""Rəqəmsal məktəb" layihəsi çərçivəsində 10 mindən artıq video tədris məzmunu hazırlanıb".
AzEdu.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov IV “Maarifçi” tələbə-məzun forumunda təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan dilində və milli tədris proqramına uyğun rəqəmsal məzmunun hazırlanması təhsil sistemində mühüm istiqamətlərdən biridir.
A.Abushovun sözlərinə görə, beynəlxalq rəqəmsal tədris resurslarının əksəriyyəti ingilis, rus və ərəb kimi dillərdə olduğundan Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə məzmunun artırılmasına ehtiyac var.
O qeyd edib ki, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində I-XI siniflər üzrə dərslik və dərsdənkənar materiallar rəqəmsallaşdırılıb.
İdarə rəisinin müavini əlavə edib ki, hazırlanmış video materiallarla yanaşı, şagirdlərin biliklərini yoxlaması üçün ev tapşırıqları, testlər və interaktiv çalışmalar da sistemə yerləşdirilib. Video dərslərin hazırlanmasında süni intellekt texnologiyalarından, o cümlədən süni intellekt avatarlarından istifadə olunur.