Azedu.az

Müəllim sinfə təkcə biliklə gəlmir - Xarici görünüşün görünməyən TƏRƏFİ

AzEdu Təhsil Platforması

16 Oktyabr 2026, 13:36
Müəllim sinfə təkcə biliklə gəlmir - Xarici görünüşün görünməyən TƏRƏFİ

Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsil mühitində vahidlik və nizam-intizamın qorunması baxımından mühüm hesab olunur.

Şagirdlərin vahid məktəbli forması geyinməsi artıq geniş yayılmış təcrübə olsa da, müəllimlər üçün də eyni yanaşmanın tətbiqi birmənalı qarşılanmır.

Belə ki, bəzi müəllimlər vahid geyim qaydasını dəstəklədiyi halda, digərləri bunun onların şəxsi seçimlərinə və geyim azadlığına məhdudiyyət yaradacağını düşünür.

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Ağdaş rayonu Cavanşir Şirinov adına Hüşün kənd ümumiorta ümumtəhsil məktəbinin müəllimi Əsmər Bayramova qeyd edib ki, məktəb podium deyil, müəllim də öz geyimi ilə deyil, biliyi və şəxsiyyəti ilə seçilməlidir:

191315

“Müəllimin geyimi sadəcə şəxsi seçim deyil, həm də onun peşəkar kimliyini, məsuliyyətini və təmsil etdiyi dəyərləri əks etdirən amillərdən biridir.

Biz müəllimlər təkcə şagirdlər üçün deyil, hətta deyərdim ki, bütün cəmiyyət üçün bilik mənbəyi olmaqla yanaşı, davranışımız, danışığımız, dünyagörüşümüz və xarici görünüşümüzlə də nümunəyik. Buna görə də müəllimin geyimində sadəlik, səliqə, zövq və peşə etikasına uyğunluq əsas meyarlar olmalıdır.

Vahid geyim formasına gəlincə, məncə, bu məsələyə yalnız məhdudiyyət kimi baxmaq düzgün deyil. Əgər məqsəd müəllimlər arasında zahiri fərqləri azaltmaq, məktəb mühitində vahid peşəkar üslub yaratmaq və diqqəti geyimdən tədrisə yönəltməkdirsə, bu yanaşmanın müsbət tərəfləri var. Lakin vahidlik müəllimin fərdiliyini və özünəməxsusluğunu aradan qaldırmaq anlamına gəlməməlidir. Əsas məsələ müəllimin peşə etikasına uyğun geyinməsini təmin etməkdir.

Mənim üçün əsas prinsip budur: məktəb podium deyil, müəllim də öz geyimi ilə deyil, biliyi və şəxsiyyəti ilə seçilməlidir.

Bir anlıq düşünüb nəzərə alsaq ki, cəmiyyətdəki hər bir peşənin arxasında bir müəllim dayanır, həmin peşə sahibləri də öz müəllimlərindən öyrəndiklərini rəhbər tutaraq həyatda irəliləməyə çalışırlar. Bu baxımdan, geniş kütləyə təsir edən peşə sahibləri kimi, sağlam cəmiyyət naminə bizim örnək olmağımız vacibdir. İstər geyimimizlə, istər düşüncəmizlə, istərsə də davranışımızla…”.

TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr
Son xəbərlərDaha çox