa da, bəzi ixtisaslarda özünü daha qabarıq göstərir.

Təhsil tədqiqatçısı müasir dövrdə universitetlərin yeni nəslin gözləntilərinə uyğunlaşmasının vacibliyini də vurğulayıb. Onun fikrincə, süni intellekt və texnologiyaların sürətlə inkişaf etdiyi indiki mərhələdə ənənəvi tədris yanaşmaları ilə kifayətlənmək olmaz. Ali təhsil müəssisələri nəzəri biliklərlə yanaşı, tələbələrin praktiki bacarıqlarının inkişafına da xüsusi diqqət yetirməlidir.

Elmin Nuri hesab edir ki, BDU-nun əvvəlki nüfuzunu və gücünü bərpa etməsi üçün tələbə məmnuniyyətinin artırılması, tədris prosesinin müasirləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılması vacibdir. O, yeni rəhbərliklə universitetin yüksəliş xəttinə qayıdacağına ümid etdiyini bildirib.

 

 

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox