İlqar Bayramlı: “11 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur”.
AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Peşə Təhsili Forumu 2026" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, adambaşına maliyyələşmə mexanizmi peşə təhsili müəssisələrində rəqabəti artırmaqla yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə və infrastrukturun yenilənməsinə imkan yaradır:
“Peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşına maliyyələşmə mexanizminə keçidinə başlanılıb. Hazırda 11 peşə təhsili müəssisəsində 12 min təhsilalanı əhatə edən bu mexanizm tətbiq olunur. Bu, ümumi peşə təhsili sistemindəki tələbələrin hər dörd nəfərindən birini əhatə edir.
Müəssisə nə qədər çox tələbə cəlb edərsə, bir o qədər çox maliyyə əldə edir. Eyni zamanda, nəticə göstərdikcə maliyyələşmə imkanları da artır. Bunun sayəsində müəssisələr təhsil verənlərə rəqabətqabiliyyətli əməkhaqqı təklif edə, maddi-texniki bazanın qorunması və yenilənməsi üçün zəruri addımlar ata bilirlər.
Maliyyə vəsaiti ixtisasların xərc qruplarına uyğun olaraq fərqləndirilir. Müəssisələr isə əldə etdikləri vəsaiti öz prioritetlərinə uyğun idarə etmək imkanı qazanırlar.
Müasir infrastruktur və yeni maliyyələşmə modeli birlikdə tədrisin keyfiyyətini dəstəkləyir. Burada əsas məqsəd bütövlükdə idarəetmə yanaşmasının yenilənməsidir.
Səmərəli idarəetmənin əsas şərtlərindən biri isə dəqiq və vaxtında əldə olunan məlumatdır”.