İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanın təhsil məsələləri ilə bağlı ötən gün açıqlama verib.
Bundan sonra isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlama yayıb və bildirilib ki, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil.
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, geyim formasının təhsilə mane olduğunu iddia etmək təhsil idarəetməsinin fundamental prinsiplərindən tamamilə uzaq bir yanaşmadır:
"İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda tətbiq olunan vahid məktəbli geyim standartlarına qarşı çıxması və təhsil hüququ iddiası ilə azərbaycanlı qızları öz universitetlərinə dəvət etməsi, beynəlxalq hüququn təməl prinsipləri, suverenlik və dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması prinsipləri baxımından qəbuledilməzdir.
Bu çağırışa qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yayımladığı rəsmi açıqlama dövlətin daxili təhsil siyasətinin suveren toxunulmazlığını və müstəqil idarəetmə iradəsini qətiyyətlə ortaya qoyur. Nazirliyin bəyan etdiyi kimi, xarici bir dövlətin rəsmisi tərəfindən səsləndirilən bu iddialar tamamilə yersiz olmaqla yanaşı, Azərbaycanın daxili işlərinə və milli təhsil strategiyasına müdaxilə cəhdindən başqa bir şey deyildir. Müasir hüquqi müstəvidə heç bir kənar ölkəyə, eləcə də subyektə ölkəmizin daxili qanunvericiliyinə, o cümlədən ümumi təhsil müəssisələrinin nizam-intizam qaydalarına müdaxilə etməyə icazə verilmir və bu növ yersiz və qanunazidd təzyiq meyllərinin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınır.
Azərbaycan Respublikasının ümumi təhsil qanunvericiliyinə əsasən, vahid məktəbli geyim forması şagirdlərin sosial-iqtisadi fərqliliklərini sinif mühitində bərabərləşdirən, pedaqoji nizam-intizamı gücləndirən və təhsil sistemində demokratik balansı qoruyan dünyəvi bir tənzimləmə mexanizmidir. Bu qaydalar uşaqların fiziki-psixoloji inkişaf qanunauyğunluqları və təhsil mühitinin sağlamlıq standartları nəzərə alınaraq, dövlətin rəsmi orqanları tərəfindən müəyyən edilir. Geyim formasının təhsilə mane olduğunu iddia etmək təhsil idarəetməsinin fundamental prinsiplərindən tamamilə uzaq bir yanaşmadır. Əksinə, Azərbaycan dövləti hər bir vətəndaşın, xüsusilə də qızların keyfiyyətli, dünyəvi və təhlükəsiz təhsil almasını təmin edir, ölkədə akademik müstəqilliyi və gender bərabərliyini insan kapitalı strategiyasının əsası olaraq qoruyur.
Digər tərəfdən, xarici dövlət rəsmisinin Azərbaycandakı dünyəvi təhsil prinsiplərini hədəf alması hüquqi baxımdan dərin ziddiyyətlər doğurur. Rəsmi açıqlamada ədalətli şəkildə vurğulandığı kimi, İran əhalisinin təxminən 40 milyonunun köklü etnik azərbaycanlılar təşkil etməsinə baxmayaraq, bu böyük kontingent onilliklərdir ki, öz ana dillərində fundamental ibtidai, orta və ali təhsil almaq hüququndan tamamilə məhrum edilmişdir. Öz sərhədləri daxilində milyonlarla insanın təməl ana dili və təhsil hüquqlarını təmin etməyən, beynəlxalq humanitar konvensiyaların tələblərini yerinə yetirməyən bir sistemin rəsmisinin müstəqil, dünyəvi və hər bir fərdin təhsil hüququnu qarant altına alan Azərbaycan dövlətinə qarşı belə bir iddia irəli sürməsi ölkəmizin daxili işlərinə qarışmaq cəhdi və siyasi manipulyasiyadır.
Hesab edirəm ki, təhsil sisteminin və ümumi cəmiyyətin qarşılaşdığı müasir çağırışlar fonunda Azərbaycan öz dünyəvi təhsil modelini, milli dəyərlər sistemini və məktəbdaxili nizam-intizam qaydalarının aliliyini qorumağa davam edəcəkdir. Universitetlərimizdə beynəlxalq daxili rəqabət mühitinin inkişaf etdiyi və qlobal təhsil standartlarının tətbiq olunduğu bir dövrdə, bu növ kənar, hüquqazidd və qərəzli bəyanatların ölkə ictimaiyyəti və valideyn icmaları tərəfindən də birmənalı olaraq rədd edilməsi, ölkədəki təhsil sisteminə olan ictimai etibarın aydın göstəricisidir. Təhsil idarəçiliyində tətbiq olunan hər bir qayda dövlətin suveren hüququdur və bu model gənc nəslin həm intellektual inkişafına, həm də dünyəvi, tolerant və rəqabətədavamlı şəxsiyyətlər kimi yetişməsinə xidmət edir".