Azedu.az

Kurikulum dəyişiklikləri ilə bağlı 1000 müəllimə məlumat veriləcək

Orta təhsil

20 Noyabr 2026, 10:45
Kurikulum dəyişiklikləri ilə bağlı 1000 müəllimə məlumat veriləcək

“Bu gün 10 fənn kurikulumu üzrə təxminən 1000 müəllimlə görüş keçiriləcək”.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” adlı müzakirədə STEM, texniki və təbiət fənlərinin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib.

10 fənn kurikulumu təkmilləşdirilərək təsdiq edilib

O qeyd edib ki, 2021-ci ildə Nazirlər Kabinetinin dövlət standartlarının yenilənməsi ilə bağlı qərarına əsasən, fənn kurikulumlarının təkmilləşdirilməsi prosesinə başlanılıb:

“Hazırda 10 fənn kurikulumu təkmilləşdirilərək təsdiq edilib və istifadədədir. Digər 10 fənn kurikulumunun təkmilləşdirilməsi də davam edir.

Silsilə xarakteri daşıyan bu tədbirlərin məqsədi müəllimlərin təkmilləşdirməni həyata keçirən müəlliflər tərəfindən birbaşa maarifləndirilməsi, yeniliklər və dəyişikliklər, eləcə də qarşıdakı illərdə gözlənilənlər barədə məlumatlandırılmasıdır. Əsas məqsəd kurikulum istifadəçiləri ilə onu hazırlayanlar arasında birbaşa müzakirə aparmaq və anlaşılmazlıqların qarşısını almaqdır. Bunu təlimlər vasitəsilə də etmək mümkündür, lakin bu cür görüşlər daha effektiv hesab edilir”.

Görüşlər beş regionda keçirilib

M.Məhərrəmovun sözlərinə görə, indiyədək bu tədbirlər beş regionda, o cümlədən Mərkəzi Aran, Quba-Xaçmaz və Şəki-Zaqatala regional təhsil idarələrinin tabeliyindəki məktəblərin müəllimləri ilə keçirilib.

Bakıda isə bu, üçüncü görüşdür. Paytaxt rayonları üç hissəyə bölünüb. İlk iki hissə üzrə tədbirlər artıq başa çatıb. Bu mərhələ isə Xəzər, Xətai, Suraxanı və Pirallahı rayonlarını əhatə edir.

O əlavə edib ki, görüşlərdə kurikulumların təkmilləşdirilməsi prosesi, bu zaman nəzərə alınan məqamlar və dəyişikliklərin vaxtı barədə də məlumat verilir. Bu gün isə 10 fənn kurikulumu üzrə təxminən 1000 müəllimlə görüş keçiriləcək.

Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...
Son xəbərlərDaha çox