Azedu.az

Kobudluq kişilik, aqressiya güc deyil - Uşaqların tərbiyəsindəki YANLIŞLIQ

Elm və təhsil

2 Noyabr 2026, 09:10
Kobudluq kişilik, aqressiya güc deyil - Uşaqların tərbiyəsindəki YANLIŞLIQ

Ötən günlərdə 225 nömrəli tam orta məktəbdə baş verən hadisə zamanı jurnalistlərə qarşı şagirdlərin aqressiv davranış sərgiləməsi təhsil müəssisələrində şagird davranış qaydalarına əməl olunması məsələsini yenidən gündəmə gətirib.

Maraqlıdır, müasir dövrdə valideynlər oğlan uşaqlarının tərbiyəsində hansı yanlışlıqlara yol verirlər? 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Vasif Qafarov qeyd edib ki, oğlan uşaqlarının tərbiyəsində valideynlərin yol verdiyi əsas yanlışlıqlardan biri aqressiv davranışı güc, kobudluğu isə kişilik və xarakter göstəricisi kimi təqdim etmələridir:

"Bəzən uşağa kiçik yaşlarından özünü sərt aparmaq, fikrini zorla qəbul etdirmək, mübahisələrdə geri çəkilməmək aşılanır. Halbuki bunlar güclü xarakterin deyil, düzgün formalaşmamış davranış modelinin əlamətləridir. Oğlan uşağına izah edilməlidir ki, güc başqalarını qorxutmaqda deyil, özünü idarə etməkdə, emosiyalarına nəzarət etməkdə və başqalarının hüquqlarına hörmət göstərməkdədir.

Aqressiyanın tərbiyə vasitəsinə çevrilməsi gələcəkdə uşağın həmyaşıdları ilə münasibətlərinə, məktəb mühitində davranışına və cəmiyyətə inteqrasiyasına mənfi təsir göstərir. Belə uşaqlar zamanla tənqidi qəbul etməkdə, fərqli fikirlərə hörmətlə yanaşmaqda və münaqişələri sağlam şəkildə həll etməkdə çətinlik çəkirlər.

Burada valideyn məsuliyyəti ilə yanaşı, məktəbin də üzərinə mühüm vəzifə düşür. Uşaqlara yalnız bilik vermək kifayət deyil. Onlara davranış mədəniyyəti, məsuliyyət, empatiya və ictimai qaydalara hörmət də aşılanmalıdır. Unutmaq olmaz ki, tərbiyəli, özünə güvənən və məsuliyyətli oğlan uşağı yetişdirmək üçün sərtlik deyil, düzgün nümunə və ardıcıl tərbiyə əsasdır".

TƏCİLİ! Ukrayna ordusu Rusiyaya girdi - Əsgərlər məhv edildi
Son xəbərlərDaha çox