Azedu.az

Abituriyentlərin ixtisas seçərkən ən çox etdiyi SƏHVLƏR

İmtahanlar və qəbul məsələləri

20 Noyabr 2026, 14:31
Abituriyentlərin ixtisas seçərkən ən çox etdiyi SƏHVLƏR

Müasir dövrdə ixtisas seçimi yalnız ali təhsil müəssisəsinə qəbul olmaq deyil, həm də insanın gələcək peşə həyatını, karyera imkanlarını və əmək bazarındakı mövqeyini müəyyənləşdirən mühüm qərardır.

Bir çox abituriyentlər ixtisas seçərkən şəxsi maraq və bacarıqlarından, peşəyə meyilliliyindən daha çox topladığı qəbul balını əsas götürür. Bəziləri isə seçim zamanı yalnız keçid balına diqqət yetirir.

Nəticədə gənclər arzuladıqları və potensiallarına uyğun sahələr əvəzinə, topladıqları balın imkan verdiyi ixtisaslara yönəlirlər.

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil mütəxəssisi Vüsət Əzizov bildirib ki, Azərbaycanda ixtisas seçimi zamanı bal amilinin ön plana çıxmasının bir neçə səbəbi var:

“Cəmiyyətdə ali təhsilə qəbul olmaq və yüksək bal toplamaq hələ də uğurun əsas göstəricilərindən biri hesab edilir. Bəzi ailələr üçün övladlarının hansı sahədə özünü reallaşdıracağı deyil, hansı universitetə və ixtisasa qəbul olacağı daha çox əhəmiyyət daşıyır. Bu zaman abituriyentin şəxsi maraqları, potensialı və peşə hədəfləri ikinci plana keçir.

Digər mühüm səbəb əmək bazarı haqqında məlumatlılığın yetərli olmamasıdır. Abituriyentlərin əksəriyyəti seçdikləri ixtisasın gələcək perspektivləri, iş imkanları, əməkhaqqı və karyera inkişafı barədə dolğun məlumata malik deyil. Buna görə də onlar daha çox qəbul balına, ixtisasın cəmiyyətdəki nüfuzuna və valideynlərinin tövsiyələrinə əsaslanırlar.

Bu yanaşma gələcəkdə həm fərdi, həm də iqtisadi problemlərə səbəb ola bilər. Çünki insan maraq göstərmədiyi və bacarıqlarına uyğun olmayan sahədə təhsil aldıqda həmin peşədə uğur qazanmaqda çətinlik çəkir. Belə məzunların bir qismi ixtisası üzrə işləmək istəmir, digərləri isə əlavə təhsil almaq və ya yenidən ixtisaslaşmaq məcburiyyətində qalır. Nəticədə insan kapitalından səmərəli istifadə olunmur və əmək bazarında ixtisas uyğunsuzluğu yaranır”.

Abituriyent seçdiyi ixtisasın gələcək imkanlarını da bilməlidir:

“Məsələn, hər hansı ixtisas üzrə məzunların neçə faizinin öz sahəsində çalışdığı, orta əməkhaqqı, işə düzəlmə müddəti, dövlət və özəl sektordakı məşğulluq imkanları barədə məlumatlar abituriyentlərə təqdim olunsa, seçim daha düzgün həyata keçirilə bilər.

Bunun üçün vahid və əlçatan elektron platformanın yaradılmasını məqsədəuyğun hesab edirəm. Platformada universitetlər və ixtisaslar üzrə məzunların məşğulluq statistikası, əməkhaqqı göstəriciləri, işəgötürənlərin tələbləri və karyera perspektivləri mütəmadi yenilənməlidir. Bu məlumatlar reklam xarakteri daşımamalı, real statistikaya əsaslanmalıdır.

Belə bir mexanizm əmək bazarında kadr balansının formalaşmasına da kömək edə bilər. Gənclər hansı sahələrdə mütəxəssis çatışmazlığı olduğunu, hansı istiqamətlərdə rəqabətin yüksək olduğunu əvvəlcədən görə bilərlər. Beləliklə, ali təhsilə qəbul prosesi ilə əmək bazarının real tələbləri arasında əlaqə güclənər"

Gələcək peşə seçimi yalnız qazancdan asılı olmamalıdır:

"Ancaq bir məqamı da unutmaq olmaz: ixtisas seçimini yalnız əməkhaqqı və məşğulluq göstəriciləri ilə məhdudlaşdırmaq düzgün deyil. Şəxsi maraq, qabiliyyət və peşəyə uyğunluq da əsas meyarlar olaraq qalmalıdır.

Yüksək qəbul balı toplayan abituriyentin mütləq yüksək keçid balı tələb edən ixtisası seçməli olduğu düşüncəsi yanlışdır. Qəbul balı abituriyentin imtahanda göstərdiyi akademik nəticəni ifadə edir, lakin onun hansı peşədə daha uğurlu olacağını müəyyənləşdirmir. Yüksək nəticə göstərən gəncin mütləq tibb, hüquq, iqtisadiyyat və ya digər yüksək keçid ballı ixtisaslara yönəlməsi zəruri deyil.

Məsələn, yüksək bal toplayan abituriyent baytarlığa, aqronomluğa, torpaqşünaslığa və ya kənd təsərrüfatının digər istiqamətlərinə maraq göstərirsə, onun bu seçimi dəstəklənməlidir. Çünki ölkənin iqtisadi inkişafı üçün yalnız ənənəvi nüfuzlu hesab edilən peşələrə deyil, aqrar sektor, sənaye, mühəndislik, ekologiya və digər strateji sahələrə də yüksək ixtisaslı mütəxəssislər lazımdır.

Bu sahələrə marağın artırılması üçün ilk növbədə cəmiyyətdə peşə və ixtisaslara münasibət dəyişməlidir. Təəssüf ki, bəzi sahələr hələ də yanlış olaraq aşağı nüfuzlu hesab edilir. Halbuki müasir kənd təsərrüfatı ənənəvi təsərrüfatçılıqdan xeyli fərqlənir. Bu sahədə süni intellekt, dron texnologiyaları, avtomatlaşdırma, biotexnologiya və rəqəmsal idarəetmə kimi istiqamətlər geniş yer tutur".

Doğru ixtisas seçimi üçün məktəbdən başlayan dəstək vacibdir:

"Məktəblərdə peşəyönümü işləri gücləndirilməli, şagirdlərə müxtəlif ixtisaslar barədə erkən yaşlardan məlumat verilməlidir. Universitetlər aqrar və digər az seçilən ixtisaslar üzrə müasir laboratoriyalar və təcrübə bazaları yaratmalı, sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirməlidir. Tələbələrin təhsil müddətində real iş mühitində təcrübə qazanması təmin olunmalı, strateji əhəmiyyət daşıyan və kadr çatışmazlığı olan sahələrdə təqaüd, təcrübə proqramları və məşğulluq imkanları artırılmalıdır. Həmçinin bu sahələrdə uğur qazanan mütəxəssislərin fəaliyyəti mediada və ictimai platformalarda daha geniş işıqlandırılmalıdır.

Əsas məqsəd yüksək bal toplayan abituriyenti yüksək keçid ballı ixtisasa yönəltmək deyil, onun potensialını düzgün qiymətləndirərək uyğun peşəyə istiqamətləndirmək olmalıdır. Unutmamalıyıq ki, ölkəyə yalnız yüksək bal toplayan məzunlar deyil, öz sahəsini sevən, peşəkar və rəqabətqabiliyyətli mütəxəssislər lazımdır. Ali təhsilin uğuru qəbul zamanı toplanan balla deyil, məzunun gələcəkdə cəmiyyətə və iqtisadiyyata verdiyi töhfə ilə ölçülməlidir”.

Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...
Son xəbərlərDaha çox