Azedu.az

Əlavə meyarlar, əməkhaqqı artımı, keçid balları - yeni mərhələdə SERTİFİKASİYA

Sertifikasiya

27 Oktyabr 2026, 13:58
Əlavə meyarlar, əməkhaqqı artımı, keçid balları - yeni mərhələdə SERTİFİKASİYA

Müəllimlərin sertifikatlaşdırılması prosesində ilk beşillik mərhələnin başa çatması növbəti dövrdə tətbiq edilə biləcək yenilikləri yenidən gündəmə gətirir.

İkinci beşillikdə müəllimlər üçün qiymətləndirmə qaydalarının və tələblərin yenilənib-yenilənməyəcəyi sual doğurur.

Maraqlıdır, ikinci beşillikdə müəllimlərin sertifikatlaşdırılması prosesində hansı əsas dəyişikliklərin tətbiqi gözlənilir?

Mövzu ilə bağı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Mehriban Vəliyeva qeyd edib ki, müəllimlərin sertifikatlaşdırılması ümumi təhsil sistemində keyfiyyətin yüksəldilməsinə, pedaqoji kadrların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə və müəllimlərin davamlı inkişafının təşviqinə xidmət edən mühüm mexanizmlərdən biridir:

"İlk beşillik mərhələnin başa çatması isə bu prosesin nəticələrinin təhlili və növbəti dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından yeni imkanlar yaradır. 2027–2032-ci illəri əhatə edəcək növbəti mərhələdə əsas diqqətin mövcud təcrübənin təkmilləşdirilməsinə, qiymətləndirmə mexanizmlərinin səmərəliliyinin artırılmasına və sertifikatlaşdırmanın müəllimlərin real peşəkar inkişafına daha çox töhfə verməsinə yönəlməsi məqsədəuyğun olardı.

Hesab edirəm ki, növbəti mərhələnin əsas hədəfi yalnız müəllimlərin bilik səviyyəsini müəyyənləşdirmək deyil, həm də onların pedaqoji bacarıqlarını, müasir təlim metodlarından istifadə imkanlarını və şagirdlərin təlim nəticələrinə töhfələrini inkişaf etdirmək olmalıdır. Çünki müasir təhsil sistemində müəllimin peşəkarlığı fənn bilikləri ilə yanaşı, həmin bilikləri şagirdə necə çatdırması ilə də ölçülür. Bununla belə, 2027–2032-ci illər üçün konkret dəyişikliklərin tətbiqi barədə müvafiq dövlət qurumlarının rəsmi qərarları olmadan qəti fikir söyləmək düzgün olmazdı. Müzakirə edilən ehtimalları təsdiqlənmiş qərarlardan fərqləndirmək vacibdir.

İstənilən qiymətləndirmə sistemində meyarların dəyişdirilməsi, tələblərin yenilənməsi və ya nəticələrin daha geniş göstəricilər əsasında müəyyənləşdirilməsi iştirakçılar arasında müəyyən narahatlıq yarada bilər. Müəllimlər üçün də bu məsələyə həssas yanaşılması təbiidir. Çünki sertifikatlaşdırmanın nəticələri onların əmək fəaliyyətinə, peşəkar nüfuzuna və maddi təminatına təsir göstərir:

Qiymətləndirmə meyarlarının sərtləşdirilməsi və ya keçid ballarının artırılması mümkün müzakirə mövzuları kimi nəzərdən keçirilə bilər:

"Lakin bunların mütləq tətbiq olunacağını söyləmək üçün hazırda əsas yoxdur. Əsas məsələ tələblərin formal şəkildə yüksəldilməsi deyil, qiymətləndirmənin obyektivliyinin, şəffaflığının və təhsilin real ehtiyaclarına uyğunluğunun təmin edilməsidir.

Əgər gələcəkdə hər hansı dəyişiklik nəzərdə tutularsa, həmin dəyişikliklər elmi-pedaqoji əsaslara söykənməli, əvvəlki mərhələnin nəticələrinin təhlili ilə müşayiət olunmalı və müəllimlər üçün əvvəlcədən aydın şəkildə izah edilməlidir. Müəllimlərdən daha yüksək nəticələr gözlənilirsə, onların bu nəticələrə nail olması üçün müvafiq hazırlıq imkanları da yaradılmalıdır. Unutmamalıyıq ki, təhsilin keyfiyyətini yüksəltmək müəllim qarşısında yalnız yeni tələblər qoymaqla mümkün deyil. Bu, eyni zamanda müəllimin əməyinə hörmət, peşəkar inkişafına dəstək, etimad və ədalətli qiymətləndirmə deməkdir.

Sertifikatlaşdırmanın məqsədi yalnız müəllimlərin bilik və bacarıqlarını yoxlamaq deyil, eyni zamanda onların peşəkar inkişafına təkan vermək olmalıdır. Bu baxımdan, qiymətləndirmədə gözlənilən nəticəni əldə edə bilməyən müəllimlərlə bağlı yanaşma xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, gələcək mərhələdə müəllimlərin nəticələrinə uyğun fərdi inkişaf proqramlarının hazırlanması, əlavə təlimlərə cəlb olunması, metodiki dəstəyin gücləndirilməsi və təkrar qiymətləndirməyə hazırlıq imkanlarının genişləndirilməsi kimi mexanizmlər daha da təkmilləşdirilə bilər. Belə yanaşma müəllimin mövcud çətinliklərini müəyyənləşdirməyə və həmin çətinliklərin aradan qaldırılmasına imkan verər".

Eyni zamanda, sertifikatlaşdırmanın nəticələrini müəllimin bütün peşəkar fəaliyyətinə verilən yekun qiymət kimi qəbul etmək düzgün olmazdı:

"Müəllimin nəzəri bilikləri, pedaqoji təcrübəsi, şagirdlərlə ünsiyyət bacarığı və təlim prosesində əldə etdiyi nəticələr daha geniş peşəkarlıq anlayışının tərkib hissələridir. Əlbəttə, qiymətləndirmənin müəyyən etdiyi peşəkar tələblər qorunmalıdır. Lakin bu tələblərin təmin olunması prosesində müəllimə özünü inkişaf etdirmək üçün real imkanların yaradılması da vacibdir. Konkret yeni mexanizmlərin tətbiqi isə müvafiq normativ qərarlardan asılıdır.

Sertifikatlaşdırmanın müəllimlərin əməkhaqqına təsiri bu prosesin ən həssas və mühüm tərəflərindən biridir. Müəllimlərin qiymətləndirmədə göstərdikləri nəticələrə uyğun olaraq əməkhaqlarında tətbiq edilən əlavələr peşəkar inkişafa stimul verən mexanizmlər sırasındadır. Həmçinin diferensial əməkhaqqının tətbiqi deməkdir. Bu əlavələrin əhəmiyyəti yalnız maddi təminatla məhdudlaşmır. Onlar, eyni zamanda, müəllimin öz bilik və bacarıqlarını yeniləməsinə, peşəkar məsuliyyətini artırmasına və təhsil sahəsində daha yüksək nəticələr əldə etməsinə təşviq yaradır.

Növbəti mərhələdə 10 və 35 faizlik əlavələrin şərtlərinin dəyişdirilməsi məsələsinə gəldikdə isə, müvafiq dövlət qurumlarının rəsmi qərarı olmadan belə bir dəyişikliyin gözlənildiyini söyləmək doğru olmazdı. Lakin diferensial əmək haqlarının tətbiqində faiz dəyişikliyi arzuolunandır. 30 faizdən yuxarı 10, 40 faizdən yuxarı 20, 50 faizdən yuxarı 35 faiz artım  daha ədalətli olmazmı? Ümumiyyətlə, meyarlara yenidən baxılması məqsədəuyğundur.

Bununla yanaşı, gələcəkdə stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunarsa, burada əsas prinsip müəllim əməyinin ədalətli qiymətləndirilməsi, peşəkar inkişafın təşviqi və əməkhaqqı siyasətində proqnozlaşdırıla bilənliyin qorunması olmalıdır. Müəllim əvvəlcədən hansı meyarlarla qiymətləndiriləcəyini və əldə etdiyi nəticənin əməkhaqqına necə təsir göstərəcəyini aydın bilməlidir. Düşünürəm ki, təhsil siyasətində maddi stimulların səmərəliliyi müəllimlərin sosial rifahının qorunması və onların peşəkar potensialının inkişafı ilə paralel şəkildə təmin olunmalıdır.

Sertifikatlaşdırmaya hazırlıq yalnız imtahan ərəfəsində test tapşırıqlarının həlli ilə məhdudlaşmamalıdır. Bu proses müəllimin gündəlik peşəkar fəaliyyətinin, biliklərinin yenilənməsinin və müasir pedaqoji yanaşmalara yiyələnməsinin tərkib hissəsinə çevrilməlidir. Bu baxımdan, növbəti mərhələdə bir neçə istiqamətin inkişaf etdirilməsi məqsədəuyğun olardı. İlk növbədə, müəllimlər üçün əlçatan və sistemli hazırlıq proqramlarının təşkili, fənlər üzrə metodiki vəsaitlərin yenilənməsi, sınaq qiymətləndirmələrinin keçirilməsi və fərdi öyrənmə imkanlarının genişləndirilməsi vacibdir.

Eyni zamanda, rəqəmsal təlim platformalarından daha geniş istifadə edilməsi müəllimlərə öz biliklərini müstəqil şəkildə təkmilləşdirmək imkanı verə bilər. Digər mühüm məsələ məktəblərdə metodiki dəstəyin gücləndirilməsidir. Təcrübəli müəllimlərin gənc həmkarlarına dəstək göstərməsi, mentorluq proqramlarının genişləndirilməsi, fənn metodbirləşmələrinin və peşəkar müzakirə platformalarının daha səmərəli fəaliyyəti sertifikatlaşdırmaya hazırlığın keyfiyyətinə müsbət təsir göstərə bilər".

Bununla yanaşı, qiymətləndirmə meyarları və imtahanın məzmunu barədə müəllimlərə əvvəlcədən dolğun məlumat verilməsi xüsusi əhəmiyyət daşıyır:

"Müəllim nəyi öyrənməli olduğunu, hansı bacarıqlarının qiymətləndiriləcəyini və nəticələrini necə yaxşılaşdıra biləcəyini aydın başa düşməlidir. Mənim qənaətimcə, güclü təhsil sistemi müəllimdən yüksək nəticə tələb etməklə yanaşı, həmin nəticəyə çatmaq üçün ona zəruri şərait də yaradan sistemdir. Sertifikatlaşdırma birbaşa pedaqoji fəaliyyətə və əməkhaqqına təsir göstərdiyi üçün bu proseslə bağlı hər bir dəyişiklik ehtimalı təbii olaraq diqqət mərkəzində olur. Xüsusilə də ikinci beşilliklə bağlı müzakirələrdə müəllimlərin gözləntilərinin və suallarının nəzərə alınması vacibdir.

Lakin sertifikatlaşdırmanın növbəti mərhələdə mütləq daha çətin olacağı qənaətini indidən əsaslandırılmış fikir kimi təqdim etmək olmaz. Qiymətləndirmənin çətinliyi yalnız keçid balının artırılması və ya sualların mürəkkəbləşdirilməsi ilə ölçülmür. Burada meyarların məzmunu, tapşırıqların müəllimlərin real peşə fəaliyyətinə uyğunluğu, qiymətləndirmənin obyektivliyi və hazırlıq imkanlarının əlçatanlığı da mühüm rol oynayır. İlk beşillik mərhələnin təcrübəsi növbəti dövr üçün mühüm təhlil materialı olmalıdır. Bu təcrübə göstərməlidir ki, hansı istiqamətlərdə müsbət nəticələr əldə edilib, hansı məsələlər əlavə diqqət tələb edir və müəllimlərin hazırlıq prosesində hansı çətinliklər yaranır.

Əsas prinsip ondan ibarət olmalıdır ki, sertifikatlaşdırma müəllimlər üçün qorxu və qeyri-müəyyənlik mənbəyinə deyil, peşəkar inkişafın stimullaşdırılması vasitəsinə çevrilsin. Bunun üçün qərarlar şəffaf olmalı, dəyişikliklər əvvəlcədən elan edilməli və müəllimlərə yeni tələblərə uyğunlaşmaq üçün kifayət qədər imkan yaradılmalıdır. Müəllim təhsilin əsas dayağıdır.

Onun peşəkarlığının yüksəldilməsi dövlətin strateji maraqlarına, cəmiyyətin gələcəyinə və yetişən nəslin keyfiyyətli təhsil almasına xidmət edir. Buna görə də sertifikatlaşdırmanın gələcək inkişafı müəllimə qarşı tələblərin artırılması ilə onun peşəkar potensialının gücləndirilməsi arasında düzgün tarazlığın qorunması əsasında həyata keçirilməlidir".

Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...
Son xəbərlərDaha çox