Peşə təhsili gənclərə yalnız müəyyən ixtisas üzrə bilik və bacarıqlar qazandırmır, həm də onların gələcək əmək fəaliyyətinə hazırlanmasında mühüm rol oynayır. Bu prosesdə istehsalat təlimi ustalarının üzərinə böyük məsuliyyət düşür. Çünki tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsi, peşəyə marağının formalaşması və özünəinam qazanması birbaşa təlim prosesinin necə təşkil olunmasından asılıdır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2016-cı ildən istehsalat təlimi ustası kimi fəaliyyət göstərən Nigar Məmmədova laborant-mikrobioloq ixtisası üzrə təhsil alan tələbələrə bilik və bacarıqlarını öyrədir. O, tədris prosesində fərdi yanaşmaya, praktik bacarıqların inkişafına və tələbələrin şəxsiyyət kimi formalaşmasına xüsusi önəm verir. Müəllimlik fəaliyyətində tələbələrinin inkişafına, uğurlarına və peşə seçimlərinə təsir göstərən Nigar müəllim üçün ən böyük məmnuniyyət öyrətdiyi biliklərin nəticəsini görməkdir.
AzEdu.az Nigar Məmmədova ilə müsahibəni təqdim edir:
-Nigar müəllim, 2016-cı ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlimi ustası kimi fəaliyyət göstərirsiniz. Kimya sahəsindəki biliklərinizi tələbələrə öyrətmək qərarına necə gəldiniz? Bu peşədə sizi ən çox cəlb edən nə oldu?

-Pedaqoji fəaliyyətimə 2016-cı ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində başlamışam. Kimya sahəsini seçməyimin əsas səbəbi ətraf aləmdə baş verən kimyəvi hadisələrə marağım olub. Hazırda mərkəzdə laborant-mikrobioloq ixtisası üzrə təhsil alan tələbələrə istehsalat təlimi ustası kimi bilik və bacarıqlarımı öyrədirəm.
-Məqsədiniz tələbələrə yalnız peşə öyrətmək deyil, həm də onları cəmiyyət üçün faydalı vətəndaş kimi yetişdirməkdir. İstehsalat təlimi prosesində bu iki istiqaməti necə uzlaşdırırsınız?
-İstehsalat təlimi ustası kimi əsas məqsədimiz tələbələrin ilk növbədə şəxsiyyət kimi formalaşmasına, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə töhfə verməkdir. Bununla yanaşı, onların nəzəri dərslərdə qazandıqları bilikləri praktik vərdişlərə çevirməyə çalışırıq. Tələbələrdə əmək bacarıqlarının formalaşmasına, nəzəri biliklərini praktikada tətbiq etmələrinə istiqamət veririk. Əlimdən gəldiyi qədər onların həm peşəkar, həm də şəxsiyyət kimi inkişaf etmələrinə dəstək oluram.
-Hər bir tələbənin özünəməxsus potensialı var. Öyrənmə sürəti və bacarıqları fərqli olan tələbələrlə işləyərkən hansı metodlardan istifadə edirsiniz?

-Hər bir tələbənin anlama və qavrama bacarığı fərqlidir. Əgər tələbənin hər hansı mövzunu mənimsəməkdə və ya praktik işi yerinə yetirməkdə çətinlik çəkdiyini görürüksə, ona fərdi yanaşmağa üstünlük veririk. Bu zaman müəllim tədris metodunu tələbənin bacarıqlarına uyğunlaşdırmalıdır. Hər bir tələbəni yaxından tanımalı, onun anlaya biləcəyi dildə, mümkün qədər sadə şəkildə izah verməlidir.
Əgər bu üsulla nəticə əldə etmək mümkün olmursa, təlim metodlarını dəyişmək lazımdır. Müxtəlif oyunlardan və praktik yönümlü tapşırıqlardan istifadə etməklə tələbənin mövzunu daha yaxşı qavramasına nail olmaq mümkündür.
-Müəllimlik fəaliyyətinizdə tələbələrinizlə bağlı sizi xüsusilə sevindirən, onların gələcəyinə və ya peşəyə münasibətinə baxışını dəyişən hadisələr olubmu?
-Pedaqoji fəaliyyətim ərzində tələbələrimin bir sıra uğurlarına şahid olmuşam. Onların idman yarışlarında qalib gəlməsi məni sevindirib. Bununla yanaşı, laboratoriya sahəsində təhsil alan tələbələrimdən bəziləri Qəbələdə fəaliyyət göstərən istehsalat müəssisələrində işlə təmin olunublar.
Hazırda Gilan Qida Konsernində və Qəbələ Geyim İstehsalı Müəssisəsində çalışan tələbələrim var. Bu gün də onlarla əlaqə saxlayıram. Onların hər bir uğurunu öz uğurum kimi qəbul edir və nailiyyətlərinə sevinirəm.
-Bəzən tələbələr seçdikləri ixtisasa maraq göstərmədən və ya gələcəkdə həmin sahədə işləmək niyyəti olmadan peşə təhsilinə üz tuturlar. Belə tələbələrdə motivasiyanı necə formalaşdırırsınız?

-Elə tələbələrimiz olur ki, seçdikləri ixtisasa əvvəlcədən maraq göstərmirlər. Bəziləri açıq şəkildə bildirirlər ki, bu ixtisasa öz istəkləri ilə qəbul olunmayıblar. Belə tələbələrlə söhbətlər aparır, onlara ixtisasın mahiyyətini və gələcək imkanlarını izah edirik. Nəticədə ilkin fikrindən daşınan, seçdiyi sahəyə maraq göstərməyə başlayan tələbələr də olur.
Öz təcrübəmdən bir nümunə çəkə bilərəm. Ötən il üçillik laborant-mikrobioloq ixtisası üzrə təhsil alan qrupumda bir tələbəm var idi. O, tez-tez mənə deyirdi: “Müəllimə, məni lövhəyə çıxarmayın, mən kimyanı bilmirəm, heç nə öyrənmək də istəmirəm”. Həmin tələbə bu ixtisasa yalnız attestat almaq üçün qəbul olduğunu bildirirdi. Bildiyiniz kimi, üçillik lisey qruplarında tələbələr peşə təhsili ilə yanaşı, attestat da əldə edirlər. O da məhz bu məqsədlə təhsil aldığını deyirdi.
-Həmin tələbə ilə bağlı hadisənin davamı necə oldu? Onun fikirlərinin dəyişdiyini görmək sizin üçün nə ifadə edirdi?
-Tələbələrimdən biri ilə bağlı yaşadığım hadisə məni xüsusilə qürurlandırır. Bir dəfə ondan soruşublar ki, bu üç il ərzində məktəbdə oxumaqla nə əldə edib. Tələbəm cavabında bildirib ki, həmin müddətdə kimyanı öyrənib, kimyəvi bacarıqlara yiyələnib. Bu cavab məni çox sevindirdi.
Əvvəllər həmin tələbə “Mən heç nə bilmirəm, lövhəyə çıxmaq istəmirəm” deyirdi. Mən onun ətrafımızda baş verən kimyəvi hadisələrə marağını artırmağa, bu sahəyə həvəs yaratmağa çalışırdım. Onunla söhbətlər aparır, mövzuları izah edir və motivasiyasını yüksəltməyə çalışırdım.
İstehsalat təcrübəsi zamanı həmin tələbəni rayonumuzda yerləşən sağlamlıq mərkəzinə göndərdim. Orada qan analizlərinin və digər laborator müayinələrin aparılmasında iştirak etdi. Tədris ilinin sonunda dövlət imtahanında da məni qürurlandırdı: həm dövlət imtahanından, həm də istehsalat təcrübəsindən “5” qiymət aldı. Bu nəticə mənim üçün çox dəyərli idi. Çünki bir tələbənin həyatına toxuna, onun özünəinamının və peşəyə marağının formalaşmasına töhfə verə bilmişdim.
-Sizcə, yaxşı istehsalat təlimi ustasını yalnız öz sahəsini dərindən bilməsi fərqləndirir, yoxsa pedaqoji və psixoloji bacarıqlar da eyni dərəcədə əhəmiyyətlidir?

-Məncə, yaxşı istehsalat təlimi ustası olmaq üçün yalnız bilik ötürmək kifayət deyil. Ümumiyyətlə, yaxşı müəllim olmaq təkcə öz sahəsini dərindən bilmək demək deyil. Biz tələbələrə şəxsiyyətyönümlü yanaşmalı, onları dinləməyi bacarmalı və özümüzü onların yerinə qoymağı öyrənməliyik.
Öz ixtisasım üzrə danışsaq, məqsədim tələbələrə yalnız laborantlıq bacarıqlarını öyrətmək deyil, ilk növbədə onları şəxsiyyət kimi formalaşdırmaq, vətənpərvər ruhda yetişdirməkdir. Tələbələrimə hər zaman deyirəm ki, mənim ilk məqsədim sizdən şəxsiyyət yetişdirməkdir. Bunun üçün onlarda yumşaq bacarıqları formalaşdırmağa çalışıram. Bu bacarıqları qazandıqdan sonra onlara peşə biliklərini də daha səmərəli şəkildə öyrətmək, əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi yetişmələrinə dəstək olmaq mümkündür.
-Kimyəvi analiz və mikrobiologiya dəqiqlik, diqqət və məsuliyyət tələb edən sahələrdir. Tələbələrə laboratoriyada təhlükəsiz və səhvsiz işləmək vərdişlərini necə aşılayırsınız?

-Laboratoriyada ilk növbədə tələbələri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tanış edirik. İstər istehsalat təlimi dərslərində, istərsə də hər hansı müəssisənin laboratoriyasında olsun, tələbələr bilməlidirlər ki, tanımadıqları avadanlığa və ya maddəyə ehtiyatsız yanaşmaq hansı nəticələrə səbəb ola bilər. Onlara maddələri necə tanımağı, onlarla hansı qaydada işləməyi və laboratoriya avadanlıqlarından düzgün istifadə etməyi öyrədirik.
Hər dərsdən əvvəl müvafiq təhlükəsizlik qaydalarını tələbələrə izah edir, həmin qaydalarla tanış olduqlarını təsdiqləmələri üçün imzalarını alırıq. Yalnız bundan sonra onların praktik işə başlamasına icazə veririk. Çünki laboratoriyada təhlükəsizlik qaydalarına riayət etmək həm tələbələrin sağlamlığı, həm də işin düzgün yerinə yetirilməsi baxımından olduqca vacibdir.
-Sizcə, peşə təhsilində uğurlu məzun yetişdirməyin əsas göstəricisi nədir? İmtahan nəticələri, praktik bacarıqlar, yoxsa məzunun öz peşəsində inkişaf etmək qabiliyyəti?

-Düşünürəm ki, bu məsələyə bütün tələbələr üçün eyni meyarla yanaşmaq olmaz. Hər bir tələbənin bacarıqları və inkişaf istiqaməti fərqli ola bilər. Ancaq peşə təhsilindən danışırıqsa, praktik bacarıqlara daha çox üstünlük verməliyik.
Elə tələbələr var ki, nəzəri bilikləri yaxşı mənimsəyirlər, lakin onları praktikada tətbiq etməkdə çətinlik çəkirlər. Digər tələbələr isə nəzəri hissəni o qədər də yaxşı mənimsəməsələr də, praktik işləri uğurla yerinə yetirə bilirlər. Peşə təhsilində nəzəri və praktik dərslər paralel keçirilir. İxtisas müəllimi nəzəri bilikləri öyrətdikdən sonra biz həmin biliklərin istehsalat təlimində tətbiqinə şərait yaradırıq.
Məncə, əsas məsələ tələbələrin praktik bacarıqlara yiyələnməsi və bu bacarıqların əmək bazarının tələblərinə uyğun olmasıdır. Məzun qazandığı bilikləri real iş şəraitində tətbiq edə bilməli, peşəkar inkişafını davam etdirməyə hazır olmalıdır.
-Laborant-mikrobioloq ixtisasını seçən gənclərin gələcəkdə rəqabətədavamlı mütəxəssis kimi formalaşması üçün hansı bilik və bacarıqlara yiyələnməsi vacibdir?
-Laborant-mikrobioloq ixtisası üzrə təhsil alan tələbələr ətraf aləmdə baş verən kimyəvi hadisələri, mikroorqanizmləri, onların faydalı və zərərli xüsusiyyətlərini, eləcə də yarada biləcəkləri fəsadları tanımalıdırlar. Qida təhlükəsizliyində, gigiyena sahəsində mikroorqanizmlərin rolunu bilmələri, müxtəlif laborator müayinələrin aparılması və nəticələrinin qiymətləndirilməsi barədə məlumatlı olmaları vacibdir.
Bununla yanaşı, laboratoriya avadanlıqlarından düzgün istifadə etməyi öyrənməli, müasir dövrün tələblərinə uyğun rəqəmsal bacarıqlarını da inkişaf etdirməlidirlər. Bütün bu bilik və bacarıqlar bir-birini tamamlayır. Real həyat nümunələrindən istifadə etmək və tələbələrə fərdi yanaşmaq da onların seçdikləri peşəyə marağını artırmağa kömək edir.
-Nigar müəllim, siz müəllimlərin işə qəbulu imtahanı üçün laborant ixtisası üzrə test suallarının hazırlanmasında ekspert kimi iştirak etmisiniz. Bu təcrübə həmin ixtisas üzrə mütəxəssislərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı hansı qənaətlərə gəlməyinizə səbəb oldu?
-Ötən il müəllimlərin işə qəbulu üzrə test suallarının hazırlanmasında ekspert kimi iştirak etmişəm. Laborant ixtisası üzrə 20 sual tərtib etmişdim. Bu təcrübə məndə belə bir qənaət yaratdı ki, müəllimlərin işə qəbulu zamanı praktik yönümlü tapşırıqlara daha çox üstünlük verilməlidir. Sualları hazırlayarkən də əsas diqqət yetirdiyim məqamlardan biri bu oldu.
Çünki peşə təhsilində çalışan müəllim yalnız nəzəri biliklərə deyil, həm də praktik bacarıqlara malik olmalıdır. O, öyrətdiyi bilikləri praktikada tətbiq etməyi bacarmalı və bu bacarıqları tələbələrinə də aşılaya bilməlidir.
-Peşə təhsili üzrə “Kimyəvi əsaslar” və “Kimyəvi təmizləmə operatoru” ixtisaslarına aid tədris modullarının hazırlanmasına dair rəy vermisiniz. Tədris modulları hazırlanarkən əsas diqqət yetirilməli olan məqamlar hansılardır?
-Tədris modullarının hazırlanmasında ilk növbədə kurikulumların, yəni təhsil proqramlarının düzgün tərtib olunmasına diqqət yetirilməlidir. Bu proqramlar təhsil müddətinə uyğun olaraq birillik, ikillik və üçillik hazırlanır. Ötən illərdə laborant-mikrobioloq ixtisası üzrə kurikulumun hazırlanmasında da yaxından iştirak etmişəm.
Tədris modulları həmin kurikulumları əhatə etməli, təlim nəticələri dəqiq müəyyənləşdirilməlidir. Eyni zamanda, təlim nəticələrinə uyğun qiymətləndirmə meyarları seçilməlidir. Qiymətləndirmə meyarları təlim nəticələri ilə uzlaşmalı və müvafiq modulun məzmununu tam əhatə etməlidir.
-Türkiyənin Ege Universitetində keçirilən beynəlxalq peşəkar təlim proqramında da iştirak etmisiniz. Bu təcrübə sizə hansı yeni bilik və bacarıqları qazandırdı? Öyrəndiklərinizi peşə təhsili prosesində necə tətbiq edirsiniz?

-Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyinin dəstəyi ilə bu proqrama seçildik. Mərkəzimizdən üç müəllim iştirak edirdi. Bu layihədə iştirakımıza şərait yaratdığı üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib müəllimə xüsusi təşəkkürümü bildirirəm.
Türkiyənin tanınmış ali təhsil müəssisələrindən biri olan Ege Universitetində iki həftəlik təcrübə proqramında iştirak etdik. Proqram çərçivəsində müxtəlif kafedra və bölmələrdə olduq, praktik yönümlü tapşırıqların icrasında iştirak etdik. Süd və ət məhsulları, torpaq və bitki yetişdirilməsi istiqamətlərində təcrübə qazandıq. Bu müddətdə müxtəlif praktik bacarıqlarla tanış olduq və qazandığımız bilikləri öz dərslərimizdə tətbiq etməyə çalışırıq.
Türkiyədən qayıtdıqdan sonra ixtisasımıza uyğun hesab etdiyimiz avadanlıqların siyahısını rəhbərliyə təqdim etdik. Həmin avadanlıqların mərkəzimizdə olması tələbələrin praktik bacarıqlarının inkişafına mühüm töhfə verə bilər. Hazırda bu istiqamətdə işlər mərhələli şəkildə həyata keçirilir.
-İstehsalat təlimi ustası kimi fəaliyyətə başladığınız dövrlə müqayisədə bu gün müəllimliyə münasibətinizdə nələr dəyişib? İllər ərzində özünüz üçün hansı mühüm nəticələrə gəlmisiniz?
-İllər ərzində özümü müəllim kimi xeyli inkişaf etdirdiyimi düşünürəm. Bunu, xüsusilə, hazırladığım açıq dərsləri müqayisə edərkən daha aydın görürəm. Mərkəzdə bir neçə açıq dərsim olub. İlk hazırladığım dərslərlə ötən il və bu il keçirdiyim dərsləri müqayisə edəndə öz inkişafımı görürəm. Bəzən əvvəlki dərs nümunələrimə nəzər salıb düşünürəm ki, o vaxt dərsləri nə qədər sadə hazırlayırmışam.
İndi yeni təlim metodlarından və müasir tədris üsullarından istifadə edərək dərslərimi daha maraqlı, interaktiv və rəqəmsal formada təşkil edə bilirəm. Əvvəlki illərlə müqayisədə həm pedaqoji bacarıqlarımın, həm də tədrisə yanaşmamın əhəmiyyətli dərəcədə inkişaf etdiyini görürəm. Düşünürəm ki, müəllim daim öyrənməli, öz üzərində işləməli və yeniliklərə açıq olmalıdır.
-Tələbənin peşə öyrənməsi ilə yanaşı, özünəinam qazanması da vacibdir. Öz bacarıqlarına şübhə edən və ya gələcəyinə inamı az olan tələbələrə necə dəstək olur, onları necə motivasiya edirsiniz?

-Mən tələbələrimə hər zaman deyirəm ki, ilk növbədə özümüzə inanmalıyıq. Əgər özümüzə “Mən bunu bacarıram” desək, qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün daha inamla çalışarıq. “Mən bacarmaram”, “Mən bunu edə bilmərəm” kimi fikirləri özümüzdən uzaq tutmalıyıq. Mən özüm də bu düşüncə ilə hərəkət edirəm və bunu tələbələrimə aşılamağa çalışıram.
Onlara deyirəm ki, dərslərdən və çətinliklərdən qorxmasınlar. Məktəbə gəldikləri və günün sonunda buradan ayrıldıqları zaman özlərinə bir sual versinlər: “Mən bu gün nə öyrəndim, nə qazandım?” Hətta hər dərsdən sonra özlərindən soruşmalarını tövsiyə edirəm ki, həmin dərs onlara nə verdi.
Tələbələrə uğursuzluqdan qorxmamağı, öz bacarıqlarına inanmağı və qarşılarına məqsəd qoymağı öyrətməyə çalışıram. Onlara, həmçinin, təhsil sahəsində sağlam rəqabət aparmağı tövsiyə edirəm. Deyirəm ki, bir-birinizlə rəqabət aparın, amma bu rəqabət bilik və uğur qazanmaq uğrunda olsun. Düşünürəm ki, belə yanaşma onların daha çox çalışmağına və inkişaf etməsinə kömək edir.
-Bu gün yenidən ixtisas seçimi qarşısında qalsaydınız, yenə kimya sahəsini və müəllimliyi seçərdinizmi? Seçiminizin əsas səbəbi nə olardı?
-Bəli, bu gün yenidən seçim qarşısında qalsaydım, yenə müəllimliyi seçərdim. Təxminən 10 illik fəaliyyətim ərzində bu qənaətə gəlmişəm ki, öyrətməkdən zövq alıram.
Artıq tələbələrimin mövzunu anlayıb-anlamadığını onların mimikasından, baxışlarından belə hiss edə bilirəm. Əgər tələbənin mövzunu başa düşmədiyini görürəmsə, onu anlayana qədər izah etməyə çalışıram. Düşünürəm ki, bəlkə də tələbə öyrənmək istəmir yox, sadəcə mən mövzunu ona uyğun üsulla izah edə bilməmişəm. Buna görə də fərqli yanaşma yolları axtarıram.
Əgər dərs zamanı hansısa mövzunu tələbəyə mənimsədə bilməmişəmsə, evə gedəndən sonra həmin məsələ üzərində düşünür, başqa izah üsulları tapmağa çalışıram. Öz-özümə sual verirəm ki, bu mövzunu tələbəyə daha asan və anlaşıqlı şəkildə necə öyrədə bilərəm. Mənim üçün əsas məsələ tələbənin öyrənməsi və qazandığı bilikləri tətbiq edə bilməsidir.
-Tələbənin mövzunu mənimsədiyini və qazandığı bilikləri nümayiş etdirdiyini görmək müəllim üçün xüsusi məmnunluqdur. Sizin üçün bu hiss nə ifadə edir?
-Tələbəyə mövzunu öyrədə bildiyimi görmək mənə böyük zövq verir. Tələbə öyrətdiklərimi düzgün cavablandıranda, qazandığı bilikləri nümayiş etdirəndə özümlə və müəllimliyimlə fəxr edirəm. Mənim üçün ən böyük məmnuniyyət tələbənin öyrənməsi və onun inkişafına töhfə verə bilməyimdir.
-Laborant-mikrobioloq ixtisasını seçmək istəyən, lakin bu sahənin çətin olduğunu düşünərək tərəddüd edən gənclərə nə tövsiyə edərdiniz?
-İlk növbədə, onlara çətinliklərdən qorxmamağı tövsiyə edərdim. Eyni zamanda, bu ixtisasın mahiyyətini, hansı bilik və bacarıqları qazandırdığını, həmin biliklərin real həyatda necə tətbiq oluna biləcəyini izah etməyə çalışardım. Praktik nümunələr gətirməklə gənclərdə bu sahəyə maraq oyatmaq mümkündür.
Məsələn, onlara ətraf mühitdə baş verən hadisələri, mikroorqanizmlərin həyatımızdakı rolunu, onların faydalı və zərərli xüsusiyyətlərini izah edərdim. Mikroorqanizmlərin insan həyatında və təbiətdə nə qədər mühüm rol oynadığını göstərən nümunələr gətirərdim. Çünki mikroorqanizmlər olmasaydı, həyatın indiki formada mövcudluğu mümkün olmazdı.
Düşünürəm ki, real həyatdan götürülmüş belə nümunələr gənclərin ixtisasa marağını artırar və onlara bu sahənin əhəmiyyətini daha yaxşı anlamağa kömək edər. Əsas məqsədim onların peşəni yalnız nəzəri biliklər toplusu kimi deyil, gündəlik həyatımızla sıx bağlı olan, öyrənilməsi maraqlı bir sahə kimi görmələrinə nail olmaqdır.