Azedu.az

“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev

Elm və təhsil

18 Noyabr 2026, 12:41
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev

"Diplom insanın biliklərindən daha vacib deyil".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panelsessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bir neçə əsas istiqamətə diqqət yetirilməlidir. Onlardan biri ibtidai və məktəbəqədər təhsilin ali təhsilli müəllimlər tərəfindən həyata keçirilməsidir.

Emin Əmrullayev ikinci mühüm məsələnin peşə təhsilində tədris olunan məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması olduğunu vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə təhsil verənlərin bilik və bacarıqları da həlledici əhəmiyyət daşıyır:

“Bu gün Azərbaycanın hansısa bölgəsində peşə təhsilinə cəlb olunmuş müəllimin bacarığı tələbənin öyrənə biləcəyi bilik və bacarıqların səviyyəsini müəyyənləşdirir. Yəni tələbə müəllimin bildiyindən daha çoxunu öyrənə bilməz. Bu mənada təhsil verənlərin keyfiyyəti çox önəmlidir”.

Nazir qiymətləndirmə məsələsinə də toxunaraq diplomun arxasında dayanan bilik və bacarıqların müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

“İnsanın əlində olan kağız parçası onun biliklərindən daha vacib deyil. Bizdə yanaşma belədir ki, diplom varsa, deməli, avtomatik olaraq bilik də var. Təəssüf ki, çox vaxt bu, belə deyil. Ona görə də istər peşə, istərsə də ali təhsildə diplomun arxasında nəyin dayandığını müəyyənləşdirmək əsas prinsipial mövqeyimiz olmalıdır”, - deyə nazir bildirib.

Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?
Son xəbərlərDaha çox