"SABAH.city regionda və dünyada unikal innovasiya təcrübəsinə çevriləcək".
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli IV “Maarifçi” tələbə-məzun forumunda çıxışı zamanı deyib.
O bildirib ki, SABAH.city akademik mühiti, sənayeni, dövlət qurumlarını və startapları bir araya gətirən innovasiya şəhərciyidir:
“Bilməyənlər üçün bir daha təkrar edirəm ki, SABAH.city Azərbaycanda akademik mühiti, sənayeni, dövlət qurumlarını və startapları bir araya gətirən unikal innovasiya şəhərciyidir. Bu, ilk hekayənin başlanğıcıdır, sonu deyil. Daha da inkişaf edəcək və təkcə Azərbaycanda deyil, regionda, hətta dünyada unikal təcrübəyə çevriləcək. Bu sahədə çalışan həmkarlarımızı da təbrik edir, onlara uğurlar arzulayıram”.
M.Kərimli IV “Maarifçi” proqramının təşkilinə və iştirakçıların inkişafına sərf olunan əməyə də diqqət çəkib. O bildirib ki, proqramın seçim mərhələsinə təxminən 760 saat vaxt sərf olunub.
Aparat rəhbərinin sözlərinə görə, dörd ay ərzində 50 iştirakçı ilə çalışan mentorların, rəhbərlərin, təlimçilərin, inzibati heyətin və işçi qrupun əməyini nəzərə aldıqda, sərf olunan vaxt minlərlə saat təşkil edir.
M.Kərimli iştirakçıların proqramı yüksək səviyyədə başa vurmasından məmnunluğunu ifadə edərək, onların inkişafına töhfə verən hər kəsə təşəkkür edib.