65 yaşdan yuxarı şəxslərdə uzunmüddətli tənhalıq demensiya riskini əhəmiyyətli dərəcədə artıra bilər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Bordo Universitetinin alimləri apardıqları araşdırma nəticəsində xroniki tənhalıq yaşayan yaşlı insanlarda demensiya riskinin 38 faiz artdığını müəyyən ediblər.
1988-2018-ci illəri əhatə edən tədqiqatda yaşı 65-dən yuxarı olan 3 777 nəfər iştirak edib. Onlar tənhalıq hiss etməyənlər, ara-sıra tənhalıq yaşayanlar və xroniki tənhalıqdan əziyyət çəkənlər olmaqla üç qrupa bölünüblər.
Araşdırmanın nəticələrinə görə, xroniki tənhalıq yaşayan iştirakçıların 49 faizində demensiya inkişaf edib. Ara-sıra tənhalıq hiss edənlərdə bu göstərici 34 faiz, heç vaxt tənhalıq yaşamayanlarda isə 33 faiz olub.
Statistik təhlillər xroniki tənhalığın demensiya riskini 38 faiz artırdığını göstərib. Bununla belə, ara-sıra yaşanan tənhalığın risk üzərində nəzərəçarpacaq təsiri müəyyən edilməyib.
Bordo İctimai Səhiyyə Mərkəzinin baş tədqiqatçısı Karine Peres bildirib ki, insanların əksəriyyəti həyatının müəyyən dövründə tənhalıq hissi keçirir. Lakin əsas təhlükə bu hissin xroniki və davamlı xarakter almasıdır.
Tədqiqatçının sözlərinə görə, uzunmüddətli tənhalıq stressə, immun sisteminin zəifləməsinə və orqanizmdə iltihabi proseslərin artmasına səbəb ola bilər. Bundan əlavə, tənhalıq fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə də əlaqəlidir. Bu amillər isə demensiya riskini artıran ürək-damar xəstəlikləri və diabetin yaranmasına şərait yarada bilər.
Araşdırmanın digər müəllifi Yvanna Simon isə səhiyyə işçilərinin və sosial xidmət mütəxəssislərinin insanların yalnız kiminləsə birgə yaşayıb-yaşamamasını deyil, həm də sosial əlaqələrini və özlərini nə dərəcədə tənha hiss etdiklərini nəzərə almalarının vacibliyini vurğulayıb.
Qeyd edək ki, araşdırmanın nəticələri “Aging & Mental Health” elmi jurnalında dərc olunub.