Sentyabrın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə tanınması imtahanında iştirak edən 202 namizəddən yalnız 30-u keçid balını toplayıb.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin III rübü üzrə elektron bülletenində öz əksini tapıb.
TKTA-nın təqdim etdiyi göstəricilərə əsasən, imtahanda 19 ixtisas üzrə namizədlər iştirak edib. İştirakçıların təxminən 15 faizinin imtahandan uğurla keçib.
İxtisaslar arasında ən çox müraciət hüquqşünaslıq üzrə qeydə alınıb. Belə ki, bu ixtisas üzrə imtahana qatılan 86 namizəddən 14-ü keçid balını toplayıb, 72 nəfər isə uğursuz nəticə göstərib.
Nəticələr digər ixtisaslar üzrə də fərqlənib. Yanğın təhlükəsizliyi mühəndisliyi üzrə iştirak edən 43 namizəddən yalnız biri uğurlu nəticə əldə edib. Dəniz naviqasiyası mühəndisliyi üzrə 13 nəfərdən 5-i, xarici dil müəllimliyi üzrə isə 9 nəfərdən 5-i imtahandan keçib.
Gəmi energetik qurğularının istismarı mühəndisliyi üzrə 4 namizəddən 2-si, ekologiya mühəndisliyi üzrə isə imtahanda iştirak edən yeganə namizəd keçid balını toplayıb.
Statistikaya əsasən, Rusiya Federasiyasında təhsil almış 88 namizəd imtahanda iştirak edib. Onlardan 13-ü keçid balını toplayıb, 75-i uğursuz nəticə göstərib.
Ukraynada təhsil almış 69 namizəddən isə yalnız 5-i imtahandan uğurla keçib, 64 nəfər tələb olunan nəticəni əldə edə bilməyib.
Türkiyədə təhsil alan 24 namizəddən 9-u keçid balını toplayıb. Bu, həmin ölkə üzrə iştirakçıların təxminən 38 faizinin uğurlu nəticə göstərməsi deməkdir. Belarusda təhsil almış 11 namizədin heç biri imtahandan keçə bilməyib.
Ali təhsil müəssisələri üzrə göstəricilərdə də diqqətçəkən fərqlər var. Ukrayna Milli Mülki Müdafiə Universitetindən imtahanda iştirak edən 30 namizəddən yalnız biri uğurlu nəticə göstərib. Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universitetindən iştirak edən 15 namizədin isə heç biri keçid balını toplaya bilməyib.
Bununla yanaşı, Voljski Dövlət Su Nəqliyyatı Universitetindən imtahanda iştirak edən 10 namizəddən 6-sı uğurlu nəticə əldə edib.