Azedu.az

Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular

AzEdu Təhsil Platforması

18 Noyabr 2026, 17:15
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular

“Dərsliklər  zaman-zaman yenilənsə də -  üzərlərində müxtəlif  əlavələr edilib, çıxarışlar aparılsa da, məzmun və tərtibatları ilə  bağlı müzakirələr   bitmək bilmir. Valideyn və müəllimlər dərsliklərin müxtəlif çatışmazlıqlarına diqqət çəkir, onların daha anlaşıqlı və şagirdlər üçün cəlbedici olması ilə bağlı təkliflər irəli sürürlər.

Maraqlıdır, mövcud fizika dərsliklərinin əsas çatışmazlıqları nələrdir? Dərsliklərin vizual tərtibatı və üz qabığı dizaynı nə dərəcədə uğurludur? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən fizika müəllimi Namiq Süleymanov bildirlib ki,  dərslik dövlətin şagirdə təqdim etdiyi əsas bilik mənbəyidir. Bu baxımdan, dərsliyin hazırlanması, redaktə edilməsi və ekspertizadan keçirilməsi kifayət qədər ciddi məsuliyyət tələb edən bir prosesdir:

193213

"Fizika dərsliklərini təhlil edərkən, bir metodist kimi diqqət yetirdiyim əsas məsələ yalnız şagirdə hansı biliklərin verilməsi deyil, həm də həmin biliklərin nə dərəcədə doğru, sistemli, anlaşıqlı və metodiki cəhətdən düzgün təqdim edilməsidir.

Mövcud orta məktəb fizika dərsliklərini təhlil edərkən rast gəldiyim problemli məqamlarıbir neçə  istiqamət üzrə qruplaşdırmağı məqsədəuyğun hesab edirəm;

Öncə məzmunla bağlı problemlərə toxunaq. Fizika dərsliklərində mövzuların məntiqi ardıcıllığının pozulması, anlayışların şagirdin yaş və bilik səviyyəsinə uyğun təqdim edilməməsi, izahların natamam olması, mövzular arasında əlaqənin düzgün qurulmaması kimi hallara rast gəlinir.Bəzi mövzuların ehtiyac olmadığı halda həddindən artıq təfərrüatlı izah edilməsi, daha vacib mövzuların isə səthi şəkildə təqdim olunması məzmunun müəyyənləşdirilməsi zamanı balansın gözlənilmədiyini göstərir.Hətta bəzi hallarda dərslikdə verilən məlumatı şagirdin deyil, müəllimin belə əlavə mənbələrə müraciət etmədən tam qavraması çətinləşir.

Elmi səhvlərlə bağlı problemlər də yox deyildir.  Fizika dərsliklərində məni ən çox narahat edən məsələlərdən biri elmi səhvlərin mövcudluğudur.Fiziki hadisələrin yanlış izah edilməsi, qanun və qanunauyğunluqların düzgün ifadə olunmaması, hadisəni xarakterizə edən şərtlərin nəzərə alınmaması, fiziki anlayışların mahiyyətinin təhrif edilməsi, xüsusi hallar üçün doğru olan fikirlərin ümumiləşdirilməsi kimi nöqsanlara rast gəlinir.

Bəzən fiziki hadisənin özü doğru təqdim edilsə də, onun başvermə səbəbi yanlış izah olunur. Nəticədə şagird hadisəni deyil, onun haqqında formalaşdırılmış yanlış təsəvvürü öyrənmiş olur.Şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olaraq fiziki hadisələrin sadələşdirilmiş formada izah edilməsi metodiki baxımdan qəbulolunandır. Lakin sadələşdirmə hadisənin fiziki mahiyyətinin dəyişdirilməsinə, səbəb-nəticə əlaqələrinin təhrif edilməsinə və yanlış elmi təsəvvürlərin formalaşmasına gətirib çıxarmamalıdır. Elmi sadələşdirmə ilə elmi təhrif arasındakı sərhəd qorunmalıdır.Elmi məlumat sadələşdirilə bilər, lakin təhrif edilə bilməz.

Orfoqrafik, qrammatik və üslubi səhvlər də  qeyd olunmalıdır. Fizika dərsliklərində sözlərin yanlış yazılması, cümlələrin düzgün qurulmaması, durğu işarələrindən yerində istifadə edilməməsi, terminoloji vahidliyin gözlənilməməsi kimi hallara da rast gəlinir.Bəzi cümlələr elə formada qurulur ki, müəllifin hansı fikri ifadə etmək istədiyini müəyyənləşdirmək çətin olur. Eyni fiziki anlayışın müxtəlif ifadələrlə təqdim edilməsi də müəyyən hallarda şagirddə çaşqınlıq yaradır.

Fizika dərsliyi Azərbaycan dili dərsliyi olmasa da, bu, müəllifləri Azərbaycan ədəbi dilinin normalarına riayət etmək məsuliyyətindən azad etmir.

Texniki və faktoloji səhvlər gəlincə,  dərsliklərdə tarix, rəqəm, fiziki sabitlərin yanlış göstərilməsi, düsturlarda, qrafiklərdə, cədvəllərdə və illüstrasiyalarda yol verilən xətalar da diqqətdən kənarda qalmamalıdır.Bəzi hallarda mətnlə şəkil arasında uyğunsuzluq, fiziki kəmiyyətlərin işarələnməsində yanlışlıq, qrafiklərin qurulmasında və vektorların təsvirində nöqsanlar müşahidə olunur.

Digər fənlərdə kiçik texniki xəta kimi qiymətləndirilə biləcək bir səhv fizikada hadisənin mahiyyətini tamamilə dəyişə bilər. Bəzən bir işarənin, bir indeksin, bir vektorun istiqamətinin yanlış göstərilməsi bütöv bir izahı elmi baxımdan yanlış edir.

Metodiki və didaktik problemlərə də toxunsaq, piz olmaz. Fizika dərsliklərində elmi baxımdan doğru olan, lakin metodiki cəhətdən uğursuz təqdim edilən məlumatlara da rast gəlinir.Anlayışların formalaşdırılması zamanı düzgün yanaşmanın seçilməməsi, uğursuz analogiyalardan istifadə olunması, hadisələr arasında səbəb-nəticə əlaqəsinin düzgün qurulmaması, təcrübələrin natamam şərh edilməsi, illüstrasiyaların hadisənin mahiyyətini tam əks etdirməməsi bu qəbildən olan problemlərdir.Bəzi izahlar şagirdi düşünməyə və hadisəni anlamağa deyil, hazır məlumatı əzbərləməyə istiqamətləndirir.

Halbuki fizika tədrisinin əsas məqsədlərindən biri şagirdə yalnız təbiət hadisələri haqqında məlumat vermək deyil, həmin hadisələri təhlil etmək və izah etmək bacarığı qazandırmaqdır.Məlumatın elmi cəhətdən doğru olması onun metodiki cəhətdən də düzgün təqdim edildiyi mənasına gəlmir.

Fizika dərsliklərində rast gəldiyim problemli məqamlardan biri də bəzi fiziki hadisələrin dini mənbələrlə əlaqələndirilərək izah edilməsidir.

2018-ci ildə tədrisdə istifadə olunan 6-cı sinif fizika dərsliyində Atlantik okeanı ilə Aralıq dənizinin sularının bir-birinə qarışmadığı iddia edilmiş, Qurani-Kərimdən ayəyə istinad edilərək bu hadisənin elmə məlum olmasından əsrlər əvvəl dini mənbədə öz əksini tapdığı göstərilmişdi.Halbuki dərslik müəllifləri sadə bir coğrafi və okeanoqrafik araşdırma aparmaqla təqdim etdikləri dəlillərin yanlış olduğunu müəyyən edə bilərdilər. Həm Atlantik okeanının, həm də Aralıq dənizinin suyu duzludur və bu su kütlələri arasında intensiv su mübadiləsi və qarışma baş verir. İstinad edilən ayədə isə şirin və duzlu sulardan bəhs olunur.

Burada məsələnin təəssüf doğuran tərəfi yalnız elmi yanlışlığa yol verilməsi deyil, həm də həmin yanlışlığın əsaslandırılması üçün dini mənbədən istifadə edilməsidir. Nəticə etibarilə, müəlliflər nə fiziki hadisəni, nə də istinad etdikləri dini mətnin hadisəyə uyğunluğunu yetərincə araşdırıblar.Dini dəyərlərə hörmət etmək ayrı məsələdir, dini elmi əsası olmayan iddiaların təsdiq vasitəsinə çevirmək isə tamam başqa məsələdir. Hesab edirəm ki, belə yanaşma nə elmə, nə dinə, nə də təhsilə xidmət edir.Həmin dərslik sonradan istifadədən çıxarılsa belə, hesab edirəm ki, məsələ bununla bitmiş hesab edilməməlidir. Məni bir metodist kimi narahat edən əsas məqamlardan biri də belə bir yanaşmanı dərsliyə gətirən şəxslərin sonrakı dərsliklərin hazırlanmasında yenə də ön sıralarda yer alması ehtimalıdır.

Əgər elmi və metodoloji baxımdan bu qədər ciddi nöqsana yol verən şəxslər dərsliklərin hazırlanmasında aparıcı mövqelərini qoruyub saxlayırlarsa, burada artıq yalnız dərsliyin keyfiyyətindən deyil, müəllif seçimi, peşəkar səriştə və ekspertiza mexanizmlərindən də danışmaq lazımdır.

Fizika dərsliklərində elmilik, obyektivlik və təhsilin dünyəvilik prinsipləri mütləq qorunmalıdır.

Bəzən problem yalnız dərsliyin məzmununda deyil, həmin məzmunu formalaşdıran düşüncə tərzindədir. Dərsliyi dəyişmək mümkündür, lakin onun hazırlanmasına əsas verən yanlış yanaşma dəyişmədikcə problemin təkrarlanması qaçılmaz ola bilər.

Mənbələrin etibarlılığı və məlumatların araşdırılması ilə bağlı problemlərə toxunsaq, deyə bilərik ki, dərsliklərdə təqdim olunan bəzi tarixi məlumatların, elmi kəşflərin, alimlərə aid edilən fikirlərin, maraqlı faktların və fotoşəkillərin etibarlılığı ciddi suallar doğurur.Bəzi məlumatların elmi və tarixi mənbələr əsasında yoxlanılmadan dərsliyə daxil edildiyi təəssüratı yaranır.

İnternetdə geniş yayılan bir məlumatın populyar olması onun doğru olması demək deyil. Dərslik müəllifi məlumatı sadəcə əldə edən və təqdim edən deyil, həm də onun etibarlılığını yoxlayan şəxs olmalıdır.Şagirddən araşdırma aparmağı və tənqidi düşünməyi tələb ediriksə, ilk növbədə ona təqdim etdiyimiz dərslik bu prinsiplərə cavab verməlidir.

Dərsliklərin vizual tərtibatı və illüstrasiyaların keyfiyyəti barəsində də bir neçə söz demək lazımdır.Fizika dərsliklərində diqqətimi çəkən digər problem vizual materialların keyfiyyəti ilə bağlıdır. Təəssüf ki, bəzi dərsliklərdə aşağı keyfiyyətli fotoşəkillərə, estetik baxımdan uğursuz illüstrasiyalara, aydın oxunmayan qrafiklərə və fiziki hadisənin mahiyyətini tam əks etdirməyən təsvirlərə rast gəlinir.Fizika elə bir fəndir ki, burada illüstrasiyalar sadəcə dərsliyin tərtibat elementi deyil, həm də bilavasitə öyrətmə vasitəsidir. Bəzən düzgün hazırlanmış bir illüstrasiya bir səhifəlik nəzəri izahdan daha effektiv ola bilər.

Müasir dövrdə qrafik dizayn proqramlarının, üçölçülü modelləşdirmə vasitələrinin və süni intellekt alətlərinin bu qədər əlçatan olduğu bir zamanda dərsliklərdə aşağı keyfiyyətli vizual materialların yer almasını anlamaq çətindir.Bu gün hətta fərdi şəkildə fəaliyyət göstərən bir fizika müəllimi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli elmi illüstrasiyalar hazırlaya bilirsə, dövlət səviyyəsində hazırlanan, geniş müəllif və redaktor heyətinin iştirak etdiyi dərsliklərdə nə üçün bu imkanlardan yetərincə istifadə olunmur?

Əlbəttə, burada söhbət yalnız şəkillərin estetik görünüşündən və yüksək görüntü keyfiyyətindən getmir. İllüstrasiyaların elmi dəqiqliyi, metodiki əhəmiyyəti, rəng seçimi, işarələnməsi və şagirdin qavrama səviyyəsinə uyğunluğu da nəzərə alınmalıdır. Süni intellekt vasitəsilə hazırlanan illüstrasiyalar da mütləq elmi ekspertizadan keçirilməlidir.

Hesab edirəm ki, dərsliklərin hazırlanması zamanı müasir texnologiyaların imkanlarından daha səmərəli istifadə edilməli, vizual materialların keyfiyyətinə dair konkret tələblər müəyyənləşdirilməlidir.

XXI əsrin şagirdinə müasir texnologiyaların imkanlarından yetərincə faydalanmadan hazırlanmış dərslik təqdim etməyi doğru hesab etmirəm. Dərslik yalnız elmi məzmunu ilə deyil, vizual keyfiyyəti ilə də dövrün tələblərinə cavab verməlidir.

Üstəlik, müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsaitlərdə mövcud olan problemlər də var. Təəssüf ki, qeyd etdiyim problemlər yalnız fizika dərslikləri ilə məhdudlaşmır. Müəllimlər üçün hazırlanmış metodik vəsaitlərdə də kifayət qədər elmi, metodiki, orfoqrafik, qrammatik və texniki səhvlərə rast gəlinir.Xüsusilə narahatlıq doğuran məqamlardan biri dərslikdə verilmiş bir sıra sual və tapşırıqların həll və izahlarının metodik vəsaitdə yanlış təqdim edilməsidir. Bəzi hallarda tapşırığın cavabı doğru olsa da, onun elmi əsaslandırılması yanlışdır. Bəzi hallarda isə həm izahda, həm də cavabda yanlışlığa yol verilir.Hətta elə izahlar var ki, fizika müəllimləri özləri belə həmin izahları oxuyarkən müəllifin nə demək istədiyini anlamaqda çətinlik çəkirlər.Belə olan halda haqlı olaraq sual yaranır: müəllimin özünün anlamaqda çətinlik çəkdiyi bir izahı onun şagirdə necə öyrətməsini gözləyə bilərik?

Metodik vəsaitin hazırlanmasında əsas məqsəd müəllimin işini asanlaşdırmaq, mövzunun tədrisi üçün düzgün metodiki istiqamət vermək, yarana biləcək sualları cavablandırmaq və mümkün yanlış təsəvvürlərin qarşısını almaqdır. Lakin bəzi hallarda metodik vəsait müəllimin mövcud suallarını cavablandırmaq əvəzinə, onda yeni suallar yaradır.

Digər tərəfdən, metodik vəsaitdə yol verilmiş elmi səhvin təsir dairəsi daha geniş ola bilər. Çünki müəllimin həmin məlumatı doğru qəbul edərək tədris prosesində istifadə etməsi yanlış biliyin çoxsaylı şagirdlərə ötürülməsinə səbəb ola bilər.Hesab edirəm ki, müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsaitlər də ən azı dərsliklər qədər ciddi elmi, metodiki, linqvistik və texniki ekspertizadan keçirilməlidir.

Müəllimə metodiki dəstək göstərmək məqsədilə hazırlanmış bir vəsaitin özünün metodiki yardıma və elmi düzəlişlərə ehtiyac duyması ciddi problemdir.

Orta məktəb dərslikləri ilə qəbul imtahanlarının məzmunu arasındakı uyğunsuzluqlar da çoxdur. Düşünürəm ki, fizika dərslikləri ilə bağlı ən ciddi və sistemli problemlərdən biri də məhz budur.İlk növbədə, belə bir suala cavab verməliyik: orta məktəb dərsliyinin hazırlanmasında əsas məqsəd nədir?

Dərslik şagirdə elmi biliklər qazandırmalı, onun dünyagörüşünü genişləndirməli, analitik düşünmə bacarıqlarını inkişaf etdirməli, eyni zamanda, növbəti təhsil pilləsinə keçidi üçün zəruri bilik və bacarıqları formalaşdırmalıdır.

Lakin Elm və Təhsil Nazirliyinin orta məktəb fizika dərslikləri ilə Dövlət İmtahan Mərkəzinin qəbul proqramını, test toplularını və tədris vəsaitlərini müqayisə etdikdə bir sıra ciddi uyğunsuzluqların şahidi oluruq.Elə mövzular var ki, orta məktəb dərsliklərində olduqca geniş izah edilir, lakin qəbul imtahanının tələblərində həmin məlumatlara, demək olar ki, yer ayrılmır. Bunun əksinə olaraq, qəbul imtahanında tələb olunan bəzi bilik və bacarıqların formalaşdırılması üçün dərslikdə verilən materiallar kifayət etmir.

Belə olan halda bir sıra suallar meydana çıxır:

Şagird yalnız orta məktəb dərsliklərindən istifadə etməklə qəbul imtahanında yüksək nəticə əldə edə bilərmi?

Əgər dərslikdə verilən biliklər qəbul imtahanında uğur qazanmaq üçün yetərli deyilsə, şagird nə üçün dərsliyi əsas bilik mənbəyi hesab etməlidir?

Əgər şagird DİM-in vəsaitlərini öyrənməklə imtahanda uğur qazana bilirsə, onun orta məktəb dərsliyini oxumağa marağı necə təmin ediləcək?

Nə üçün eyni təhsil sistemində şagirdə öyrədilənlə imtahanda ondan tələb olunanlar arasında bu qədər kəskin fərq olmalıdır?

Əlbəttə, mən fizikanın yalnız imtahan fənni kimi tədris edilməsinin tərəfdarı deyiləm. Orta məktəb dərsliyinin məqsədi də yalnız şagirdi qəbul imtahanına hazırlamaqdan ibarət olmamalıdır. Lakin bu yanaşma tədrisin məzmunu ilə qiymətləndirmənin məzmunu arasındakı uyğunsuzluğa haqq qazandırmır.

Hesab edirəm ki, bu uyğunsuzluq həm də təhsil sistemində müəyyən boşluqların yaranmasına, repetitorluq fəaliyyətinin isə getdikcə nizamsız və nəzarətsiz xarakter almasına zəmin yaradır.Əvvəlki illərlə müqayisədə, mənim müşahidələrimə əsasən, repetitorluq fəaliyyətində peşəkarlıq və ixtisas bilikləri ilə bağlı tələblərə münasibət xeyli dəyişib. Bu gün hətta fundamental fizika bilikləri yetərli olmayan, orta məktəb dərsliklərinin məzmununa hakim olmayan, fənnin tədrisi metodikasını bilməyən bəzi şəxslər yalnız Dövlət İmtahan Mərkəzinin qəbul proqramı və test vəsaitləri əsasında abituriyent hazırlığı ilə məşğul olurlar.

Nəticədə fizikanı öyrətməklə fizika testlərini həll etməyi öyrətmək arasındakı fərq getdikcə aradan qalxır.Şagird fiziki hadisənin mahiyyətini anlamadan düsturları əzbərləyir, müəyyən test modellərini mənimsəyir və bununla da qəbul imtahanında nəticə əldə etməyə çalışır. Lakin imtahanda yüksək nəticə göstərmək heç də hər zaman fənni dərindən mənimsəmək demək deyil.Fizika kimi fundamental, dərin elmi təfəkkürə, riyazi əsaslandırmalara, müşahidə və təcrübələrə söykənən bir elmin bu qədər səthi şəkildə tədris edilməsi məni bir metodist kimi ciddi narahat edir.

Çünki bu cür tədrisin fəsadları yalnız orta məktəb dövrü ilə məhdudlaşmır. Şagirdin fundamental fizika biliklərində yaranan boşluqlar onun gələcəkdə ali məktəbdə təhsilinə, mühəndislik və texniki ixtisaslar üzrə peşəkar inkişafına, eləcə də elmi fəaliyyətinə mənfi təsir göstərə bilər.Əlbəttə, burada məqsəd repetitorluq fəaliyyətini bütövlükdə tənqid etmək deyil. Öz işinə məsuliyyətlə yanaşan, yüksək elmi və metodiki biliklərə malik kifayət qədər müəllimlərimiz var. Məsələ bu fəaliyyətin qeyri-peşəkar şəxslər üçün də asanlıqla əlçatan bir sahəyə çevrilməsinə şərait yaradan sistemli problemlərin mövcudluğundadır.

Hesab edirəm ki, orta məktəb dərslikləri öz funksiyasını tam yerinə yetirmədikcə, tədrislə qiymətləndirmə arasındakı uyğunsuzluqlar aradan qaldırılmadıqca və repetitorluq fəaliyyətində peşəkarlıq meyarlarına lazımi diqqət yetirilmədikcə bu problemlər davam edəcək.Bizim məqsədimiz yalnız fizika imtahanından yüksək bal toplayan abituriyentlər deyil, fizikanı anlayan, elmi düşünməyi bacaran gələcək mütəxəssislər yetişdirmək olmalıdır.

Bir tərəfdən şagirdə dövlət tərəfindən təqdim edilən dərsliyi əsas bilik mənbəyi kimi tanıdırıq, digər tərəfdən isə qəbul imtahanında uğur qazanmaq üçün onu alternativ mənbələrə müraciət etmək məcburiyyətində qoyuruq.Bu vəziyyət həm də şagirdin və müəllimin orta məktəb dərsliyinə olan etimadının azalmasına səbəb olur.Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında tədrisin məzmunu və qiymətləndirmə tələbləri baxımından ciddi koordinasiya olmalıdır.Biz dərsliyi imtahana qurban verməməli, imtahanı da dərslikdən və tədrisin məzmunundan ayrı salmamalıyıq.

Yuxarıda qeyd etdiyim problemlər dərslik müəlliflərinin fəaliyyəti ilə yanaşı, dərsliklərin ekspertizadan keçirilməsi mexanizmi barədə də müəyyən suallar yaradır.Dərslikdə eyni zamanda elmi, metodiki, orfoqrafik, texniki və faktoloji səhvlərə rast gəlinirsə, burada yalnız müəllif məsuliyyətindən deyil, ekspertiza prosesinin keyfiyyətindən də danışmaq lazımdır.Hesab edirəm ki, fizika dərslikləri nəşr edilməzdən əvvəl fiziklər, metodistlər, praktik müəllimlər, dil mütəxəssisləri və texniki redaktorlar tərəfindən hərtərəfli təhlil edilməlidir.

Dərsliklərlə bağlı iradlarımı bildirməkdə məqsədim ayrı-ayrı müəllifləri hədəf almaq, onların əməyini kiçiltmək və ya görülən işə kölgə salmaq deyil. Məqsədim mövcud problemləri diqqətə çatdırmaq, onların aradan qaldırılmasına töhfə vermək və fizika tədrisinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.Hesab edirəm ki, minlərlə şagirdin bilik mənbəyi olan bir dərsliyə münasibətdə tələbkar olmaq hər bir fənn mütəxəssisinin peşə borcudur.Dərsliyin hazırlanmasında səhvə yol verilə bilər. Lakin müəyyən edilmiş səhvlərin aradan qaldırılmamasına və illərlə təkrarlanmasına haqq qazandırmaq olmaz.

Dərsliyə tənqidi yanaşmaq təhsilə qarşı çıxmaq deyil, onun keyfiyyətinə biganə qalmamaqdır".

Mövzu ilə bağlı danışan daha bir Fizika müəllimi Xurşudova Ürfanənin sözlərinə görə, o və həmkarları dərsi şagirdə anlaşıqlı şəkildə izah etmək üçün xeyli  əziyyət çəkməli olurlar. Lakin nə qədər çalışsalar da, şagirdlər xüsusən də IX sinif üçün yenilənmiş dərsliyi başa düşməkdə   çox çətinlik yaşayırlar:

193119

"Dərslik üçün üz qabığı həqiqətən, çox önəmli detaldır; şagird  ilk səhifələri hansı maraqla açırsa, bütün kitaba olan yanaşması da ona uyğun şəkildə formalaşır.

Üz qabığında həmin sinfə uyğun maraqlı, qeyri-adi təcrübələrdən nümunə şəkillər olsa, yəni bunu düzəldib qoysaq, məncə, şagirdlər üçün daha maraqlı gələr.

Daha sonra isə mövzular çətin başa düşülür,  qəliz dillə yazılır. Hətta 9-cu sinfin fizikasındakı ilk bölmədən demək olar ki, şagirdlər heç nə düzgün anlamırlar. Nə qədər zəhmət çəksək də, nə qədər anlaşıqlı başa salmağa çalışsaq da, şagirdlər bu il 9-cu sinfin yeni kitabında çox çətinlik çəkirlər".

Fizika elədir ki, daha çox təcrübələrlə və əyani təsəvvürlərlə şagirdlərə daha maraqlı gəlir:

"Ona görə də, çox istərdim ki, dərs vəsaitlərində təcrübi, praktiki məsələlərə daha çox yer ayrılsın. Bəzən elə bölmələr olur ki, onların  tədrisinə iki dərs saat ayrılsa da, mən daha çox vaxt sərf edirəm. Bunun yerinə, əlavə məsələ həlləri ilə bərabər, həm də təcrübələr verilsin. Dərsliyimizdə araşdırmalara çox az yer ayrılıb. Təcrübələr də əlavə olunsa, çox yaxşı olar. Çünki şagirdlərə biz özümüz bu istiqamətdə tapşırıq verəndə, evdə bəziləri araşdırsa da,  bəziləriləri etmir. Bu, məcburi olmur; amma dərsimizdə məhz təcrübə olsa, şagird bilər ki, ev tapşırığı budur və onun üzərində daha çox çalışar.

Dərslikdə həddindən artıq riyazi elementlərdənsə, şagirdlərin rahat başa düşəcəyi anlaşıqlı dildə izahatların, təcrübələrin və əyani vəsaitlərin verilməsi mənim fikrimcə, daha məqsədəuyğun olardı".

SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan
Son xəbərlərDaha çox