"Buraxılış imtahanlarında sualların çətinliyi, mətnlərin həcmi və qapalı tapşırıqların sadələşdirilməsi hər il müzakirə olunan məsələlərdəndir. Abituriyentlər və valideynlər imtahan suallarının daha yığcam və asan olmasını istəsələr də, bu dəyişikliklərin qəbul prosesinə mümkün təsirləri də nəzərə alınmalıdır.
Belə ki, hər iki imtahanın eyni vaxtda asanlaşdırılması yüksək bal toplayanların sayını artıra, ixtisas seçimi zamanı rəqabəti və keçid ballarını dəyişə bilər".
Bu sözləri “AzEdu Podkast”da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
İmtahanların asanlaşdırılması qəbul prosesində çətinlik yarada bilər
Elmin Nuri bildirib ki, buraxılış imtahanlarında sualların qısaldılması və asanlaşdırılması təklifini irəli sürənlər məsələnin yalnız bir tərəfinə diqqət yetirirlər. Onun sözlərinə görə, testologiyanın əsas prinsiplərindən biri asan, orta və çətin suallar arasında balansın qorunmasıdır.
"Buraxılış imtahanları asanlaşdırılaraq yüksək nəticə göstərənlərin sayı artırılarsa, blok imtahanlarında da eyni yanaşmanın tətbiqi qəbul prosesində ciddi çətinliklər yarada bilər".
Yüksək bal toplayanların sayının artması rəqabəti dəyişə bilər:
"Ali təhsil müəssisələrinə qəbul planı məhdud olduğu halda, abituriyentlərin daha çoxunun yüksək bal toplaması ixtisas seçimi zamanı vəziyyəti mürəkkəbləşdirə bilər. Belə bir şəraitdə keçid balları artacaq, ixtisas seçimi zamanı isə qarışıqlıq yaranacaq. Buna görə də imtahanların çətinlik səviyyəsi müəyyən edilərkən yalnız abituriyentlərin yüksək nəticə əldə etməsi deyil, qəbul prosesində ümumi balansın qorunması da nəzərə alınmalıdır".
“İki imtahanın eyni vaxtda asanlaşması abituriyentə zərbə vura bilər”
Təhsil tədqiqatçısı valideynləri, müəllimləri və abituriyentləri sosial şəbəkələrdə yayılan fikirlərə əsaslanaraq arxayınlaşmamağa çağırıb.
"Buraxılış və blok imtahanlarının hər ikisinin eyni vaxtda asanlaşdırılması abituriyentlərin özünü aldatmasına səbəb ola bilər. Onun sözlərinə görə, hər iki imtahanda yüksək nəticə göstərənlərin sayının kəskin artması qəbul zamanı rəqabəti daha da çətinləşdirəcək”, - deyə Elmin Nuri fikrini yekunlaşdırıb.