8 Noyabr - Zəfər Günü münasibətilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşəbbüsü ilə 2-6 noyabr tarixləri "Zəfəri öyrədən müəllim" həftəsi elan edilir.
AzEdu.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi tarixi Zəfərimizin mahiyyətinin müxtəlif fənlərin tədrisinə inteqrasiya edilməsi, şagirdlərdə vətənpərvərlik, milli qürur, dövlətçilik və birlik dəyərlərinin möhkəmləndirilməsi, eyni zamanda müəllimlərin yaradıcı pedaqoji yanaşmalarının inkişaf etdirilməsidir.
Həftə çərçivəsində ümumi təhsil müəssisələrində müəllimlər tərəfindən tədris etdikləri fənlərin məzmununa uyğun olaraq Zəfər Gününə həsr olunmuş tematik dərslərin təşkili nəzərdə tutulur. Müəllimlər təqdim olunan mövzularla yanaşı, fənnin xüsusiyyətlərinə uyğun digər yaradıcı mövzular da müəyyənləşdirə bilərlər.
Dərslərdə aşağıdakı fəaliyyətlərə üstünlük veriləcək:
- Şagirdlərin təqdimatları və yaradıcı tapşırıqları;
- Tarixi faktlar əsasında qrup işləri və müzakirələr;
- Rəqəmsal xəritələr, videomateriallar və interaktiv resurslardan istifadə;
- Fənlərarası inteqrasiya;
- Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və gələcək inkişaf perspektivlərinə dair layihə tapşırıqları.
Bu həftə Şərqi Zəngəzurun məktəblərində hər dərs Zəfərimizdən danışacaq!