Azedu.az

Distant forma təhsili tamamilə dəyişəcək - Nə etməli? 

Araşdırma

15 Oktyabr 2026, 17:35
Distant forma təhsili tamamilə dəyişəcək - Nə etməli? 

Cəmiyyətin informasiyalaşması, dünyada gedən qloballaşma prosesləri yeni təhsil tələbləri – distant təhsil (DT) modelini formalaşdırır. Bu modelin əsasını dünya, cəmiyyət, insan idrakı və təhsilin dinamikliyi, “ömürlük təhsildən” “ömürboyu təhsil” prinsipinə keçid ideyası təşkil edir. DT modeli informasiya cəmiyyətinin inkişaf və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşma şəraitində informasiya cəmiyyətinin təhsil sistemi qarşısında qoyduğu təxirə salınmaz tələblərdən biridir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları sürətlə DT sisteminə inteqrasiya olunur, vahid təhsil məkanı yaranır, müasir modellərin prosesə tətbiqi günün tələbinə çevrilir.

Texnoloji tərəqqinin təsiri altında təhsil prosesi təkcə texnologiya və bilik mübadiləsi üçün deyil, eləcə də sərmayə qoyulması və bazar münasibətlərinin həyata keçirilməsi üçündür.

Məhz bu mənada distant təhsilin prioritetləri açıq-aşkardır, onun inkişafı aşağıdakı proseslərlə əks olunan təhsil sistemi üçün xüsusi əhəmiyyət kəsb edir:

-təhsil prosesində yeni münasibətlər yaradan iqtisadi islahatların davamlılığı;

-yeni texnologiyalar və müasir təhsil kontekstində əhalinin yeni tələbatlarının formalaşması;

-təhsil prosesinin iştirakçıları arasında verilənlərin mübadiləsini təmin edəcək yeni texniki imkanların yaradılması və inkişaf etdirilməsi.

Bəs, ölkəmizdə bu tədris formasının  daha əlçatan, faydalı  və praktiki olması üçün hansı addımlar atılmalıdır?

Öncə bir daha deyək ki, təəssüf ki, bizdə distant tədris forması qanunvericiliklə müəyyənləşməyib. Nə orta ümumtəhsil seqmentində, nə də ali təhsildə onun tətbiqi qanunla dəstəklənmir. Üstəlik,  xarici universitetlərdə distant formada tədris keçən şəxslərin də aldıqları diplomlar etibarlı sayılmır.

Çağdaş dövr isə özünün texnoloji imkan və sürətli dəyişimi ilə distant təhsil bazarının yaxın gələcəkdə nə dərəcədə inkişaf edəcəyini hər gün bizə nümayiş etdirməkdədir. Bu səbəbdən də çox yaxın gələcəkdə distant tədrisin ölkəmizdə də  aparıcı təhsil formalarından olacağına qəti şübhə yoxdur. Bu səbəbdən gecikmədən, distant tədris mərkəzlərinin saylarının artırılması vəziyyətin stabilləşməsinə yardımçı olar. DTM-lər həm ETN tabeliyində, həm də ayrı-ayrı universitetlərin bazasında qurulmaqla bu istiqamətdəki kadr, metodiki və təşkilati boşluqları aradan qaldıra bilər.

Üstəlik, Danimarka,  Cənubi Koreya, ABŞ, eləcə də Sinqapur kimi ölkələrin distant təhsilin tətbiqində etdikləri bir sıra yeniliklər Azərbaycan məktəblərində də tətbiq ediləcəyi təqdirdə bizlər üçün çox faydalı olacaqdır. Çünki adıçəkilən ölkələr hələ bir neçə il bundan əvvəl distant təhsilin metodologiyasını, onun  nəzəri və praktiki əsaslarını hazırlamış, dərs prosesində də uğurla tətbiq etmişdilər.

Məsələn, distant dərsin neçə dəqiqə təşkili, istirahət üçün nə qədər zaman diliminin ayrılması, psixoloji ayrıntılar, müəllimin onlayn dərsə necə start verməsi və s.kimi elementlər öz əksini tapıb.

Müəllimlərimizin sırf bu metodları öyrənməkdən ötrü seminar və təlimlərdə iştirakı distant tədrisin elementlərini bizim üçün də əlçatan edəcəkdir.

Təhsillə bağlı rəsmi hüquqi sənədlərdə distant tədrislə bağlı hər hansı qərar öz təsdiqini tapdıqda cəmiyyətin buna nə dərəcədə ehtiyaclı olacağını çox keçmədən göstərəcəkdir. İstər hazırda parlamentin müzakirəyə çıxardığı qanun layihələrindən olan “Ali Təhsil” Haqqında qanunda distant təhsillə bağlı əlavələrin edilməsi hər kəs tərəfindən səbirlizliklə gözlənilməkdədir.

Nə etməliyik?

Burada belə bir sual ortaya çıxır: Distant təhsil indiki dövrdə, süni intellekt erasında  onsuz da gec-tez əsas təhsil formasına çevriləcək. (Bu mənada onunla rəqabət apara biləcək yeganə forma – hibrid təhsil formasıdır ki, onun da yarısı məhz distant hissədən ibarətdir) Elə olduğu halda biz distant təhsilin əsas lokomotivə çevrildiyi zaman tələblərinə necə cavab verəcəyik və ən əsası bundan ötür nə etməliyik?

Öncə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  tərəfindən distant təhsil formasının metodiki əsasları işlənilməlidir. Həmçinin, bu formanın daha faydalı təşkili üçün Rəqəmsallaşma Strategiyası hazırlanması  müəllim-texniki heyətin bu istiqamətdəki iş mexanizmi həmin strategiyaya əsasən tətbiq olunması arzuediləndir.

“Ali təhsil haqqında” Qanun layihəsinin qəbulu zamanı orada distant tədrislə bağlı elementlərin öz əksini tapması vacibdir. Distant tədrisin pilot olaraq magistratura səviyyəsi üzrə tətbiqi daha prioritetdir. Hazırda adıçəkilən qanun layihəsi istiqamətində işlər aparılır və hansı yeniliklərin olacağı ictimaiyyətə tam bəlli deyil.

Bütün universitetlərin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisnadır) bazasında distant tədris mərkəzi  yaradılmalı və ATM bununla bağlı  hüquqi öhdəlik daşımalıdır. Çox təəssüf ki, bizdə yalnız bir neçə universitetdə distant tədris mərkəzi vardır. UNEC nümunəsi isə burada digərlərinə örnək olmalıdır. UNEC-in tərkibindəki UNEC Ekstern (distant təhsil mərkəzi)digər ATM-lər üçün milli örnək hesab edilməli və universitetin bu istiqamətdəki təcrübə, tövsiyyələrindən istifadə olunmalıdır.

Distant təhsili uğurla tətbiq edən ölkələrin nümunələri öyrənilməli, bu istiqamətdə olan kitab və digər öyrədici vasitələr tərcümə edilərək, prosesə cəlb olunacaq müəllim və texniki heyətə verilməlidir. Azərbaycan Respublikasının Təhsil İnstitutu  bu istiqamətdə özünün fəaliyyət proqramınının olması çox vacibdir.

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Türkiyədən Azərbaycanla bağlı daha bir biabırçı açıqlama
Son xəbərlərDaha çox